Məhkəmə qərarları › İş №2(010)-3140/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3140/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3140/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.06.2016-cı il tarixli 2(010)-6613/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 (bir yüz əlli) manat məbləğində alimentin məbləğini artıraraq Cavabdeh ayda 300 (üç yüz) manat məbləğində pul tutulub 16.12.2008-ci ildə doğulmuş Qocayeva Sədaqət Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 07.09.2007-ci il tarixdə faktiki ailə qurmuş, nikahlarını isə 16.09.2009-cu il tarixdə rəsmi qeydiyyatdan keçmişlər. Cavabdehlə birgə nikahından 16.12.2008-ci ildə Sədaqət adlı qızı doğulmuşdur. Həmin uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdehlə evləndiyi ilk vaxtlarda münasibətləri normal olsa da, sonralar cavabdehin ailəyə baxmaması, ailənin hər hansı bir, istər maddi, istər sə də mənəvi ehtiyacları ilə maraqlanmaması, ona və uşağa qarşı məsuliyyətsiz olması və bu səbəblərdən də xasiyyətlərinin uyğunlaşmaması ilə əlaqədar həmin münasibətlər tamamilə pozulmuşdur. Cavabdehlə aralarındakı nikah Suraxanı Rayon Məhkəməsinin 02.11.2010-cu il tarixli 2(010)-2258/2010 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan cavabdehlə aralarında heç bir ər-arvad münasibətləri yoxdur. Qazax rayon Məhkəməsinin 11.02.2013-cü il tarixli 2(023)-197/2013 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək Cavabdeh 11.01.2013-cü ildən başlayaraq ayda 100 (bir yüz) manat məbləğində pul tutulub 16.12.2008-ci ildə doğulmuş Sədaqətin yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 28.06.2016-cı il tairxli 2(010)- 6613/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 16.12.2008-ci ildə doğulmuş Qocayeva Sədaqət Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Qazax rayon Məhkəməsinin 11.02.2013-cü il tarixli 2(023)-197/2013 saylı qətnaməsi əsasında tutulan 100 manat alimentin məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Qızı Sədaqət artıq 13 yaşındadır və Qazax rayonunda 7-ci sinifdə təhsil almaqla 4 fənn üzrə repititor yanına gedir. Sədaqət göz xəstəliyində əziyyət çəkir, onun görmə qabiliyyəti zəifdir. Daimi müalicə, müayinə və eynəyə ehtiyacı vardır. Sədaqətin maddi ehtiyacları həddindən artıqdır. Özü onkoloji xəstəlikdən əziyyət çəkir, dəfələrlə cərrahi əməliyyatlar olmuşdur. Cavabdeh qızının maddi ehtiyacları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Cavabdeh torpaq sahəsinin alqı-satqısı, evlərin, villaların, tikilməsi və alqısatqısı ilə məşğul olur. İş fəaliyyəti ilə təkcə Bakı şəhərində deyil Respublikanın bir neçə rayonunda məşğul olur. "xxxx"MMC deylən ailə şirkətləri vardır, əvvəllər həmin şirkətdə direktor müavini işləyib. Sonradan aliment öhdəlindən azad olması üçün, həmin şirkətdə vergidən yayınmaq üçün əmək müqaviləsi olmadan işləyir. Aylıq qazancı kifayət qədərdir, maddi vəziyyəti olduqca yaxşıdır. Hesab edir ki, Cavabdeh ayda 300 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. İddiaçının izahatları 02.07.2021-ci il tarixdə İddiaçı teleqramı məhkəməyə daxil olmuş və iddiaçı həmin teleqramda mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 09.12.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 16.12.2008-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon məhkəməsinin 2(010)-2258/2010 saylı 02.11.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə Qocayeva (Çobanova) Elminaz Zarif qızı arasında Abşeron rayon Qeydiyyat Şöbəsi 16 sentyabr 2009-cu il tarixdə 573 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları 16 dekabr 2008-ci il təvəllüdlü X1 anası Qocayeva (Çobanova) Elminaz Zarif qızının yanında qalması qət edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-6613/2016 saylı 28.06.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, 16.12. 2008-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Qazax rayon məhkəməsinin 2(023)-179/2013 saylı, 11.02.2013-cü il tarixli qətnaməsi əsasında tutulan 100 (bir yüz) manat alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27.07.2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçı aliment məbləğinin artırılmasını və cavabdehdən 16.12.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, 16.12.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat məbləğində alimentin tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-6613/2016 saylı 28.06.2016-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlirə sahib olmasını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, 2021-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi, saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay 175 (yüz yetmiş beş) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-6613/2016 saylı 28.06.2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 16.12.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar