Məhkəmə qərarları › İş №2(010)-3377/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3377/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3377/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" KB ASC) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış ərizə və xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27,50% ödəmək şərtilə 6000 manat məbləğində kredit xətti açılmışdır.

2. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh hesabına 6000 manat pul köçürülmüşdür.

3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASCyə 5846,51 manat əsas, 904 manat faiz borcu, 12,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6763,23 manat borcu vardır.

4. xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

5. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 87,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

6. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 5846,51 AZN əsas, 904 AZN faiz, 12,72 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6763,23 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 87,64 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış ərizə və xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27,50% ödəmək şərtilə 6000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 5846,51 AZN əsas, 904 AZN faiz, 12,72 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6763,23 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

Tərəflərin izahatları

9. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, borc məbləğini qəbul edir. Sadəcə olaraq, borcun qrafikə salınması və aylıq ödənişlər şəklində müəyyən olunmasınını istəyir. Məhkəmədən kənar isə bankla hər hansı bir razılığa gəlməkləri mümkün olmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

13. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

14. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum oldu kimi, iddiaçı cavabdehə kredit vermişdir. Göründüyü kimi iddiaçı müqavilənin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 5846,51 manat əsas, 904 manat faiz borcu, 12,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6763,23 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,64 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh kredit borcuna görə 5846,51 manat əsas, 904 manat faiz borcu, 12,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6763,23 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 5846,51 manat əsas, 904 manat faiz borcu, 12,72 manat cərimə borcu olmaqla, cəmi 6763,23 (altı min yeddi yüz altmış üç manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,64 (səksən yeddi manat altmış dörd qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar