Məhkəmə qərarları › İş №2(010)-3411/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3411/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3411/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat verdiyi borc pulun alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-cı ildə “Maarif” nəşriyyatında “Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi” adlı universitetlər üçün dərslik çap etdirərkən həmin nəşriyyatın baş direktorunun müavini olan Cavabdeh ilə tanış olmuş və cavabdeh həmin kitabın nəşr olunmasına kömək etmişdir. 2002-ci ildə yenə cavabdehin vasitəsilə iddiaçının yeni iş yeri olan “Nurlan” nəşriyyatında “Riyaziyyat tarixi” adlı dərs vəsaitini kommersiya yolu ilə çap etdirmişdir. Daha sonra iddiaçı “Kövsər” adlanan “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də bir fundamental əsəri müqavilə yolu ilə nəşr etmiş və müqavilədə nəzərdə tutulan pul məbləğini artıqlaması ilə ödəmişdir. Beləliklə onlar ailəvi tanış olmuş, bir-birilərinin evinə ailəlikcə qonaq getmişlər. Dəfələrlə iddiaçı cavabdehin ailəsi ilə birlikdə İmamzadəyə, ziyarətə aparmış, Göy-gölə səfər etmişlər, yoldaşı ilə birlikdə onlar cavabdehin evində olmuşlar. Hər dəfə xarici ölkələrə gedərkən telefonla əlaqə saxlayaraq, cavabdeh də onları evinə aparmış və orada qarşılayaraq öz xüsusi maşını ilə hava limanına aparmış və bu minvalla onlar cavabdehlə yaxın dost olmuşlar. 2017-ci ilin oktyabr ayında cavabdeh telefonla iddiaçıya zəng vuraraq iddiaçıya demişdir ki, kürəkəni Daxili İşlər Nazirliyində işləyir, Salyan rayonunda maşını ilə adam vurub öldürmüş və buna görə də, ona təcili olaraq 10000 manat pul lazımdır, bir həftə sonra qaytaracaqdır. İddiaçı oğlu Kənanla Gəncənin “Əllər” adlanan yerində 5000 manat pul hazırlayıb cavabdehə borc vermişdir. Cavabdeh pulu iddiaçıdan 10 günlük istəsə də, buna baxmayaraq, borcunu qaytarmamışdır. 3 ay sonra iddiaçı cavabdehə zəng edərək, verdiyi pulu ondan istəmiş, lakin cavabdeh ona biraz vaxt verməsini xahiş etmişdir. Daha sonra müxtəlif bəhanələrlə cavabdeh iddiaçını aldadaraq daha bir neçə gün gözləməsini xahiş etmişdir. Son vaxtlarda isə cavabdeh iddiaçının nömrəsini bloka salmış və onun zənglərinə ümumiyyətlə cavab vermir. Bu hadisə ilə bağlı iddiaçı Nəsimi rayon Polis İdarəsinə şikayət məktubu ilə müraciət etmiş, onlar da işi aidiyyəti üzrə araşdırılması üçün Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə göndərmişlər. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçının polisə ünvanladığı məktubda cavabdehin səs yazıları olan audio diskdən görünür ki, cavabdeh 5000 manat pulu borc aldığını etiraf edərək, qaytaracağını bildirsə də, bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, məhkəməyə cavabdeh tərəfin məhkəmə iclaslarına gəlmədiyinə görə işə qiyabi qaydada baxılmasına etiraz etməməsi barədə əriə ilə müraciət etdi. Cavabdehməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qiyabi şəkildə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Bakı şəhəri, Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək 2017-ci ilin oktyabr ayında əvvəlcədən tanıdığı Cavabdeh 5000 manat pul borc verdiyini, lakin Cavabdeh həmin borcu geri qaytarmadığını bildirmişdir. Araşdırma zamanı materiala əlavə olunmuş 1 ədəd audio diskdən görünür ki, Cavabdeh əvvəlcədən tanıdığı İddiaçı ilə telefon danışığı zamanı sonuncuya 5000 manat pul borcu olduğunu etiraf edərək qaytaracağını bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2017-ci ilin oktyabr ayında Gəncə şəhər “Əlillər” darəsi adlanan yerin yaxınlığında əvvəlcədən tanıdığı Cavabdeh borc olaraq 5000 manat pul vermiş, lakin sonuncu həmin borcunu müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Beləliklə, məhkəmə iclasında işə əlavə edilmiş sənədin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəf üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh iddiaçıdan tələb edilən pul məbləğini götürmüş və qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia qiyabi şəkildə təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar