Məhkəmə qərarları › İş №2(010)-327/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-327/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-327/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh onun və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-200 reyestr nömrəli kredit müqaviləsinə əsasən 11815 manat məbləğində borcun və dövlət rüsumu qismində ödədiyi 125,44 manatın, cəmi 11940 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh kredit müqaviləsinə görə 11815 manat məbləğində borcun və 133,95 manat dövlət rüsumunun əvəzinin, gecikdirilmiş 3 il üçün 2835 manat faiz borcunun, 300 manat məbləğində vəkilə və nümayəndəyə çəkilən xərcin olmaqla, cəmi 15083,95 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli Bakı şəhəri 24 saylı Notariat ofisində bağlanmış 3M- 200 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ildən tanıyır və yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə ona müraciət edərək öz şəxsi problemlərini həll etmək üçün ona 11815 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bu əsasla da, ondan 11815 manat məbləğində borc istəmiş, onunla dostluq əlaqələrini nəzərə alaraq xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində onunla görüşərək ona 11815 manat məbləğində borc pulu Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-200 reyestr nömrəli kredit müqaviləsi ilə vermiş və həmin kredit müqaviləsinə əsasən Cavabdeh həmin pulu xx.xx.2020-ci ildə ödəməyə söz versə də, heç bir məbləğ ödəməmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh barədə Suraxanı rayon İcra şöbəsində iddiaçının ərizəsi ilə xx.xx.2022-ci ildə reysterdə 8İ-3325 nömrəli qeyd ilə Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən İcra Qeydi tərtib edilmişdir. Lakin cavabdeh həmin pulu ödəməmiş, icra məmurunun tələbi ilə şöbəyə çağırılsa da gəlməmiş və onun barəsində Suraxanı polis İdarəsi tərəfindən axtarış elan edilmişdir. İcra Qeydi ilə qanunvericiliyin tələbinə əsasən yalnız inzibati məsuliyyətə alınacağına görə xx.xx.2023-cü ildə ərizə ilə Suraxanı rayon İcra şöbəsinə məhkəməyə müraciət etməyi səbəbi ilə 8İ-3325 saylı icra sənədinin iddiaçıya geri qaytarılmasını xahiş etmiş və həmin ərizə əsasında Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Nicat Vəlizadə xx.xx.2023-cü ildə 8İ-3325 saylı icra sənədini iddiaçıya geri qaytarmışdır. Cavabdeh xx.xx.2023-cü ildə 11815 manat məbləğində pulun idiaçının Bakı şəhəri 24 saylı Notariat olisi tərəfindən rəsmiləşdirilmiş 3M-200 reyestr nömrəli kredit müqaviləsinə əsasən tam şəkildə geri qaytarmalı olduğunu, əgər qaytarmasa məhkəməyə müraciət edəcəyi barədə pretenziya məktubu göndərmişdir. Lakin heç bir nəticə əldə etməmişdir. Cavabdeh 11815 manat məbləğində pulu iddiaçıya Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-200 reyster nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2020ci ildə tam şəkildə geri qaytarmalı idi. Lakin o həmin tarixdən iddiaçıya olan borcunu geri qaytarmaqdan gizlənərək imtina etmişdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı özünü vəkil kimi təqdim edərək onun məhkəmə işlərini və vergi işlərini həll edəcəyini bildirmişdir. Belə ki, onun əsassız vergi borcu yarandığından vəkil axtararkən tanışı ona İddiaçı vəkil olduğunu bildirərək ona kömək edəcəyini bildirdiyindən onunla görüşmüş və onun ona hüquqi problemlərini həll etməsini xahiş etmişdir. İddiaçı isə ona bildirmişdir ki, qanuna dəyişiklik edilmiş və məhkəməyə onsuz çıxa bilməyəcəkdir. Bu səbəbdən ona etibarnamə vermək mümkün olmadığından, o qeyri-rəsmi iştirak etmiş sayılacaq. Lakin buna baxmayaraq bütün şikayətləri, miraciətləri özü hazırlayacaq və hər şeyi həll edəcək. O isə İddiaçı inanaraq bütün işlərini ona həvalə etmişdir. Həmin gündən sonra İddiaçı onun məhkəmədə olan bank işinə görə ərizələrini, şikayətlərini yazmaqla yanaşı Naxçıvan Şəhər İcra Şöbəsinə, Suraxanı Rayon İcra Şöbəsinə, Suraxanı Rayon Polis İdarəsinə adından müraciətlər yazaraq göndərmişdir. Bəzi şikayət və ərizələri o özü imzalasa da, bəzi sənədləri imzanı oxşadaraq özünün atacağını bildirmişdir. O bütün müraciətlər də öz ünvanını qeyd etmişdir. Bundan sonra o həqiqətən də onun vergi borcunun azaldılmasına nail olmuş və məhkəmə qətnamələrindən şikayətlərini vermişdir. Bununla yanaşı o icra şöbəsində qətnamənin icra edilməsini yubatmaq adı ilə də ondan xeyli miqdarda vəsaitlər almışdır. Belə ki, hər 4-5 aydan bir ondan 500 manat alaraq icra şöbəsinin icra məmuruna verdiyini və qətnamənin icrasına sərf edildiyini bildirmişdir. O, çox vaxt pulları onun kapitalbank kartına atmışdır. Bununla yanaşı o 2020-ci ilin oktyabr ayında ona bildirmişdir ki, vergi borcunu və digər işlərini görməyinə görə çəkdiyi xərclərin, rüsumların əvəzi kimi ona 11815 manat ödəməlidir. O, isə həmin vaxı ona bildirmişdir ki, maddi imkanı yoxdur. İddiaçı ona təklif etmişdir ki, notariusda borc müqaviləsi bağlasın və pulu hissə-hissə ona ödəsin. Bundan sonra onlar 2020-ci ilin oktyabr ayında Qaraçuxur qəsəbəsində yerləşən notariat ofisinə gedərək və orda o öz cibindən pul çıxarıb notariusa verərək ona bir sənədə imza atdırmişdır. Pulu götürüb ona qaytarmalı olduğunu bildirdiyindən o müəyyən sənədlərə oxumadan imza ataraq ona məxsus həmin pulu ona vermişdir. İddiaçı ona vergi borcu və məhkəmə şikayətlərinə görə ondan tələb etdiyi pulu isə X1 və X4 yanında bir neçə dəfəyə olmaqla ona ödəmişdir. Ona sonradan məlum olmuşdur ki, İddiaçı ondan aldığı 500 manat pul vəsaitləri icra şöbəsində olan işinə görə icra şöbəsinə ödənilməyib. Həmin pulları mənimsəməklə yanaşı, vergi işində də heç-bir məhkəmə olmayıb və onu udmayıb. Bütün bunlar isə İddiaçı onun etibarından istifadə edərək pullarını ələ keçirməsi və həmin əməllərinə mülki don geyindirmək üçün notariat kontorunda yalançı əqd bağlaması və nəticədə də məhkəmə vasitəsi ilə mülki qətnamə qəbul etməsinə hesablanıb. Odur ki, qeyd edilən əsaslara görə xx.xx.2020-ci il tarixli 24 saylı Notariat Ofisində bağlanmış 3M-200 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə qaytarmaq şərti ilə 11815 manat məbləğində Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-200 reyster nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona borclu olduğu ümumi 11815 manat məbləğində borclu olduğu pulu bu günə qədər qaytarmamışdır. Həmin borcun olmasını cavabdeh tərəfindən imzalanan sənəd təsdiq edir, belə ki, həmin sənəd Cavabdeh tərəfindən imzalanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

8. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı inanmış və bütün işlərini ona həvalə etmişdir. İddiaçı isə onun etibarından istifadə etmişdir. Hazırda İddiaçı ondan tələb etdiyi 11815 manat məbləğində pul vəsaiti əsassızdır və qeyri qanunidir. Belə ki, iddiaçı ona nağd pul vəsaiti verməmiş və kredit müqaviləsində yazılan pul vəsaitini o almamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunmasını və ilkin iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia ərizəsinə uyğun izahat vererək qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şahidlərin ifadələri.

10. Belə ki, iş üzrə şahid X5 ifadə verərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır və on ilə yaxın müddətdir ki, onunla dostluq edirlər. İddiaçı isə Cavabdeh yanında görmüş və birlikdə nahar etmişlər. Cavabdeh ona 2500 manat pul vermiş və o, da həmin pulu Qaraçuxur qəsəbəsində yerləşən Hacıoğlu adlanan marketin yanında İddiaçı vermişdir. Daha sonra isə iki dəfə yenidən 3000 manat və 1500 manat məbləğində pulları ayrı-ayrı vaxtlarda İddiaçı vermişdir.

11. iş üzrə şahid Məmmədov Ələkbər Qadir oğlu ifadə verərək bildirmişdir ki, Cavabdeh onun oğludur və İddiaçı isə onun oğlu Cavabdeh tanışıdır. İddiaçı Nemanla birlikdə zavoda gələndə yoldaşının xəstə olduğunu və ona pul lazım olduğunu bildirmişdir. Belə ki, oğlu Cavabdeh İddiaçı pul borclu olduğunu bilirdi. O, da oğlunun İddiaçı borcu olduğuna görə Bankdan kreditə pul götürmüş və 4500 manat məbləğində həmin borcu oğlunun əvəzindən İddiaçı vermişdir.

12. iş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. İddiaçı isə Cavabdeh vasitəsi ilə tanımışdır. Onlar bir neçə dəfə birlikdə nahar etmişlər. İddiaçı ilə Cavabdeh arasında soyuqluq və söz-söhbət olduğunu bilirmiş, lakin kimin kimə nə qədər borclu olduğundan məlumatı olmamışdır.

İş materialları.

13. xx.xx.2020-ci il tarixli tərəflər arasında bağlanmış kredit müqaviləsinin notariat qaydasında bağlanmış surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Əbilzadə X2 Neman Ələkbər oğluna xx.xx.2020-ci il tarixinədək 11815 (on bir min səkkiz yüz on beş) manat məbləğində borc pul vermişdir.

14. xx.xx.2022-ci il tarixli İcra Qeydindən müəyyən olunur ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2020-ci il müddət üçün vaxtında ödənilməmiş 11815 manat tutulması qeyd edilmişdir.

15. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödəməli olan 11815 manat məbləğində olan pulu müvafiq müqavilə, təsdiq edildikdən sonra Cavabdeh verilməsi üçün bankda olan AZ1GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

İşin faktiki halları.

17. xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən İddiaçı borcalan Cavabdeh xx.xx.2020-ci il tarixinədək 11815 (on bir min səkkiz yüz on beş) manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödəməli olan 11815 manat məbləğində olan pulu müvafiq müqavilə, təsdiq edildikdən sonra Cavabdeh verilməsi üçün bankda olan AZ1GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia edir ki, cavabdehin ona kredit müqaviləsinə görə 11815 (on bir min səkkiz yüz on beş) manat məbləğində borcu və 133,95 manat dövlət rüsumunun əvəzi, gecikdirilmiş 3 il üçün 2835 manat faiz borcu, 300 manat məbləğində vəkilə və nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 15083,95 manat məbləğində borcu mövcuddur. Həmin borc məbləğinin olması notariat orqan tərəfindən tərtib olunmuş kredit müqaviləsi ilə təsdiq olunur. Cavabdeh iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia təqdim etmiş və xx.xx.2020-ci il tarixli Bakı şəhəri 24 saylı Notariat ofisində bağlanmış 3M-200 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

22. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən 11815 manat pul vəsaiti xx.xx.2020-ci il tarixə kimi borcalan tərəfindən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

23. İddiaçı tərəf kredit müqaviləsini və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını, həmin pulu notariusun depozit hesabına ödədiyini, bununla bağlı olaraq notariat ofisi tərəfindən məktub verildiyini əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

24. Cavabdeh tərəf isə iddiaçının ona hüquqi yardım göstərdiyini, bunun müqabilində ondan pul aldığını, həmçinin onunla kredit müqaviləsi bağlamaq niyyəti olmadığını, lakin iddiaçı tərəfin təkidi ilə belə bir müqavilə bağlamaq məcburiyyətində qaldığını bildirmiş və həmin kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.

25. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

26. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında notariat orqanda bağlanmış kredit müqaviləsi təqdim etmiş, öz xətti ilə 11815 manat pulu verdiyini və cavabdeh öz xətti ilə 11815 manat borc aldığını qeyd etmişdir. Həmçinin notariat ofisi tərəfindən "xxxx" ASC-yə məktub ünvanlanmış və verilmiş məktuba əsasən pul vəsaitinin borc alana verilməsi üçün olan notariusun depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəf isə müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, həmin müqaviləni mübahisələndirməmişdir. Həmçinin həmin pul məbləğini almaması barədə notariat orqana və banka müraciət etməmiş və məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir.

27. Məhkəmə hesab edir ki, iddiaçı tərəf də pulun alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız xx.xx.2022-ci ildə icra qeydi verilməsinə nail olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, əlavə faizlərin tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 300 manat məbləğində nümayəndəyə ödənilən xərc və 133,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

29. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi –133,95 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 11815 manat pul vəsaiti, 300 manat məbləğində nümayəndəyə ödənilən xərc və 133.95 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh 11815 (on bir min səkkiz yüz on beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Cavabdeh 300 (üç yüz) manat məbləğində nümayəndəyə ödənilən xərc və 133.95 (yüz otuz üç manat, doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar