Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3390/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 3555,16 ABŞ Dolları əsas borc, 1131,5 ABŞ Dolları faiz borcu, 8514,61 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən, 03.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14.115,47 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 18 ay müddətinə 10200 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 21 noyabr 2013cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.06.2020-ci ilədək Cavabdeh1 banka 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3555,16 ABŞ Dolları əsas borc, 1131,5 ABŞ Dolları faiz borcu, 8514,61 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən, 03.06.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987,83 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh1 onun uzaq qohumunun tanışıdır, indi isə aralarında mübahisə olub və əlaqələri yoxdur. Rəhilə kredit götürmək üçün ondan zamin olmağını xahiş etmiş, o isə yaxın olduqları üçün razılaşmış və zamin olaraq müqavilə imzalamışdır. Rəhilə ilə əlaqə saxlamağa çalışsa da, evində olmadığına görə onunla görüşüb, borcun ödənilməsini tələb edə bilməmişdir. Hazırda sosial müavinət alır və qeyd olunan borc onun müavinətinə yönələcəyi təqdirdə maddi durumu pisləşəcəkdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 22 faizlə 18 ay müddətinə 10200 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 21 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 22.11.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 10.200 ABŞ Dolları məbləğində kredit verilmişdir. 23.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 5 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 14.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3555,16 ABŞ Dolları əsas, 1131,5 ABŞ Dolları faiz, 8514,61 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən, 03.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14.115,47 ABŞ Dolları borcu vardır. 30.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3555,16 ABŞ dolları əsas, 1131,5 ABŞ dolları faiz borcunun və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən, 03.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları məbləğində əldən çıxmış faydanın tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 8514,61 ABŞ Dolları cərimə pulu tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu azaldılaraq 100 ABŞ Dolları müəyyən edilməlidir. Digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan Zaminlik müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, zaminlik müqaviləsi kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 21.05.2015-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilərək, Cavabdeh1 21.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3555,16 ABŞ dolları əsas, 1131,5 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən 03.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5700,86 ABŞ dolları ABŞ dolları məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Zaminliyə xitam verildiyindən cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 iddiaçının qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 18 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 21.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3555,16 ABŞ dolları əsas, 1131,5 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 21.05.2015-ci il tarixdən 03.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 914,2 ABŞ Dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5700,86 (beş min yeddi yüz dollar səksən altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat məbləğində pul Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 18 (on səkkiz) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3390/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3390/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver