Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3149/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin artırılması barədə iddia tələbinin təmin edilərək, 20 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarını artıraraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə 04 oktyabr 2013-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 20 fevral 2014-cü il təvəllüdlü X3 adlı övladları vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3844/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsilə 04 oktyabr 2013-cu il tarixdə bağlanmış və 2 saylı “Bakı ASAN xidmət Mərkəzi” Qeydiyyat şöbəsinin qeyd kitabında 518 saylı aktla qeydə alınmış nikah pozulmuş və övladı 20 fevral 2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılaraq cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 ( bir yüz səkkiz) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra yenidən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciyət etmiş və Suraxanı rayon məhkəməsi alimentin miqdarını artıraraq hər ay 20 fevral 2014-cü il təvəllüdlü qızı X1 üçün 175 ( yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, cavabdehin övladının saxlanması üçün verdiyi aliment azdır, ona görə də alimentin miqdarının artırılması zərurəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(010)-3120/2018 saylı qətnaməsi ilə cavabdeh Kamı̇ lov Ramı̇ l Aydın oğlundan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdeh Kamı̇ lov Ramı̇ l Aydin oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. 6.. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2709/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası təmin edilməmişdir.
İşin faktiki halları
7. Tərəflərin rəsmi nikaha daxil olması, həmin rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması və məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halları olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz və ya mülahizəsini məhkəməyə bildirməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və xx.xx.2021-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Kamı̇ lov Ramı̇ l Aydın oğlundan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.