Məhkəmə qərarları › İş №2(010)-3204/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3204/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3204/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5963/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün təyin olunmuş 154 (yüz əlli dörd) manat məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və alimentin tutulmasının ərizənin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsi ilə müəyyən edilən aliment miqdarının dəyişdirilərək hər ay cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırda cavabdehin daimi iş yeri olmadığı üçün həmin qətnamə ilə müəyyən edilən qaydada aliment ödəyə bilmir. Bu səbəbdən hesab edir ki, aliment sabit pul məbləğində müəyyən edilməlidir.

İddia tələbinin dəlilləri

3. Cavabdehlə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5437/2018 saylı qətnaməsi ilə rəsmi nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2017-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Qeyd edir ki, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir.

Tərəflərin izahatları

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 489/2023 saylı qətnaməsi ilə cavabdehdən onun qazancının ¼ hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Lakin, hazırda onun gəliri stabil olmadığı üçün aliment miqdarının dəyişdirilərək 220 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir.

5. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbi ilə razı olmadığını qeyd edərək bildirdi ki, qeyd olunan miqdarda aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, aylıq gəliri azdır.

İş materialları

6. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X2 xx.xx.2018-ci il tarixdən hesablanmaqla İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir.

7. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5437/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 16 oktyabr 2015-ci il tarixdə bağlanmış 2615 nömrəli nikahın pozulması və xx.xx.2017-ci il təvəllüdlü X1 boşanmadan sonra cavabdeh İddiaçı yanında qalması qət edilmişdir.

8. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi əsasında tutulan aliment miqdarının dəyidirilərək hər ay cavabdeh X3 qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 489/2023 saylı qətnaməsinin qanuni qüvvə aldığı vaxtdan başlayaraq cavabdeh X2 tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları

9. Tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan bir övladları anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5437/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Eyni zamanda, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi ilə X2 İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi müəyyən edilmişdir. Daha sonra, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsi ilə məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi ilə cavabdeh X2 tutulan aliment miqdarının dəyişdirilərək onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda, iddiaçı cavabdehin daimi iş yeri olmadığı üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsi ilə müəyyən edilən aliment miqdarının dəyişdirilərək hər ay cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Tələbini onunla izah edir ki, cavabdehin gəlirləri stabil deyil, cavabdeh iş yerini tez-tez dəyişir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmadığını bildirdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında...

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq (dəyişdirilərək) cavabdehdən hər ay 220 manat məbləğində tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh X2 onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Lakin, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdehin aylıq qazancı, iş yerlərini dəyişməsi səbəbi ilə stabil deyildir. Hazırda, iddiaçı cavabdehin işləməməsini və bu səbəbdən daimi qazancının olmamasını qeyd edərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu xüsusda məhkəmə cavabdehin iddia tələbinə dair etirazını əsaslı saymır. Belə ki, cavabdeh tələb edilən miqdarda aliment ödəməyə maddi imkanının olmadığını qeyd etsə də, lakin qeyd olunan hal onun bir valdeyn kimi övladına münasibətdə aliment ödənilməsi vəzifəsindən azad etmir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi artırılmış aliment miqdarının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan etibarən hesablanması hissəsində əsassızdır. Belə ki, AR MPM-nin yuxarıda qeyd olunan maddələrinin tələbindən də göründüyü kimi, alimentin artırılması tələbi üzrə qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmov Xalı̇ d Sehran oğlundan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanması üçün tutulan aliment miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar