Məhkəmə qərarları › İş №2(010)-3462/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3462/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3462/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2760 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin yanvar ayında ona məxsus Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “DEKO” mebel sexindən 4300 manat dəyərində mebel əşyaları sifariş etmişdir. Sifarişçi Cavabdeh və icraçı İddiaçı arasında olan razılaşmaya əsasən Sifarişçi görülən işlərin dəyərini hissəhissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh (sifarişçi) ödəməli olduğu 4300 manatdan 1240 manat ödəniş etmiş, qalan məbləği ödəməyi heç bir səbəb göstərmədən dayandırmışdır. Cavabdeh polis işçisi olduğu üçün Azərbaycan Respublikası DİN-ə şikayət ərizəsi ilə müraciət etmiş, Bakı şəhər BPİ-də bununla bağlı araşdırılma ararılan zaman cavabdeh 3060 manat məbləğində qalıq borcunu 2023-cü ilin yanvar ayında tam qaytaracağına söz verdiyi üçün aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh qalan borcdan cəmi 350 manat ödəmiş, qalan məbləğin ödənilməsindən yayınmışdır. Sonradan cavabdeh qalan məbləği ayda 200 manat olmaqla hissə-hissə ödəyəcəyini vəd etsə də, onun əvvəllər də üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, qalan borcun tam ödənilməsini tələb etmişdir. Lakin ötən müddət ərzində heç bir ödəniş etməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə etmiş, məhkəməyə ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etmiş, məhkəməyə ərizə təqdim edərək, iddiaçının ona qarşı qaldırdığı 2760 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2136/2023 nömrəli əmrindən görünür ki, polis polkovnik-leytenantı Cavabdeh 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Deko” mebel sexindən 4300 manat dəyərində mebel əşyaları sifariş edərək, ödənişi hissə-hissə ödəyəcəyi barədə vətəndaş İddiaçı ilə razılığa gəlmiş, razılığa əsasn 2022-ci ilin iyun ayınadək 1240 manat ödəniş etsə də, sonradan vədinə əməl etməməklə barəsində haqlı şikayətə zəmin yaratdığı, bununla da DİN 2055-130 saylı əmrinin tələblərini pozduğu üçün Nəsimi rayon 20-ci polis bölməsinin polis polkovnik-leytenantı Cavabdeh töhmət elan edilmişdir.

İşin faktiki halları.

7. Cavabdeh və İddiaçı arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh-sifarişçi iddiaçı-podratçıya 4300 məbləğində mebel sifariş etmiş, pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin pulun 2760 manat hissəsi ödənilməmiş qalmışdır.

8. İddiaçı şikayəti əsasında polis əməkdaşı olan Cavabdeh öhdəliyini lazımınca icra etməyərək vətəndaşın haqlı şikayətinə səbəb olması əsası ilə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən töhmət elan edilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

11. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı (podratçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında mebel hazırlamağı öhdəsinə götürmüşdür. İş materiallarından və tərəflərin izahatlarından belə görünür ki, ödənilməli pulun (muzdun) bir hissəsi (2760 manat) Sifarişçi tərəfindən Podratçıya tam ödənilməmişdir.

12. Cavabdeh işin bu hallarını mübahisələndirməmiş, əksinə iddianı qəbul edərək, məhkəməyə iddianın etirafı barədə ərizə təqdim etmişdir.

13. Yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Məhkəmə, hazırkı iş üzrə tərəflər arasında podrat müqaviləsi bağlandığını, bu müqavilənin yalnız tərəflər üçün hüquq və vəzifələr yaratdığını, hazırkı mübahisənin məhz həmin müqavilədən qaynaqlandığını, dolayısı ilə cavabdeh tərəfindən edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir.

15. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2760 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət üçün 57.6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin rüsum iddiaçı yox, cavabdeh tərəfindən ödənilmişdir. Üstəlik, ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə mütənasib olan rüsumdan (47.6) artıq olmuşdur.

17. Məhkəmə hesab edir ki, iddia təmin edilmiş olsa belə, rüsumu ödəyən tərəf cavabdeh olduğundan cavabdehdən iddiaçının xeyrinə heç bir rüsum tutulmamalı, artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsindən cavabdehə qaytarılmalıdır.

18. Bu hissədə məhkəmə onu da qeyd edir ki, iddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilsə də, məhkəmə, dövlət rüsumu ilə bağlı məsələni iddia tələbinin tərkib hissəsi kimi deyil, qanunla məhkəmə tərəfindən həll edilməli olan məhkəmə xərclərinin bölünməsi kimi qiymətləndirdiyindən iddianın tam təmin edildiyi nəticəsinə gəlir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2760 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən cavabdehə qaytarılmalıdır.

20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2760 (iki min yeddi yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar