Məhkəmə qərarları › İş №2(010)-3309/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3309/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3309/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 (iyirmi beş min) manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5% cərimə borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 25.000 manat məbləğində pulun, kredit müqaviləsinin müddətinin bitdiyi 02.01.2020-ci il tarixdən 02.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1250 manat cərimə borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh ilə 02 dekabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 25000 manat məbləğində faizsiz borc pul vermiş və cavabdeh 02.01.2020-ci il tarixədək ona olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə tələblərini icra etməmiş, 02.01.2020-ci il tarixədək ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Cəriməni 1 il üçün 5 faiz ilə hesablamışlar və yekun olaraq cərimə borcu 1250 manat təşkil etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, heç kimdən pul almamışdır. Cavid ev alqı-satqısı ilə məşğul olur, o isə “makler”dir. Hazırki vaxtda heç kəs iddiaçının tələb etdiyi məbləğdə kiməsə borc pul verməz. Belə ki, onlar 50000 manata mənzil almışlar və həmin mənzili 58000 manata satmalı idilər, lakin həmin qiymətə satmaq alınmamış və onlar da məcbur qalaraq mənzili 40000 manata satmışlar. Bu zaman Cavid ona müqavilə bağlamalı olduğunu demiş, o isə pul almadığı üçün müqavilə bağlamaq istəməmişdir. Lakin daha sonra onlar 2 saylı “ASAN Xidmət” mərkəzində notariusa getmiş və orda müqavilə bağlamışlar. O, notariusda imza çəkmiş, lakin pulu götürməmişdir. O, Caviddən pul almamış, sadəcə müqavilə bağlanılmışdır. Pul Cavidin özünün deyildi, həmin pulu başqa şəxslərdən götürmüş və bildirmişdir ki, pulu elə şəxslərdən alıb ki, sonra problem yaşanmaması üçün müqavilə bağlamaq lazımdır. O, özü alqı-satqı ilə məşğul olduğu üçün Sabunçu rayonunda olan mənzili Cavidə təklif etmiş və razılaşmışlar. Lakin sonra alınmamış və aralarında narazılıqlar yaranmışdır. O, Cavidlə proses ilə əlaqəli danışmış, lakin Cavid ona borcundan 10.000 manat verməsini tələb etdiyi üçün razılığa gəlməmişlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 02.12.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 25.000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti 02.01.2020-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş notarius işində olan 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X1 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanlanmış müraciətdən görünür ki, İddiaçı borc müqaviləsi ilə ödənilməli olan 25.000 manat məbləği Cavabdeh tərəfindən müvafiq müqavilə təsdiq olunduqdan sonra qəbul edilməsi üçün bankın depozit hesabına yerləşdirmişdir. 02.12.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 25.000 manat məbləğində pul bankın depozit hesaba yerləşdirilmişdir. Pul alanın şəxsiyyətinə dair qeydlərdən görünür ki, 25.000 manat pul Cavabdeh tərəfindən qəbzə imza edilərək qəbul edilmişdir. 20.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 25.000 manat məbləğində pul borc vermişdir. Hazırda cavabdeh ödəməli olduğu krediti iddiaçıya ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. İş materiallarında olan kredit müqaviləsindən və notarius işindən görünür ki, borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu üçün tərəflər arasında notarial qaydada müqavilə bağlanmışdır. Hazırki halda borcun cavabdehə verilməsi məsələsi iş materiallarında olan mədaxil orderi və qəbzlər ilə öz təsdiqini tapmışdır. Belə olan halda, kredit müqaviləsinə və qəbzlərə imza edilməsi, lakin qeyd olunan borc məbləğinin qəbul edilməməsi sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə, yuxarıdakı normaların məzmunundan və işin hallarından çıxış edərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olub, mübahisəli kredit müqaviləsi ilə borca verilmiş pul ödənilmədiyi üçün cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi cavabdehin üzərində olduğundan, onun tərəfindən isə kredit müqaviləsinə və qəbzlərə imza edilməsi, lakin qeyd olunan borc məbləğinin qəbul edilməməsinə dair heç bir sübut təqdim olunmadığından, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 25.000 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Bundan əlavə, iddiaçı kredit müqaviləsinin müddətinin bitdiyi 02.01.2020-ci il tarixdən 02.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1250 manat cərimə borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da əks olunaraq vurğulanmışdır ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında 02.12.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Buna görə də məhkəmə hesab edir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirdiklərindən və kreditin vaxtında qaytarılmaması ilə bağlı gecikdirmə faizlərinin ödənilməsi kredit müqaviləsində nəzərdə tutulmadığından iddia tələbi kredit müqaviləsinin müddətinin bitdiyi 02.01.2020-ci il tarixdən 02.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1250 manat cərimə borcunun ödənilməsi hissəsində əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit borcuna görə 25.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1,50 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25.000 (iyirmi beş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1,50 (bir manat əlli qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar