Məhkəmə qərarları › İş №2(010)-335/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-335/2025

16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-335/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində əsas pul vəsaiti, eyni zamanda pulunu vaxtında ödəmədiyindən, iflasa uğradığına görə 3000 manat zərərin əvəzini, hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi və “Vestel” markalı paltar yuyan maşının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə inanaraq ona 22000 manat məbləğində pul vəsaitini saxlaması üçün vermişdir. O, Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının Konstitusiyasına hörmətlə yanaşan və qanunlara riayət edən bir vətəndaşdır. Yəni, qanun və qaydanın yerli yerində və düz olacağına inanmışdır. Onun cavabdehlə 2002-ci il tarixdən ailəvi tanışlığı vardır. 2022-ci ilin may ayında mərhum anası vəfat etdiyi üçün anasının adına olan evi qardaşı ilə birlikdə satmış və satış pulunu bərabər bölmüşdür. Ona 32000 manat çatmışdır. 10000 manata “Mercedes” markalı maşın almışdır. Rəhmətlik anasından miras qalmış 16 qramlıq qızılzinət əşyalarını, pul vəsaitindən qalıq qalan 22000 manatı və “Vestel” markalı paltar yuyan maşını da artıq evi olmadığından cavabdehin evində qalmaqla ona saxlamağa vermişdir. 2022-ci ilin noyabr ayında cavabdehdən pulunu tələb etsə də, həmin puldan cəmi 2000 manat qaytarmış, qalan pulu da 1-2 günə qaytaracağını söyləmişdir. Amma, bu günə kimi həmin pulu qaytarmamışdır. O, bununla bağlı 13-cü Polis Şöbəsinə müraciət etmiş və cavabdeh polis şöbəsində söz vermişdir ki, 20000 manatı və miras qalmış qızıl-zinət əşyalarını tezliklə qaytaracaqdır. Qızıl-zinət əşyalarını qaytarsa da, onun pulunu və “Vestel” markalı paltar yuyan maşını qaytarmamışdır. Cavabdeh ona verdiyi sözün üzərində durmayaraq onun pulunu bu günə kimi qaytarmamışdır. İddia tələbinə etiraz Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ona qarşı verilmiş iddia tələbinin qismən – pul vəsaitinin tutulması hissəsində ondan 8150 manatın tutulması və “Vestel” markalı paltar yuyan maşınının qaytarılması hissəsində iddianın təmin edilməsi, digər hissələrdə - pul vəsaiti hissəsində 11850 manatın, eyni zamanda pulunu vaxtında ödəmədiyindən iflasa uğradığına görə 3000 manat zərərin əvəzini, hüquqi yardıma görə 400 manat hissəsində isə iddia tələblərinin təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, o, İddiaçıla razılaşmışdır ki, sonuncu onun tutduğu kirayə mənzildə 1 il 2 ay qardaşı ilə birlikdə qalsın. Bütün bu dövrdə o, iddiaçının paltarlarını yumuş, yeməyini bişirib vermiş, otaqların təmizlənməsini, işıq pulu, su pulu, qaz pulu da daxil olmaqla, bütün xidmətlərini pulunun ödənilməsini həyata keçirmişdir. Ona görə də, polisdə 1 il 2 ay üçün hər ay 500 manatdan hesablayıb çıxmışdır. Bundan əlavə, o, iddiaçıya 2000 manat, 3 dəfə dalbadal 1000 manat və 1000 manat da əlavə maşın üçün pul vermişdir. 500 manat ondan pul alaraq isə Oleq adlı şəxsə vermişdir. O, cavabdehə bir dəfə 650 manat, bir dəfə 300 manat, bir dəfə də 700 manat olmaqla pul vəsaiti qaytarmışdır. Xırda-xırda, dəfələrlə 100-150 manat pul ödəmişdir. Onların aralarında qalan hesab 8150 manatdır. Dəfələrlə paltar yuyan maşın alıb vermək istəsə də, Ruslan razılaşmamışdır. Onun cavabdehə 8150 manatdan və “Vestel” markalı paltar yuyan maşından başqa iddiaçıya hər hansı borcu yoxdur və iddiaçının ondan tələb etdiyi məbləğdə pula dair heç bir müqavilə, qəbz və digər sənəd də yoxdur. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə saxlanması üçün 32000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin pul vəsaitindən maşın alınması üçün 9000 manat və həmin maşının təmiri üçün 1000 manat olmaqla, ümumilikdə 10000 manat pul vəsaitini cavabdehdən geri tələb etmiş, cavabdehdə həmin vəsaiti qaytarmışdır. Daha sonra 2000 manatı da cavabdeh ona qaytarmış və cavabdehdə ona məxsus 20000 manat məbləğində pul vəsaiti qalmışdır. Həmin məbləğdən isə hər hansı pul vəsaiti ona geri qaytarılmamışdır. Cavabdehin evində qaldığı müddət ərzində “Vestel” markalı paltar yuyan maşını kreditlə əldə etmişdir ki, həmin paltar yuyan maşında ona geri qaytarılmalıdır. Qarşı tərəfin məhz ona Oleq adlı şəxsə vermək üçün 500 manat məbləğində pulun qaytarılması ilə bağlı qeyd edir ki, həmin 500 manat məhz 22000 manatdan qaytarılmışdır və 500 manatın sonda ona qaytarılmalı olan 20000 manat məbləğinə aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı onun evində 1 il 2 ay müddətində yaşamışdır. İddiaçının anası vəfat etdikdən sonra qardaşı ilə birlikdə anasının evi satmışlar və həmin evin satışından iddiaçıya 32.000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı da onu öz anası kimi görmüş, anasının evinin satışından əldə edilən pul vəsaitini, eləcə də qızıl-zinət əşyalarını saxlamaq üçün ona vermişdir. Lakin, cavabdeh sonradan avtomaşın alınması məqsədilə həmin pulun müəyyən hissəsini ondan geri tələb etmiş, daha sonra isə avtomobilin təmir ilə bağlı 1.000 manat məbləğini pul vəsaitini ondan almışdır. İddiaçı onun evində yaşadığı 1 il 2 ay müddətində ona qulluq etmiş, qayğısına qalmışdır. Lakin, buna görə ondan hər hansı vəsait tələb etməmiş və bu barədə hər hansı razılaşmaları olmamışdır. “Vestel” markalı paltar yuyan maşına münasibətdə isə qeyd edir ki, həyat yoldaşı da iddiaçıya dəfələrlə demişdir ki, həmin paltar yuyan maşının təzəsini alıb ona təhvil verməyə hazırdırlar. Günü sabah da həmin paltar yuyan maşını iddiaçıya verməyə razıdır və buna etiraz etmir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əliyev Kənan tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, tərəflər arasında yaranmış münasibətlər mülki xarakterli olduğundan, İddiaçı Cavabdeh qarşı olan tələbi mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda Cavabdeh izahatı aşağıdakı məzmunda ifadə edilmişdir: “Təxminən 12 ilə yaxındır ki, İddiaçıı tanıyıram. Onunla uzun müddət ailəvi dost olmuşam. 2020-ci il yay aylarında Ruslan mənə saxlamaq üçün 15 qram qızıl-zinət əşyası vermişdir. 2021-ci ilin iyul ayında Ruslan mənə 22.000 manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında qalacaq yeri olmadığı üçün mən onu evimdə qalması üçün dəvət etmişəm. Ruslanın mənə pulu verməkdə məqsədi özünün deməsinə görə özündə qalacağı təqdirdə xərcləyə bilməsi ehtimalı olmuşdur. 2022-ci ilin noyabr ayında Ruslan mənə vermiş olduğu pulu geri tələb etdikdə mən ona ümumilikdə 2.000 manat məbləğində pul vermişəm. Qızıl-zinət əşyalarını lombarda girov qoymuşam və 20.000 manatı isə xəstə anamın dərmanlarına xərcləmişəm. Aldığım 20.000 manat pulu və qızıl-zinət əşyasını qısa zamanda qaytaracağıma dair söz verirəm”. xx.xx.2024-cü il tarixli, 1043 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 282 nömrəli müqavilə üzrə ******************** nömrəli hesaba 400 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 160 manat (155 manat + 5 manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406. Müqavilənin forması. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 822. Saxlama müqaviləsi. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824. Yük götürənin (saxlayıcının) vəzifələri. 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 826. Əvəz edilə bilən əşyaların saxlanması. 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli və iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ötrü tərəflər arasında bağlanmış saxlama müqaviləsinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bunun üçün saxlama müqaviləsinin anlayışına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırkı iş üzrə cavabdehə saxlamaq üçün ümumilikdə 32.000 manat məbləğində pul vəsaitini, “Vestel” markalı paltar yuyan maşını, eləcə də mərhum anasına aid olan qızıl-zinət əşyasını vermişdir. İddiaçı polis orqanlarına müraciət etməzdən əvvəl müxtəlif ehtiyaclara yaranmış tələbatını ödəmək məqsədilə cavabdehə saxlamaq üçün verdiyi ümumi pul məbləğindən 12.000 manatı geri tələb etmiş və həmin pul vəsaiti iddiaçıya geri qaytarılmışdır. Qaytarılmayan pul məbləği, eləcə də qızıl-zinət əşyaları da cavabdehdən geri tələb edilsə də, cavabdeh həmin əşyaları iddiaçıya qaytarmamışdır. Bu səbəbdən, iddiaçı qaytarılmayan 20.000 manat pul vəsaitinin və qızıl-zinət əşyalarının əldə edilməsi üçün polis orqanlarına müraciət etmiş, lakin müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırkı tələblə məhkəməyə müraciət edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə həqiqətən də iddiaçı tərəfindən saxlanma üçün 32000 manat məbləğində pul vəsaitinin, qızıl-zinət əşyalarının və “Vestel” markalı paltaryuyan maşının ona verilməsi faktını mübahisələndirməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazında və ona uyğun olaraq verdiyi izahatında iddiaçı tərəfindən saxlanılması üçün verilmiş (32.000 manat) pul vəsaitindən 10.000 manatı maşının alınması üçün, 1000 manatı maşının təmiri üçün, iddiaçının onun evində qaldığı müddət üçün hər ay 500 manatdan hesablamaqla saxlamaq üçün verilmiş pul vəsaitindən çıxdığını, 500 manat pulun iddiaçı tərəfindən Oleq adlı şəxsə verilməsi üçün alındığını, həmin puldan 2000 manatı, 3 dəfə dalbadal 1000 manat və 1000 manat da əlavə maşın üçün verildiyini bildirmişdir. Daha sonra cavabdeh bir dəfə 650 manat, bir dəfə 300 manat, bir dəfə də 700 manat olmaqla pul vəsaiti qaytardığını, xırda-xırda, dəfələrlə 100-150 manat pul ödədiyini və iddiaçı ilə aralarında qalan hesabın 8150 manat məbləğində olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə saxlanma üçün ümumilikdə 32000 manat məbləğində pul vəsaiti, anasına aid olan qızıl-zinət əşyaları, eləcə də “Vestel” markalı paltaryuyan maşını verilmişdir. Sonradan 12.000 manat məbləğində pul vəsaiti və iddiaçının anasına məxsus qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılması faktı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin özü də məhkəmə iclasında verdiyi izahatında 32000 manat məbləğindən 10000 manatı maşının alınması və təmiri ilə əlaqadər qaytardığını bildirmiş və cavabdehə son olaraq qalıq qalmış 22000 manatdan 2000 qaytardığını etiraf etmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının 04:27 – 04:40-cı dəqiqələri). İşin mübahisəli halı 20000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlıdır ki, cavabdeh öz etiraz ərizəsində iddiaçıya müxtəlif vaxtlarda həmin vəsaitdən müəyyən məbləğlərdə pul qaytardığını, eləcə də hər ay saxlanılması üçün verilən puldan 500 manatı iddiaçının onun evindən istifadə etməsinə görə kirayə haqqı kimi götürdüyünü bildirsə də(məhkəmə tərəfindən verilən suala cavabında cavabdeh iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir), cavabdeh öz etirazının əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilməmiş, iddia tələbinin rədd edilməsi üçün əsas olan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq şifahi formada saxlama müqaviləsi bağlanmış, İddiaçı (tapşıran) saxlanılması üçün pul vəsaitini Cavabdeh (saxlayıcı) vermiş, lakin sonuncu həmin müqavilənin şərtlərinə zidd olaraq həmin vəsaitdən 12.000 manatı qaytarmış, lakin 20.000 manatı istifadə edərək onu iddiaçıya qaytarmamış, bununla da saxlayıcı öz üzərinə götürdüyü öhdəliyi vicdanla yerinə yetirməyək, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). İddia tələbinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya məxsus əşyanın geri qaytarılması ilə bağlı hissədə isə qeyd edilməlidir ki, Cavabdeh “Vestel” markalı paltaryuyan maşının iddiaçıya geri qaytarılması ilə bağlı hissədə iddia tələbini qəbul etmiş və bu halın əksini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə iddiaçının həmin hissədə etirafını qəbul edərək iddia tələbini həmin hissədə əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı ixtisaslı hüquqi yardım almaq məqsədilə vəkilə müraciət etmiş və bu məqsədlə sonuncuya 400 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu isə iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə sübuta yetirilmişdir. Məhz bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. İddia tələbinin cavabdehdən 3000 manat məbləğində dəymiş zərərin əvəzinin alınaraq iddiaçıya ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halın mövcudluğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 160 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (20400 manat) mütənasib olan 151.2 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti, 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaiti və ödənilmiş 151.2 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, “Vestel” markalı paltar yuyan maşın Cavabdeh alınaraq İddiaçı qaytarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, 400 (dörd yüz) manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaiti və ödənilmiş 151.2 (yüz əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. “Vestel” markalı paltar yuyan maşın Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar