Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3124/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı “X5” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1051 (bir min əlli bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X5” MMC iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2016-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. 23.01.2019-cu il tarixində öz ərizəsi əsasında 038-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.06.2018-ci il tarixində OBA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 29.08.2017 və 01.06.2018-ci. il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 8072 (səkkiz min yetmiş iki) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 6584 (altı min beş yüz səksən dörd) manat güzəşt edilmiş və 435 (dörd yüz otuz beş) manat şirkətdən alacağı vəsait hesabına qarşılanıb. Qalıq borc 1051 (bir min əlli bir) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1051 (bir min əlli bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi formada təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cəmiyyət üzrə 11.11.2016-cı il tarixli 015-K saylı əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 23.06.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh tərəfindən verilmiş 23.01.2019-cu il tarixli ərizəyə əsasən, Cavabdeh 23.01.2019-cu il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. - Cəmiyyət üzrə 23.01.2019-cu il tarixli 038-K saylı əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh 23.01.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. - X3 haqqında müqavilədən göründüyü kimi Cavabdeh «X5» MMC qarşısında adminisrator vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X3lə öz üzərinə götürmüşdür. - 23.01.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh «X5» MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. - 29.08.2017-ci il tarixdə Oba mağazasında inventarizasiya aparılmışdır. - 27.10.2017-ci il tarixli inventarizasiya Nəticələrinə” dair Akta və iltizamnaməyə əsasən yekun ziyan məbləği 3665,87 manat olmuşdur. - 25.12.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 29.08.2017 və 01.06.2018-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ümumi olaraq 8071.27 (səkkiz min yetmiş bir manat 27 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 6584.87 (altı min beş yüz səksən dörd manat 87 qəpik) AZN Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 435.68 (dörd yüz otuz beş manat 68 qəpik) AZN hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 1050.72 (8071.27-7020.55) AZN borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borc məbləğini 3 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri olmuşdur. Cavabdehin əmək vəzifələrinə iddiaçı MMC-nin mağazasında satışın təşkili ilə yanaşı, həmçinin malların dövriyyəsinə nəzarət etmək də daxil olub. Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən
1. əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;... Həmin Məcəllənin 192-ci maddəsinə əsasən
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Sadalanan qanun normalarının tələblərinə istinad edərək məhkəmə hesab edir ki, hazırkı iddia qiyabi formada təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1051 (bir min əlli bir) manat ziyan məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.3-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehin yeri məlum olmadığından, habelə iddiaçı tərəf işə qiyabi icrat qaydasında baxılmasına etiraz etmədiyindən işə qiyabi icraat qaydasında baxılmalıdır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına vurulmuş ziyana görə Cavabdeh ödənilməmiş 1051 (bir min əlli bir) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva