Məhkəmə qərarları › İş №2(010)-3142/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3142/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3142/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulunun və dövlət hesabına ödədiyi 106 (bir yüz altı) manat pulun tutulması. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh oglu ilə işlə əlaqədar olaraq tanış olmuşdur. Belə ki, 2020-ci il tarixdə İsmayıllı rayonunun Gəndo adlanan kənd orta məktəbinin tikintisi nəticəsində o, həmin sahənin baş mütəxəssisi olaraq və iddiaçının da həmin sahəyə inşaat materialları apardığını görərək onunla sıx əlaqə saxlamaqla öz çirkin əməlləri nəticəsində onu ziyana salmışdır. Cavabdehə öz şəxsi avtomobili ilə yük daşımışdır. İddiaçının İsmayıllı rayon ərazisində inşaat materialları maqazinində olan etibarını görən şəxs ondan sui-istifadə edərək, 8500 (səkkiz min beş yüz) manatlıq inşaat materiallarının işlədiyi yerə gətirməsini xahiş etmişdir. İddiaçı da həmin materialları dostu həmyerlisi X1 alaraq bu yerə Kamaz sürücüsü kimi aparmışdır. Lakin Cavabdeh oglu həmin inşaat materiallarının pulunu ödəmək əvəzinə müxtəlif bəhanələr gətirməklə həftələrlə iddiaçıya yalandan söz vermişdir. Sonunda isə iddiaçını aldatmışdır. Cavabdeh oglu iddiaçını aldatdığından iddiaçı etibarını itirməmək üçün həmin pulu ödəmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, Zauru tanıyır. 30 ildir ki, bir kənddə böyümüşlər. O, qardaşı ilə dükan işlədirdi. Zaur zəng vurdu ki, nisyə material lazımdı, o da demişdir ki, onda material yoxdur. O, Dərnəgül qəsəbəsində olan dostlarına zəng vurub demişdir ki, 15 günlük nisyə material versinlər. Dostları da verdilər. 60 ədəd 1.5-lik dikt, 11 kub 5.12-lik taxta verdilər. Malları Eşqin götürsə də, bunların hamısı Zaura görə olmuşdur. Çünki, Eşqini heç tanımadığından ona mal verilməsinə razılıq verməzdi. Zaur inşaat materiallarının pulunu ödəmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim olunaraq araşdırılmış telefon vasitəsilə aparılan “whatsapp” yazışmalarında aşağıdakı məzmunda və orfoqram saxlanılmaqla mətnlər yerləşdirilmişdir: “xx.xx.2021-ci ildə -Salam zaur veziyet pisdi cox ayn besi bu pulu qetrecekler qazaxdayam gurcusdana gediren dorduvqaydb gelecem vallah narahat olma xx.xx.2021-ci ildə - Andolmun allaha ayn dordu yuz fayiz veracem - Zauir bilende mene hak verecen niye bele oldu - Ayn dordu senin yandayaram ismaylda - Balam cani ayn dordu pulnan senin yandayam xx.xx.2021-ci ildə - Zaur duzelde bilmirem biraz gozle almamsa demiremki vermirem xx.xx.2021-ci ildə - səhər bazar gündü dayı nağıl danşma elə eləmə səni söyüm axrcı yalanındı bütün arxivini tanyram xx.xx.2021-ci ildə - sənə salam düşmür noldu bu da bazara mənən gunah getdi. - Bazar gunu 8 ton almatur gonderecem sene. xx.xx.2021-ci ildə - Zaur almatur yazdırmsam bir iki gune zavod verecek qarabaga sifarisderi var ona gore bir iki gune verecekler xx.xx.2021-ci ildə - Salam zaur bilirem gunahkaram biraz sebr ele yoluna qoyacam alacaq var ala bilmirem oldu neyniyim gelek olmayaydı - senin vijdanın yoxdu niye zəng etmirsən xx.xx.2021-ci ildə - Salam zaur biraz sebr ele az qalıb duzeldecem vallah neyniyim bele oldu menide pis veziyetde qoydular xx.xx.2021-ci ildə - Salam necesen dort bes gune hel olacaq bagsda xx.xx.2021-ci ildə - Valah hel elemeye calsram biraz sedr ele xais elitirem xx.xx.2021-ci ildə - Salam necesen hel olnub narahat olma xx.xx.2021-ci ildə - Zaur narahat olma az qalb duzelirmaqazini satmsam pulnu gozduyurem valah duz deyirem - Valah behni veribler” Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh 8500 manat dəyərində inşaat materiallarını istifadə və sahibliyinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının inşaat materiallarını cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə Beləlilklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 106 (bir yüz altı) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar