Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3384/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" KB ASC) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% ödəmək şərtilə 5302 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" KB ASC-yə 5302 manat əsas, 734,24 manat faiz borcu, 41,8 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6078,04 manat borcu vardır.
3. xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun (5302 manat əsas, 505,46 manat faiz, 18,08 manat cərimə olmaqla, cəmi 5825,54 manat) 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
4. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 80,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
5. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
6. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 5302 AZN əsas, 734,24 AZN faiz, 41,8 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6078,04 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,79 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% ödəmək şərtilə 5302 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bumüqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 07 iyun 2024 tarixinə "xxxx" KB ASC-yə 5302 AZN əsas,734,24 AZN faiz, 41,8 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6078,04 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı
Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
13. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum oldu kimi, iddiaçı cavabdehə kredit vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
14. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 5302 manat əsas, 734,24 manat faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl "xxxx" KB ASC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında 5302 manat əsas, 505,46 manat faiz, 18,08 manat cərimə olmaqla, cəmi 5825,54 manat məbləğində borcu var və üç iş günü ərzində həmin borcun bütövlükdə ödənilməsi tələb edilir.
15. Məhkəmə hesab edir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
17. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
18. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
19. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 505,46 manat məbləğində olsa da, iddiaçı Bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 734,24 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir.
21. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 505,46 manat həcmində təmin edilməlidir.
22. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 5302 manat əsas, 505,46 manat faiz borcu, 41,8 manat cərimə borcu olmaqla, cəmi 5849,26 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.
Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 3,79 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit borcuna görə 5302 manat əsas, 505,46 manat faiz borcu, 41,8 manat cərimə borcu olmaqla, cəmi 5849,26 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 5302 manat əsas, 505,46 manat faiz borcu, 41,8 manat cərimə borcu olmaqla, cəmi 5849,26 (beş min səkkiz yüz qırx doqquz manat iyirmi altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 3,79 (üç manat yetmiş doqquz qəpik) manat hissəsi isə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.