Məhkəmə qərarları › İş №2(010)-3275/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3275/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3275/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2520 manat borc pulun, vaxtında ödəmədiyinə görə həmin pulun 5%-nin (yəni 126 manat) gecikdirilməsi ilə əlaqədar və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutalaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh 16.10.2020-ci il tarixdə Bakı şəhər 43 saylı notarial kontorunda kredit müqaviləsi bağlayaraq, 16.10.2021-ci il tarixədək qaytarmaq şərti ilə 2520 manat borc pul vermişdir. Müqavilədə cavabdeh iddiaçıya hər ay 210 (iki yüz on) manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh borcu qaytarmır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 25.06.2021-ci li tarixdə məhkəməyə Cavabdeh teleqramı daxil olmuş və cavabdeh teleqramda iştirakı olmadan keçirilməsini xahiş edərək borcunu müqavilə müddəti bitənə qədər qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş: 16.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pulu borc vermiş, Cavabdeh krediti hər ay 210 manat olmaqla 16.10.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı 16.10.2020-ci il tarixdə Cavabdeh ilə arasında kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul borc vermiş və cavabdeh hər ay 210 (iki yüz on) manat məbləğində ödəniş etməklə 16.10.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı teleqramda borcunu müqavilə müddəti bitənədək ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin "borc vaxtında ödənilmədiyinə görə həmin pulun 5%-nin (yəni 126 manat) ödənilməsi" hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı həmin hissədə tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandıraraq gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqavilə hazırda qüvvədədir. Ona görə də məhkəmə hesab edir ki, iddia "borc vaxtında ödənilmədiyinə görə həmin pulun 5%-nin (yəni 126 manat) ödənilməsi" hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğdə dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borc və 30 (otuz) manat məbləğdə dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar