Məhkəmə qərarları › İş №2(010)-339/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-339/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-339/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyinə görə onun (iddiaçının) tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dah sonra iddia ərizəsinə əlavə verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, məhkəməyə müraciət edildiyi vaxtdan, 2022-ci ilin yanvar ayınadək, Cavabdeh 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin, 2022-ci ilin yanvar ayından isə Cavabdeh 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinilik yaşlarına çatanadak saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin va ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o Cavabdeh ilə 2005-ci ildə nikaha daxil olmuş və sonradan nikahları pozulmuşdur. Birgə nikahda olduqları müddətdə 17.01.2007-ci il təvəllüdlü X3 və 08.05.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.09.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona (İddiaçı) ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Belə ki, cavabdeh uşaqlarla nəinki görüşməyə, heç telefonla əlaqə saxlamağa belə cəhd etməmişdir. Cavabdehlə aralarında olan münasibətləri pozulduğu vaxtdan, birgə nikahdan doğulan uşaqları 17.01.2007-ci il təvəllüdlü X3 və 08.05.2008-ci il təvəllüdlü X8 onun himayəsində yaşayır və uşaqların bütün maddi və mənəvi tələbatları onun tərəfindən təkbaşına ödənilmişdir. Cavabdeh 10 ildən artiq müddətdir ki, uşaqların üzünü belə görməmiş, uşaqların həyatı, sağlamlığı, təhsili və digər tələbatları ilə maraqlanmamışdır. O, isə 2 azyaşlı uşağı təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Belə ki, 08.05.2008-ci il təvəllüdlü qızı X9 zəif görməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 24 nömrəli şəhər poliklinikasında OU-mürəkkəb miopik astiqmatizm diaqnozu ilə dispanser qeydiyyatındadır və mütəmadi olaraq okulistin müayinəsində olur. Uzağı çox zəif gördüyü üçün astiqmat eynək təyin olunub və istifadə edir. Uşaq Refraktometriya, tonometriya müayinələrindən keçir və göz dibi müayinə olunur. 20 yaşınadək daimi eynək korreksiyasi həkim tərəfindən tövsiyyə olunub. Hal-hazırda uşaq astiqmatik eynək taxır və ambulator müalicədədir. Bunların öhdəsindən təkbaşına gəlmək onun üçün çox çətindir. Cavabdeh isə bir ata kimi övladının qayğısına qalmır və öz vəzifələrini layiqincə yerinə yetirmir. Ona görə də alimentin miqdarının artırılması zəruridir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh onun oğludur. O hazırda Optimal Elektronika MMC-də fəhlə işləyir və cəmi 260 manat əmək haqqı alır. Bu ilin yanvar ayından onun əmək haqqının cəmi 300 manat olması ehtimalı vardır. Cavabdeh başqa yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. O özü isə nəvələrinin saxlanılması üçün hər ay aldığı təqaüdündən 108 manat alimentə əlavə edərək iddiaçıya göndərir. Alimentin artırılacağı təqdirdə cavabdehin onu ödəməyə maddi imkanı olmayacaqdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-5239/2018 saylı, 11.09.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.08.2012-ci il tarixli 2(103)-4393/2012 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 17.01.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulması qət edilərək Cavabdeh tutulan alimentin dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə BMİ-0083 saylı arayışdan görünür ki, 22.10.2021-ci il tarixdə saat 10:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir, İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 17.01.2007-ci ildə doğulmuş, valideynləri X10, X6r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 08.05.2008-ci ildə doğulmuş, valideynləri atası, Cavabdeh, anası X6r. İş materiallarına əlavə olunmuş 19.11.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən 20.04.2021-ci il tarixdən Optimal Elektronika MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 260 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 24 saylı şəhər poliklinası tərəfindən verilmiş 02.12.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 08.05.2008-ci il təvəllüdlü X8 zəif görməsi ilə mütəmadi okulistin müayinəsində olur. Eynəklə görməsi sağ gözdə 75%, sol gözdə 55%-dir. Hər üç aydan bir müayinə olunur və ambulator müalicə yazılır. Hal-hazırda uşaq astiqmatik eynək taxır və ambulator müalicədədir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 5239/2018 saylı, 11.09.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.08.2012-ci il tarixli 2(103)-4393/2012 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək qanuni qüvvəsini aldığı vaxtdan 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 154 manat sabit pul məbləği miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-5239/2018 saylı, 11.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində, 2022-ci ilin yanvar ayından isə Cavabdeh 17.01.2007-ci il təvəllüdlü X1 və 08.05.2008-ci il təvəllüdlü X5 yetkinilik yaşlarına çatanadak saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin rəsmi qazancının cəmi 260 manat olması müəyyən olunmuş və iddiaçı tərəfindən onun əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı özü izahatında təsisçi olmaqla kursda fəaliyyət göstərdiyini və hər ay kifayət qədər gəlir əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin əmək haqqının aşağı olmasına baxmayaraq hər ay hər iki uşağa 308 manat sabit pul məbləğində aliment ödəməsi onun əmək haqqı həddini aşan daha çox vəsait xərcləməsinə gətirib çıxarmış və əmək haqqından yüksək miqdarda vəsait ödənilməsi onun üçün əlverişsiz hal yaratmışdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar