Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3352/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 mənzil 5a ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Zəngilan rayonu 1993-cü ildə ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərinə gəlmiş, atası uşaqları ilə birlikdə onu öz yaşadığı ünvana, yəni ünvan 3 mənzil 5-ə qeydiyyata salmışdır. 1993-cü ilin iyun ayında atası mənzili kiçik bacısı X2 adına keçirmişdir. xx xxxx 1999-cu ildə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun sərəncamı ilə atasının yaşadığı evin həyətində ona ölçüsü 4x4.5 metr, yəni 18 m2 olan bir otaqlı yaşayış otağının tikilməsinə icazə verilmişdir. Təxminən 2000-ci ildə həmin evin tikintisi başa çatdırılmışdır. Belə ki, onun inşa etdirdiyi tikili bacısının yaşadığı üç mərtəbəli bina evinin həyətində tikilmiş və həyətyanı torpaq sahəsi hasara alınaraq qapı qoyulmuşdur. O, öz yaşadığı evə girmək üçün maneələrlə rastlaşdığı üçün onun tələbi ilə yaşadığı mənzilə yeni qapı qoyulması haqqında Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul etmiş, sonradan Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən öz qüvvəsini saxlamışdır. Beləliklə, onun həmin mənzildə istifadə hüququ apellyasiya və kassasiya qaydasında dolayısıyla tanınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-931/2019 saylı qətnaməsi ilə onun cavabdeh Həsənova Sürayyə Haqverdi qızına qarşı “qapının açılmasına dair maneənin aradan qaldırılması” tələbi təmin edilməmiş, ünvan 6 mənzil 5-in önündəki həyətyanı torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikilidən küçəyə baxan hissəyə qapının açılması ilə bağlı hər hansı maneənin törədilməsinin cavabdehə qadağan edilməsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı o, iddia predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 6 mənzil 5-in önündəki həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən inşa olunmuş tikilidən küçəyə baxan hissəyə qapının açılması ilə bağlı hər hansı maneənin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-931/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Bu qətnamə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin MK tərəfindən öz qüvvəsində saxlanılmışdır. Bundan başqa, onun mənzilinə dair şəxsi hesab kitabı verilmiş, MKİS ilə aralarında mənzilin istifadə olunması üçün müqavilə bağlanmışdır. Sonradan bacısı Sürəyya Həsənovanın iddiası ilə ona məxsus mənzildən istifadə hüququ itirilmiş və həmin mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Məhkəmə öz qətnaməsində onun 2000-ci ildən bu günə kimi istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilə köçərək orada yaşamasını müəyyən etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək,məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarınıdinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 8317/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-931/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilmiş, ünvan 6 mənzil 5-in önündəki həyətyanı torpaq sahəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxx 1999-cu il tarixli, 447 nömrəli sərəncamı əsasında İddiaçı tərəfindən inşa olunmuş küçəyə baxan divarında qapının açılması ilə bağlı hər hansı maneənin törədilməsi Həsənova Sürayyə Haqverdi qızına qadağan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-8079/2019 saylı qərarına əsasən, cavabdeh Həsənova Sürayyə Haqverdi qızının kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8317/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 137 saylı MKİS və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə görə kirayə verən Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 137 saylı MKİS V.Quliyev küçəsi, ev 4, mənzil 5a-da yerləşən, mənzil fonduna aid, ümumi sahəsi 15 m2, yaşayış sahəsi 15 m2 olan bir otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz olaraq kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 137 saylı MKİS tərəfindən tərtib edilmiş ünvan 6 mənzil 5a ünvanında yerləşən mənzilin sxemi də iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 447 nömrəli sərəncamından görünür ki, İddiaçı yaşadığı mənzilin həyətində 4x4.5 m ölçüdə yaşayış otağının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, H-115-151 nömrəli məktubdan görünür ki, İcra hakimiyyəti tərəfindən ünvan 5 mənzil 5 ünvanında yerləşən, sahəsi 18 m2 olan yaşayış otağının çölə baxan divarında qapı oyuğunun açılmasına etiraz edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ünvan 6 mənzil 5 ünvanında yerləşən həyətyanı torpaq sahəsindəki onun özü tərəfindən tikilmiş və tikintisinə icazə verilmiş mənzildə yaşayır. Bu icazə ona Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 447 nömrəli sərəncamına uyğun olaraq verilmişdir. Lakin həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Buna baxmayaraq, məhkəmə hesab edir ki, İddiaçı müvafiq mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmaması onun mənzildən istifadə hüququnun tanınmasına əngəl deyil. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olsa da əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə məhdudlaşmır. Əksinə, əmlakdan istifadə edən və mülkiyyətçi olmayan şəxsin əmlak hüququ kimi istifadə hüququ qanunla tanınır və qorunur. Hazırkı işə baxdıqda isə görünür ki, ünvan 7 mənzil 5 ünvanında yaşayış otağı tikməyə icazə İddiaçı hələ 1999-cu il tarixdə verilmişdir və tikilmiş mənzildən iddiaçı uzun müddətdir ki faktiki istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həmin mənzilin qanuni mülkiyyətçisidir. Təsadüfi deyil ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi və Ali Məhkəmənin qərarında da həmin tikilinin İddiaçı qanuni istifadəsində olması müəyyən edilmiş, bununla bağlı hər iki qərarda xüsusi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı müvafiq mənzil üzərində istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir. Odur ki, hazırkı qətnamə ilə həmin halın yenidən sübut edilməsinə ehtiyac yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ünvan 7 mənzil 5 ünvanında tikilmiş və mənzil kommunal istismar sahəsi tərəfindən yeni - 5a ünvanıyla qeyd edilmiş mənzil İddiaçı qanuni istifadəsindədir və onun həmin mənzil üzərində istifadə hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. İddiaçı ünvan 1 mənzil 5a ünvanında yerləşən mənzildən istifadə hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3352/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3352/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver