Məhkəmə qərarları › İş №2(010)-3242/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3242/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3242/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş və aliment tələbinə dair iddia tələbi isə təmin olunmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh 20 sentyabr 2018-ci ildən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin ona verilməsi ilə bağlı qətnamə çıxarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə görə iki azyaşlı uşağın saxlanması üçün münasib görülmüş - hər birinə görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment hazırkı vəziyyətdə uşaqların ehtiyacını ödəmir. Çünki o himayəsində olan iki övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə hal-hazırda Bakı şəhərində yaşayır və hər iki övladı Bakı şəhərində təhsil alır. Mövcud vəziyyətlə bağlı məhkəmənin diqqətinə çatdırır ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən münasib görülmüş məbləğ ilə Bakı şəhərində uşaqların ehtiyaclarını minimum səviyyədə belə ödəmək mümkün deyil. Belə ki, şəhərdə qiymətlərin kəndə nisbətən xeyli baha olması, kəndlə şəhər arasındakı ehtiyac və tələbatların xeyli fərqli olması və bu fərqin qiymətlərin artmasına, bunun da yaşayış səviyyəsinin aşağı düşməsinə gətirib çıxarması iki azyaşlı uşağın həyat səviyyəsinin standartların çox altına düşməsinə gətirib çıxarır. Yəni ehtiyacla tələbat artdıqca uşaqların yaşayışı üçün lazım olan pul məbləğidə artırılmalıdır ki, aradakı fərq az da olsa nizamlansın. Hər iki uşağın məktəbli olması və onların normal təhsil alması üçün məhkəmə qətnaməsi ilə münasib görülmüş 308 manat pul isə təkcə məktəb xərclərini belə ödəməyə çatmır. Təkcə iş dəftərləri, məktəb üçün lazım olan yardımçı dərs vəsaitlərinin qiyməti hesablanarsa, uşaqlar oxumaqla yaşamaq arasında seçim etmək məcburiyyətində qalmalıdırlar. O isə ana olaraq bu məsuliyyəti tək başına qarşılamaq iqtidarında deyil. Cavabdehlə onun arasındakı nikahın məcburiyyətdən pozulmasının iki azyaşlı uşağın yaşayış vəziyyətinə və gələcəyinə bu qədər kəskin təsir etməsi və onların daim ağır sıxıntı çəkməsi yolverilməzdir. Nikah pozulduqdan sonra azyaşlı uşaqlarda dərin sarsıntı, hətta psixoloji problemlər belə yaranır. Həmçinin cavabdeh tərəfindən hər ay hər uşağa görə 154 manat, ümumilikdə iki uşaq üçün 308 manat sabit pul məbləğində ödənilən alimentin məbləği Bakı şəhərində bir uşağın saxlanılması üçün belə yetərli deyildir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehlə 2007-ci ildə ailə qurmuş və həmin nikahdan iki övladı xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Müəyyən səbəblərə görə nikahları Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında qalaraq onlara hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat aliment tutulması qət edilmişdir. Lakin buna baxmayaraq hazırkı dövr üçün uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği kifayət etmir. Belə ki, uşaqlar hazırda əlavə olaraq hazırlığa gedir və kursa getmək arzusundadırlar. Hazırda tutulan aliment uşaqların qidalanmasını, müalicə almasını, onların geyimini və məktəb xərclərini qarşılamır. O, özü də hal-hazırda heç bir yerdə işləmir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə nikahlarına xitam verildikdən sonra ondan tutulan alimenti hazırda ödəməyə çox çətinlik çəkir. Buna baxmayaraq o, övladlarının saxlanılması üçün əlindən gələni edir. İddia tələbində qeyd olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçının hər uşaq üçün tələb etdiyi 235 manat məbləğində olan alimenti ödəyə bilməyəcəyini və bu əsasla iddianın qismən təmin olunmasını və hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

İş materialları.

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-00655 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində keçirilən iclasda İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və 10 manat poçt-kərgüzarlıq xərci ödəmişdir.

6. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə doğulmuşdur.

7. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə doğulmuşdur.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin olunaraq iddiaçı X2 ilə Cavabdeh arasında 17 aprel 2007-ci ildə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış, 294 saylı akt qeydi rəsmiləşdirilmiş nikakın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçı Abbasova Turanə rəddin qızının yanıııda saxlanılması və xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 sentyabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay lıər uşağa görə 154 (bir yüz dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin olunaraq iddiaçı X2 ilə Cavabdeh arasında 17 aprel 2007-ci ildə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış, 294 saylı akt qeydi rəsmiləşdirilmiş nikakın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçı Abbasova Turanə rəddin qızının yanıııda saxlanılması və xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 sentyabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay lıər uşağa görə 154 (bir yüz dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

19. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

20. Digər tərəfdən, nəzərə alınmalıdır ki, uşaqların saxlanılması xərcləri artdığından hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Belə ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

22. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər bir uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

24. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat mediasiya xərci ödəmişdir.

25. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (470x12=5640 manat) mütənasib olan 76.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməli və 76.40 (yetmiş altı manat,qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə ödənilmiş – 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 76.40 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar