Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-319/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgəyaşayış qaydalarının, qonşu kimi onların Konstitusion hüquqlarının pozulması ilə nəticələnən, onların öz mənzilində normal yaşamağına maneçilik törədən hərəkətləri, qanunun tələblərini pozmaqla öz mənzilində antisanitar vəziyyətdə itlər və pişiklər saxlamaq kimi hərəkətləri etməyinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 6-də yaşayan Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını pozaraq yaşadığı mənzildə 15-dək küçə itlərini və 5-dək pişikləri mənzilində anti-sanitar vəziyyətdə saxlayır, həmin mənzildən çox pis iy gəlir, bu iy səbəbindən yaşadıqları mənzilin qapısını açıb mənzilin havasını dəyişmək olmur, həmin pis iy verən hava şəraitində mənzildə insan kimi yaşamaq mümkün olmur, burada yaşamaqları dözülməz hala gəlmişdir. Gecənin istənilən saatında həmin mənzildən eşidilən itlərin səs- küyündən mülkiyyətlərində olan mənzildə özlərinin, uşaqlarının və ailə üzvlərinin yatması və ya dincəlməsi qeyrimümkündür. Bununla da, Cavabdeh birgəyaşayış qaydalarını pozur, qonşuluq münasibətlərinə əməl etmir. Ona dəfələrlə bu hərəkətlərinə son qoyulması barədə bildirilsə də, o buna məhəl qoymur, əksinə onlara hədə-qorxu gələrək, evində qanunsuz saxladığı itləri uşaqların üstünə salacağı, onları şərləyəcəyi ilə hədələyir. Dəfələrlə şahidi olmuşlar ki, Cavabdeh gecə yarısı itləri həyətə çıxarıb gəzdirir. İtlər onun dediklərini edir, onun göstərişləri ilə hərəkət edirlər. Onlar Cavabdeh bu qanunsuz hərəkətlərindən dəfələrlə İcra Hakimiyyətinə, Polis İdarəsinə və digər orqanlara müraciət etmişlər, lakin həmin orqanlar öz vəzifələrini layiqincə yerinə yetirməmiş və Cavabdeh barəsində qanuni tədbir görməmişlər və görmək istəməmişlər. Onlar isə bu zülmün içərisində yaşamağa məcbur olmuşlar. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, qonşusu Cavabdeh birgəyaşayış qaydalarını, baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları mütəmadi olaraq pozur, onun öz mənzilində normal yaşamağa imkan vermir. Cavabdehin bu hərəkətləri barədə dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə, Suraxanı rayon Polis İdarəsinə, Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və digər orqanlara müraciət olunmuş, onlar tərəfindən edilmiş şikayətlər araşdırılmış, Cavabdeh inzibati qaydada cəzalanmışdır. Lakin o yenə də öz əməllərini davam etdirir və nəticədə blokda antisanitariya vəziyyəti hökm sürür, uşaqlar həyətə düşə bilmir və onların mülkiyyət hüquqları pozulur. Bununla bağlı bir neçə televiziya kanallarına müraciət olunmuş və onlar da həmin problemləri işıqlandırmışlar, sakinlərin şikayətlərini dinləmişlər. Lakin aidiyyəti qurumlar bununla bağlı olaraq heç bir tədbir görməmişlər. Buna baxmayaraq Cavabdeh yenə də öz evini və bloku pis vəziyyətdə saxlayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onlarla bir blokda yaşayır və öz evində həddindən artıq sayda it və pişikləri saxlayır. Bunun nəticəsində blokdan üfunət iyi gəlir və bloka girib çıxmaq mümkün deyildir. Bununla bağlı olaraq dəfələrlə bir sıra orqanlara müraciət olunmuş, televiziya kanalları tərəfindən məsələ işıqlandırılsa da, it və pişiklərin evdən çıxarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh özü müəllimədir və 64 saylı məktəbdə işləyir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, o bir ildən artıq müddətdir ki, həmin bloka köçmüşdür. Qonşusu Cavabdeh dəfələrlə kanalisaziya suyunu pəncərədən bayıra tökmüşdür. Qonşunun evində saxladığı itlər və pişiklər barəsində dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Cavabdeh buna əməl etməmiş, əksinə onlara hədə-qorxu gələrək uşaqları və onları itlərlə qorxutmuşdur. Cavabdeh gecələr zibillikdən itlər üçün yemək yığaraq blokda və evdə saxlayır, bunun nəticəsində də bloka girmək mümkün deyildir. Bundan başqa cavabdeh itlərin balasını evdə saxlayır, anasını isə gecələr evə buraxmır və nəticədə itlər bütün gecəni səhərə kimi o binanın ətrafında dolanırlar. Gecələr isə itlərin səs-küyündən yatmaq olmur. Cavabdeh hərdən itləri vurur və başqa-başqa adlarla çağırır. Bu barədə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə də müraciət etmişlər, lakin onların müraciətləri həll yolunu tapmamış, antisanitar vəziyyətdə saxlanılan it və pişiklər cavabdehin evindən çıxarılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 4727K-1222 nömrəli məktubundan müəyyən olunur ki, qeyd olunan ünvana aidiyyəti qurumun nümayəndələri ilə gedilməsinə baxmayaraq, vətəndaş Cavabdeh qapını açmamışdır. Buna baxmayaraq Cavabdeh barəsində müvafiq qanunvericiliyə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 və digərlərinə verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh Məhəmməd qızı tərəfindən birgə yaşayış qaydalarına əməl edilməyərək sanitariya-gigiyena normalarının pozulmasının qarşısının alınmasına köməklik göstərilməsi haqqında müraciətə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, qaldırdıqları məsələ ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinin 33 saylı Polis Bölməsi tərəfindən vətəndaş Cavabdeh barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda bildirilmiş ki, qonşular arasında yaranmış mübahisəli məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün məhkəmə instansiyalarına müraciət edilməsi daha məqsədəuyğundur. İş materiallarında olan İddiaçı1 və binada olan digər sakinlərin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova ünvanladığı Cavabdeh Məhəmməd qızının bu qanunsuz hərəkətlərinin obyektiv, qanuna uyğun olaraq araşdırılmasına və Cavabdeh Məhəmməd qızının haqqında qanuni tədbirlər görülməsinə göstəriş verilməsi barədə ərizə ilə müraciət etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB tərəfindən İddiaçı1 verilmiş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunanlarla bağlı aidiyyəti üzrə baxılıb tədbir görülməsi, nəticəsi barədə RİH-nə və vətəndaşa məlumat verilməsi üçün Suraxanı rayonu Gigiyena və Epidemiolojiya Mərkəzinə məktub ünvanlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Suraxanı rayon Gigiyena və Epidemiolojiya Mərkəzi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, 68 saylı MKİS-nin rəisi M.Cəfərov tərəfindən Mərkəzə daxil olan 101 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən MKİS-nin işçilər tərəfindən pilləkən qəfəslikləri zibillərdən təmizlənmiş və gələcəkdə sakinlər arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün sağlamalaşdırıcı tədbirlərin görülməsi məqsədi ilə aidiyyatı üzrə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş MN 1336716-46 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:30-da Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 143, mənzil 32 ünvanında it və pişiklərin müvafiq icra Hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə Cavabdeh Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 290.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Məhəmməd qızı Azərbaycan Respublikasının İXM-nin 290.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş 200 manat cərimə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə hazırkı mübahisənin fərdi və ictimai maraqların bir-birinə mütənasibliyi kontekstində yanaşılmaqla həll edilməli olmasını hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Konstitusiyanın 31 -ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən etmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehin özünə məxsus evdə ev heyvanları saxlamaq hüququ həmin binada yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Belə ki, "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011 -ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Həmin Qərarın 2.1-ci maddəsinə əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. Həmin Qərarın ev heyvanı saxlayan şəxslərin vəzifələrini tənzimləyən 5-ci maddəsinin tələblərinə görə ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli; 5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; 5.1.3.Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; 5.1.4. baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; 5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli; 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçılar bir-biriləri ilə qonşudurlar. Cavabdeh da onlarla bir blokda yaşayır. Lakin cavabdeh yaşadığı ünvan 6 ünvanındakı evdə ev heyvanlarının saxlanması qaydalarını pozaraq yaşadığı mənzildə saxlanılması nəzərdə tutulan saydan artıq küçə itlərini və pişikləri saxlayır. Mübahisə predmetini həmin itlərin və pişiklərin orada cavabdeh tərəfindən saxlanılması təşkil edir. İddiaçılar tələblərini onunla əsaslandırırlar ki, çoxsaylı itlərin və pişiklərin orada olması antisanitar vəziyyət yaradır, heyvanların səsi, iyi onların yaşayışını pozur, həmçinin antisanitar vəziyyətdə saxladığı üçün yolxucu xəstəliklər və heyvanların onların üzərinə hücum etmək təhlükəsi onların gündəlik həyatlarına çətinlik yaradır və onları narahat vəziyyətdə saxlayır. İşin hallarından görünür ki, cavabdeh ev heyvanlarının, eləcə də itlərin və pişiklərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməmiş, həmçinin heyvanların saxlanılması üçün müəyyən edilmiş say limitini də keçmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia qismən, yəni Cavabdeh yaşadığı ünvan 6 ünvanında saxladığı heyvanların (itlər və pişiklər) həmin evdə saxlanılması qadağan edilməlidir. Çünki, itlərin və pişiklərin həmin evdə antisanitar vəziyyətdə saxlanılması iddiaçıların yuxarıda qeyd edilən hüquqlarının pozulmasına səbəb olur. Heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə məhkəmə hesab edir ki, bu məsələ icra mərhələsində öz həllini tapmalıdır. Bununla belə, məhkəmə iddia tələbinin cavabdehə itlərin və pişiklərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməklə və antisanitar vəziyyətdə saxlanılması halları istisna olmaqla it və pişik saxlamaq kimi hərəkətlərin qadağan edilməsi hissəsini əsassız hesab edir. Belə ki, qanunvericilik hər kəsə ev heyvanları saxlamaq hüququnu müəyyən etmişdir və bu hüququn məhdudlaşdırılması yalnız digər şəxslərin daha üstün hüquqlarının qorunması çərçivəsində mümkündür. Bu çərçivəni aşan qadağanın qoyulması isə vətəndaşın hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Məhkəmə hesab edir ki, Cavabdeh birgəyaşayış qaydalarının, Konstitusion hüquqlarının pozulması ilə nəticələnən, mənzildə normal yaşamağa maneə törədən hərəkətləri və ünvan 6 ünvanında yerləşən mənzilində antisanitar vəziyyətdə itlər və pişiklər saxlamaq kimi hərəkətlər (baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamaq istisna olmaqla) qadağan edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh birgəyaşayış qaydalarının, Konstitusion hüquqlarının pozulması ilə nəticələnən, mənzildə normal yaşamağa maneə törədən hərəkətləri və ünvan 6 ünvanında yerləşən mənzilində antisanitar vəziyyətdə itlər və pişiklər saxlamaq kimi hərəkətlər (baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamaq istisna olmaqla) qadağan edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-319/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-319/2023
18.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver