Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3382/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2676 manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 gün sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli, 399-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 105-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Oba-Zığ 2 mağazasında çalışdığı zaman aparılış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məblği 3670 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 994 manat güzəşt edilmiş, qalıq borc 2676 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cəmiyyət üzrə xx.xx.2017-ci il tarixli 108.1-K saylı əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - Tam maddi məsuliyyət haqqında xx.xx.2017-ci il tarixli müqavilədən göründüyü kimi Cavabdeh İddiaçı MMC qarşısında satıcı-kassir vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyətlə öz üzərinə götürmüşdür. Cəmiyyət üzrə xx.xx.2017-ci il tarixli 399-K saylı “Vəzifəyə dəyişiklik haqqında əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin xx.xx.2017-cı il tarixindən Baş satıcı vəzifəsinə keçirilmişdir. - Tam maddi məsuliyyət haqqında xx.xx.2017-ci il tarixli müqavilədən göründüyü kimi Cavabdeh İddiaçı MMC qarşısında Baş satıcı vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyətlə öz üzərinə götürmüşdür. Cəmiyyət üzrə xx.xx.2017-ci il tarixli 444-K saylı “Vəzifəyə dəyişiklik haqqında əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinə xx.xx.2017-cı il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. - Tam maddi məsuliyyət haqqında xx.xx.2017-ci il tarixli müqavilədən göründüyü kimi Cavabdeh İddiaçı MMC qarşısında Administrator vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyətlə öz üzərinə götürmüşdür. Cəmiyyət üzrə xx.xx.2019-cu il tarixli 105-K saylı imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2019-cu il tarixdə Oba–Zığ 2 mağazasında inventarizasiya aparılmışdır. - xx.xx.2019-cu il tarixli inventarizasiya Nəticələrinə” dair yekun Akta və xx xxxx 2019-cu il tarixli iltizamnaməyə əsasən yekun ziyan məbləği 7154.54 manat olmuşdur. - xx.xx.2019-cu il tarixdə Oba–Zığ 2 mağazasında inventarizasiya aparılmışdır. - xx.xx.2019-cu il tarixli inventarizasiya Nəticələrinə” dair yekun Akta və xx xxxx 2019-cu il tarixli imtina aktına əsasən yekun ziyan məbləği 1433.78 manat olmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3670 manat çatışmazlıq müəyyən edilmiş və cavabdeh həmin məbləğdən 994 manatını ödəmiş, hazırda cavabdehin qalıq borcu 2676 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli DN-2076 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borc məbləğini 3 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri olmuşdur. Cavabdehin əmək vəzifələrinə iddiaçı MMC-nin mağazasında satışın təşkili ilə yanaşı, həmçinin malların dövriyyəsinə nəzarət etmək də daxil olub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən
1. əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;... Həmin Məcəllənin 192-ci maddəsinə əsasən
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən ona etibar edilən əmlakı qoruyub saxlamağı üzərinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mağazaya daxil olan mallar cavabdeh tərəfindən imza edilməklə qəbul edilmiş, hətta cavabdeh tərəfindən dəymiş ziyanın bir qismi – 994 manat da iddiaçıya ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır. Sadalanan qanun normalarının tələblərinə istinad edərək məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2676 manat ziyan məbləği tutulmalıdır. Çünki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə görə cavabdehin iddiaçıya münasibətdə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı əmlakına vurulmuş ziyana görə Cavabdeh 2676 (iki min altı yüz yetmiş altı) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov