Məhkəmə qərarları › İş №2(010)-3473/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3473/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3473/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 016 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2126 ABŞ dolları əsas, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 323.10 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 4254.12 USD və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydadada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli, 016 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 24% faiz ödənilmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 016 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kredit və ona hesablanmış faizi vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2015-ci il tarixli, 016 saylı kredit müqaviləsi üzrə 2126 ABŞ dolları əsas, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 323.10 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 4254.12 USD borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı bankdan götürdüyü kredit vəsaitinə görə ödənişlər etmiş, lakin sonradan maddi vəziyyəti ağırlaşdığına görə ödənişləri dayandırmışdır. Öhdəliyin icrasından boyun qaçırmır, lakin borcu və ona hesablanmış faiz borcunu birdəfəyə deyil, hissə-hissə ödəyə bilər. Eyni ilə cərimə borcunun şişirdildiyini bildirərək onun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, tutulması tələb olunan borcla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli 016 saylı kredit müqaviləsi ilə əlaqədar imzaladığı zaminlik müqaviləsindən irəli gəldiyindən o, Cavabdeh1 ilə birgə məsuliyyətini dərk edir, lakin hazırda maddi imkanları həmin borcu ödəməyə imkan vermədiklərinə görə ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 016 saylı kredit müqaviləsindən görünür ki, «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 016 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2126 ABŞ dolları əsas borc, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 323.10 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 4254.12 USD məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun xx.xx.2015-ci il tarixli, 016 saylı kredit müqaviləsi üzrə 2126 ABŞ dolları əsas, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə borcu yaranmışdır. Bununla belə, məhkəmə hesab edir ki, iddianın "295,80 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 10 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin məhkəmə hesab edir ki, "müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 323.10 ABŞ dolları faiz borcunun tutulması" hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir;… Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Bu baxımdan məhkəmə bu hissədə iddia tələblərinə qiymət verib hesab edir ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (2 il 11 ay 29 gün) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh2 münasibətdə iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh1 - “Borcalan” arasında bağlanmış 016 saylı kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh1 2126 ABŞ dolları məbləğində əsas kredit borcu, 763 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 2899 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar