Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3241/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44398 X6 markalı telefon üçün 138 manat ödənilməmiş hissə, 13 manat cərimə, ümumilikdə 151 manat borc, 20 manat dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telekom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44398 X6 markalı telefon almış və nəticədə 151 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 408 manat (yəni 12 ay x 28 manat + 72 manat ilkin ödəniş), İMEİ kodu **********44398 X6 markalı telefon üçün ümumilikdə 151 manat olmaqla, ondan 138 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa telefonda yaranmış problemlər istehsalçı problemi olmadığından və cavabdehin istifadə etməsi nəticəsində yarandığından cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğ şirkətə ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o Kontakt Home ilə müqavilə bağlayaraq telefon götürmüşdür. Təxminən 6 ay işlətdikdən sonra telefonda problemlər yaranmışdır. Bununla əlaqədar olaraq o telefonu Kontakt Home qaytarmaq istəmişdir. X4 bildirmişlər ki, telefonu servisə versin. O telefonu servisə vermiş, lakin servis tərəfindən ona bildirmişlər ki, telefonun düzəlməsi qeyri-mümkündür. Bununla əlaqədar olaraq o həm Kontakt Home məlumat vermiş, həm də dəfələrlə şikayət etmişdir. Servisdən ona bildirmişlər ki, telefonu düzəltmək mümkün olmadığından telefonu geri götürməlidir. Lakin o telefonu geri götürməmişdir. Hal-hazırda telefon Kontakt Home məxsus servisdədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 01.10.2019-cu il tarixli, 00950745 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 72 manat ilkin və 12 ay müddətinə hər ay 28 manat nağd ödəniş olmaqla, qiyməti 408 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdehnın "xxxx" ilə aralarında bağlanmış 01.10.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 138 manat ödənilməmiş məbləğ, 13 manat cərimə pulu borcu vardır. İş materiallarına əlavə olunmuş servis tərəfindən verilmiş sənəddən müəyyən olunur ki, müştəri Cavabdeh tərəfindən verilmiş telefonun sensorda, kamerada dərin, korpusda karkasda, düymələrdə, barmaq izində cızıqlar, karkasda sürtülmə, ləkələr, zədələr, sim konda zədə, yeyilmə, dinamikdə tozlanma, usb, qulaqcıq, konda yeyilmə, sürtülmə izləri vardır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 587.1.-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılmasını: 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini. Həmin Məcəllənin 587.2.-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinin birinci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin qanunun 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh 01.10.2019-cu il tarixdə dəyəri 408 manat olan X6 markalı telefon bir il zəmanətlə satılmışdır. Həmin telefonda problemlər yarandığından cavabdeh telefonu 22.06.2020-ci ildə servisə təhvil vermişdir. Servisdə telefona baxış keçirilərək sensorda, kamerada dərin, korpusda karkasda, düymələrdə, barmaq izində cızıqlar, karkasda sürtülmə, ləkələr, zədələr, sim konda zədə, yeyilmə, dinamikdə tozlanma, usb, qulaqcıq, konda yeyilmə, sürtülmə işləri aşkar olunmuşdur. Telefonda aşkar olunmuş qüsurlar servis tərəfindən aradan qaldırılmadığından cavabdeh onu götürməkdən imtina etmişdir. İddiaçı tərəf isə telefonun işlək vəziyyətdə olması və telefonda aşkar olunmuş qüsurların aradan qaldırıla bilən qüsurlar olması barədə sübut təqdim etməmiş, lakin buna baxmayaraq onun dəyərini cavabdehdən tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh 01.10.2019-cu il tarixdə telefon satıldığından, zəmanət müddəti ərzində alınan malda servis tərəfindən qüsur aşkar olunduğundan və aşkar olunmuş qüsurların aradan qaldırıla bilən qüsurlar olması və həmin qüsurların cavabdeh təqsiri nəticəsində əmələ gəlməsi barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin oluna bilməz. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3241/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3241/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver