Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3290/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı evlə onun evini birləşdirən maneənin (cavabdeh tərəfindən çəkilmiş hasarın) aradan qaldırılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. o, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Mükliyyətçisi olduğu və hazırda yaşadığı evin qonşu (cavabdeh) Cavabdeh məxsus olan evlə arasında əvvəllər ümumi istifadədə piyada yolu mövcud idi. Sonradan cavabdeh şəxsi mülahizəsi ilə ona məlumat vermədən öz evinin hasar divarını onun evinin divarına birləşdirərək həmin piyada yolunu bağlamışdır. Bununla da o, evinin cavadehlə qonşu olan hissəsinə keçə bilmir. Hazırda yağış sularının axması nəticəsində evin çöl divarları aşınmışdır və təmirə ehtiyacı var. Lakin o, cavabdehlə həmin maneənin sökülməsi barədə razılığa gələ bilmir. Səlahiyyətli qurumlara müraciət etməyinə baxmayaraq, qonşu divarı sökməməkdə təkidlidir. Qeyd edir ki, həmin qeyd etdiyi xüsusatlar Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktla öz təsdiqini tapır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 bildirdi ki, cavabdeh öz evini 2004-cü il tarixdə, iddiaçı isə 2007-ci ildə tikmişdir. İddiada qeyd olunan torpaq sahəsi cavabdehin öz həyətidir və ona müdaxilə edilə bilməz. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır.
İş materialları.
5. Suraxanı RİHB-nin Əmircan qəsəbə İƏD-si üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, İddiaçı tərəfindən yaşadığı fərdi yaşayış evinin divarına və hasarına bitişik mövcud kiçik ölçülü kanalizasiya borusunun böyük diametrli boru ilə əvəz edildiyi müəyyən edilmişdir. Qonşuların verdiyi məlumata əsasən, borunun keçdiyi ərazi əvvəllər ümumi istifadədə olan piyada yolu olmuşdur. Sonralar Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, dalan 1, ev 12 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin hissə zəbt olunaraq öz həyətinə birləşdirilmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, İddiaçı övladıdır. Cavabdehin zəbt etdiyi həmin yol əvvəllər açıq idi. Hazırda yağış sularının axması nəticəsində evin çöl divarları aşınmışdır.
7. İş materiallarına iddiaçı tərəfindən təqdim edilən, “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş yaşadığı torpaq sahəsi və fərdi yaşayış evinin plancizgilərini əks etdirən texniki sənədlər əlavə edilmişdir.
İşin faktiki halları.
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər qonşudur. İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə düşən hissədə hasar inşa etdiyini və bununla da onun sərbəst hərəkətinə maneə yaratdığını bildirir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və hasar tikilən hissənin cavabdehə məxsus torpaq sahəsində olduğunu qeyd edir. Tərəflərdən heç birinin yaşadıqları ev və torpaq sahələri ilə bağlı mülkiyyət sənədləri yoxdur. İddiaçı tərəf “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş torpaq sahəsi və fərdi yaşayış evinin plan-cizgilərini əks etdirən texniki sənədləri təqdim etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139-1.1 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1 maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 146.1 maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1 maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
11. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
12. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. 15.Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. 16.Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, xüsusi mülkiyyət dövlət tərəfindən qorunur və ona hər hansı kənar müdaxilə qanunla qadağan edilmiş özbaşınalıq sayılır. Lakin, bu müdafiədən istifadə etmək üçün daşınmaz əmlaka mülkiyyət hüquqları dövlət tərəfindən tanınmalıdır. Hazırkı işdə iddiaçının yaşadığı fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqları yoxdur.
17. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququa malik olması məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, iddiaçının yaşadığı torpaq sahəsi onun mülkiyyətində deyil. Ona görə də, həmin torpaq sahəsinə yaradılan maneənin aradan qaldırılması tələbi ilə də iddiaçı çıxış edə bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi texniki sənədlər daşınmaz əmlaka hər hansı hüquq yaratmadığına görə, bu sənədlərə də istinad edilməsi qanuni sayıla bilməz.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.