Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3446/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 4127 manat və 30 manat dövlət rüsümunun, ümumilikdə isə 4157 manat pulun məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüşdür. Yəni hazırkı iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən zaman artıq iş üzrə cavabdeh üç ildən artıq müddətdir ki, vəfat etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəməyə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Qeyd edilən Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Adı çəkilən Məcəllənin 58.1-ci maddəsinə əsasən isə, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansısa mərhələsində mümkündür. Yuxarıda şərh olunun MPM-nin tələblərindən də göründüyü kimi, məhkəmədə fiziki şəxsə qarşı istənilən iddia qaldırılarkən cavabdeh yetkinlik yaşına çatmış fiziki şəxs olmalı və həmin şəxsin öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) olmalıdır. Yəni iddia canlı şəxsə qarşı qaldırılmalıdır. Hazırkı halda isə iddiaçı iddianı vəfat etmiş şəxsə qarşı qaldırmışdır. Halbuki iddia qaldırılana kimi cavabdeh vəfat etmişsə iddiaçı həmin cavabdehin hüquq varislərini müəyyən etməli və məhz həmin hüquq varislərinə qarşı məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə tərəfindən hüquq varisinin əvəz edilməsinə MPM-nin tələbləri baxımından yalnız məhkəmənin artıq icraatında olan hər hansı bir mülki iş üzrə tərəflərdən bir sıradan çıxdıqda yol verilir. Azərbaycan Respublikası MPM-nin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh vəfat etdiyindən və işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəf qərardadı aldığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3446/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3446/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver