Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3121/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan aldığı 2000 manat məbləğində pulun, cavabdehə verdiyi etibarnaməyə görə ona (iddiaçıya) ödədiyi 11,50 manat və 30 manat dövlət rüsumunun tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh ondan aldığı 2000 manat məbləğində pulun, cavabdehə verdiyi etibarnaməyə görə ona (iddiaçıya) ödədiyi 11,50 manat və 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 200 manatın tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, Səbail rayon ərazisində usta işləyir, o, işdə olan zaman həmin yerdə müvəqqədi işləyən, qiyabi tanıdığı Şəhriyar adlı şəxslə aralarında olan söhbət zamanı sosial evlərdən mənzil almaq istədiyini bildirmişdir. Həmin vaxtı Şəhriyar Emil adlı vəkil tanışının olduğunu, sosial ev almaq üçün ona hüquqi yardım göstərə biləcəyini demişdir. Şəhriyardan onun telefon nömrəsini götürüb 2019-cu ilin təxminən dekabr ayında Emil adlı “vəkilə” zəng vurub ona sosial evlərdən mənzil almaq istədiyini və sosial ev almaq üçün iddiaçıya ev düzəldə biləcəyini soruşmuşdur. Sonradan ona məlum olmuşdur ki, heç Emil vəkil deyil və iddiaçını aldadaraq ondan etibarnamə almışdır. Onun iddiaçıya hüquqi yardım göstərməyə belə səlahiyyəti olmamışdır. Lakin aldanaraq ona 25 dekabr 2019-cu il tarixdə etibarnamə vermişdir. Əslində sonradan iddiaçıya məlum olmuşdur ki, bu etibarnamə hüquqi yardım üçün nəzərdə tutulmamışdır. 2017-ci ildə nümayəndəlik institutu ləğv olunmuş və hüquqi yardım göstərmək üçün yalnız vəkillərin xidmətindən istifadə etmək mümkün olmuşdur. Buna baxmayaraq Emil vəkil adından qanunsuz istifadə edərək iddiaçının pulunu mənimsəmişdir. Belə ki, Cavabdeh ilə ilk dəfə Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində görüşmüşlər. Orada oturub söhbət edərkən Cavabdeh sosial evlərdən mənzil alan şəxslərə 10000 manata həll etdiyini, ona isə hörmət olaraq Şəhriyar adlı şəxsə görə 5000 manata həll edəcəyini bildirmişdir. Sonradan iddiaçıdan müəyyən sənədləri istəmişdir. Aralarında olan razılaşmaya görə sənədləri ona vermiş, həmçinin ona 5000 manatı hissəhissə verəcəyini demişdir. Emil iddiaçı ilə razılaşmış, sənədləri müxtəlif şəxlərə göstərəcəyini bildirmişdir. Həmin vaxtı Emilə, tanışlarının yanında 1000 (bir min) manat nəğd pul vermişdir. Daha sonra 25 dekabr 2019-cu il tarixdə ona Notariat Kontorunda etibarnamə vermişdir. Bir ay sonra Emil Sosial Evlərin müdirinin yanına getməli olduğunu bildirərərk, əli boş gedə bilməyəcəyini və əlavə olaraq ona pul verməyini bildirmişdir. Bundan sonra iddiaçı Emilin hesabına müxtəlif vaxtlarda MİLLİÖN vasitəsi ilə 500 manat, təxminən biraz sonra 300 manat, bundan bir həftə sonra isə 200 manat pul göndərmişdir. Bununla da Emilə ümumilikdə 2000 manat məbləğində pul vermişdir. Daha sonra Emil müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamış və buna görə o polisə şikayət etmək məcburiyyətində qalmışdır. Lakin Sabuncu RPİ-nin 13-cü polis bölməsində aparılmış araşdırma nəticəsində tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd olunmuşdur. Cavabdeh polis bölməsində verdiyi izahatında 2000 manat məbləğində pulu iddiaçıdan aldığını etiraf etmişdir. Lakin o, pulun qaytarılmasını bildirsə də, aldığı 2000 manat məbləğində pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR-İ 943758 saylı 25.12.2019-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh idarələrdə, təşkilatlarda, dövlət və kommersiya müəssisələrdə, notariat ofislərində və s., bütün işləri etməyi barədə etibarnamə verilmişdir. Həmin etibarnamənin üzərində ödəniş kimi 11.5 manat sözləri yazılmışdır. İş materiallarına əlavə edilmiş 28.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Hazırda iddiaçı Cavabdeh 2000 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, 11.50 manat etibarnaməyə görə ödənilmiş pulun və 200 manat nümayəndəyə ödənilən xərcin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə tərəfin verdiyi izahatdan və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən sosial ev almaq məqsədilə Cavabdeh 2000 manat pul vəsaiti verilmişdir. Cavabdeh tərəfindən həmin pulun iddiaçıdan alınması öz izahatı ilə təsdiq olunsa da, həmin pulun iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi əsas olmadan başqa şəxsdən pul vəsaitini götürərək qanunsuz olaraq qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərini dövlət rüsumu 30 manat, etibarnaməyə görə ödənilən xərc 11.50 manat və nümayəndəyə ödənilən xərc 200 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat pul vəsaiti, 30 manat dövlət rüsumu, 11.50 manat etibarnaməyə görə ödənilmiş və 100 manat ağlabatan məbləğdə nümayəndəyə ödənilən xərc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu, 11.50 (on bir manat, əlli qəpik) manat etibarnaməyə görə dövlət rüsumu və 100 (yüz) manat nümayəndəyə ödənilən xərc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3121/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3121/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver