Məhkəmə qərarları › İş №2(010)-326/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-326/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-326/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.12.2018-ci il tarixli 979141/18 nömrəli nisyə satış müqaviləsi üzrə 2190 (iki min bir yüz doxsan) manat əsas və cərimə borcu 450 (dörd yüz əlli) manat olmaqla cəmi 2640 (iki min altı yüz qırx) manat borcun, habelə dövlər rüsumu əvəzi ödənilmiş 46.40 (qırx altı. 40 qəpik) manat məbləğin İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 18.12.2018-ci il tarixli 979141/18 nömrəli nisyə satış müqaviləsinə əsasən alıcıya ümumi dəyəri 2433 (iki min dörd yüz otuz üç) manat dəyərində 243 (iki yüz qırx üç) manat ilkin ödəniş aparılmaqla məişət texnikaları: LG markalı 49UJ630 modelli televizor və 1 ədəd Samsung markalı RT32K5132WW/WT modelli soyuducunu 12 (on iki) ay müddətinə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada aylıq 182,50 (bir yüz səksən iki. 50 qəpik) manat məbləğində icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmin Müqaviləyə əsasən. ‘'Alıcı" razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Beləliklə, Cavabdeh 18.12.2018-ci il tarixli 979141/18 nömrəli nisyə satış müqaviləsi üzrə borcu 2190 (iki min bir yüz doxsan) manat əsas və cərimə borcu 450 (dördyüz əlli) manat olmaqla cəmi 2640 (iki min altı yüz qırx) manat təşkil edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 07.01.2022-ci il tarixinə, saat 10.50yə təyin olunmuş məhkəmənin hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə hazırkı iş üzrə toplanmış maeriallara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 18.12.2018-ci il tarixli, 979141/18 nömrəli nisyə satış müqaviləsindən görünür ki, 2443 manat dəyərində olan məişət texnikaları alıcıya təhvil verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətində, ilkin ödəniş 243 manat olmaqla, hər ay 182.50 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddia tələb edilən əsas borcun tutulması hissəsində əsaslıdır. İddianın cərimə tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, müqavilə üzrə hesablanmış dəbbə pulunun miqdarı azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.12.2018-ci il tarixli 979141/18 nömrəli nisyə satış müqaviləsi üzrə 2190 manat əsas, 50 manat cərimə borcu olmaqla cəmi 2240 manat borc tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42.40 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar