Məhkəmə qərarları › İş №2(010)-348/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-348/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-348/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Əliyev Ruhid Əhməd oğluna İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Əliyev Ruhid Əhməd oğlu İddiaçı ASC-dən illik 21,37% olmaqla 36 ay müddətinə 27000 manat məbləğində kredit götürmüşdür. Əliyev Ruhid Əhməd oğlunun kredit müqaviləsinə dair öhdəliyi üzrə Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır.

3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından və kassa məxaric orderindən görünür ki, Əliyev Ruhid Əhməd oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcu bağlanaraq, onun hesabına 13903 manat məbləğində pul köçürülmüşdür.

4. Məhkəmə sorğusuna əsasən 4 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisindən xx.xx.2023-cü il tarixli, 2V-1, 2, 3 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-103 reyestr nömrəli notariat işləri göndərilmişdir. Notariat işinə əlavə olunmuş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 280954 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Ruhid Əhməd oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Ruhid Əhməd oğlunun vərəsəsi Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak “Lombardcini" Lombard Kreditləri tərəfindən xx.xx.2022-ci il tarixli, 019/L/22 nömrəli məktuba əsasən kredit borcundan ibarətdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Ruhid Əhməd oğlunun vərəsəsi Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2647-05/12 nömrəli məktuba əsasən əmək haqqının üç misli 1862 (bir min səkkiz yüz altmış iki) manat 64 qəpik pul vəsaitindən ibarətdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Ruhid Əhməd oğlunun vərəsəsi Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak Bank Respublika ASC-nin xx.xx.2022-ci il tarixli, 3717 nömrəli məktuba əsasən 22 nömrəli depozit seyfindən ibarətdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Ruhid Əhməd oğlunun vərəsəsi Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 5, mənzil 13 ünvanından ibarətdir. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 5, mənzil 13 “X2” ASC-də ipoteka ilə yüklüdür.

5. xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlərə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyev Ruhid Əhməd oğlunun İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən 25901,01 manat əsas; 2126,99 manat faiz, 216,07 manat cərimə borcu olmaqla, cəmi 28244,07 manat borcu var.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 174,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/327/2024 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan cavabdeh Əliyev Ruhid Əhməd oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 11-MCR-1-1914-21/2 saylı kredit verilməsinə dair razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Əliyev Ruhid Əhməd oğlunun iddiaçı banka xx.xx.2022-ci il tarixə (maliyyə arayışının tərtib olunduğu tarixə) banka olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 25916,44 manat, faiz borc üzrə - 2113,81 manat.

İşin faktiki halları

9. İddiaçı ASC ilə Əliyev Ruhid Əhməd oğlu arasında xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmanın, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələrinin bağlanması, Əliyev Ruhid Əhməd oğlunun ölməsi və borcun mərhumunun vərəsəsi Cavabdeh1 və zaminlərdən tələb olunması işin mübahisəsiz halıdır.

İddia tələbi

10. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 25901,01 AZN əsas borc, 2126,99 AZN faiz borcu və 54,02 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 28082,02 AZN və 174,25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ərizə təqdim edərək, iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasında maliyyə arayışının tarixində və məbləğlərdə texniki olaraq səhvə yol verildiyini, iş materiallarına uyğun olaraq maliyyə arayışının tarixi xx.xx.2022-ci il və həmin maliyyə arayışında göstərilən əsas borc üzrə 25901.01 manat, faiz borcu üzrə 2126.99 manat, cərimə borcu üzrə borc məbləği 216.07 manat qeyd olunmalı olduğunu bildirmiş və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 25901.01 AZN əsas borc, 2126.99 AZN faiz borcu və 54.02 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 28082.02 AZN və 174.25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəfin izahatı

12. Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi və digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, tələb etdikləri məbləğ ilə rəydə göstərilən məbləğ arasında, demək olar ki, dəyişiklik yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

14. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verən Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 ekspert rəyi ilə razı olduğunu, buna görə də yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini vermiş, krediti alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhumun vərəsəsindən və zaminlərdən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi Əliyev Ruhid Əhməd oğlunun vərəsəsi olan Cavabdeh1 mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.

20. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə və zaminliyə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri və zaminləri tərəfindən icra edilməlidir.

21. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı işdən görünür ki, miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı vərəsə tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi təmin olunmalıdır.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən Əliyev Ruhid Əhməd oğlunun iddiaçı banka xx.xx.2022-ci il tarixə (maliyyə arayışının tərtib olunduğu tarixə) banka olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 25916,44 manat, faiz borc üzrə - 2113,81 manat. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də məhkəmə rəyi nəzərə alaraq cavabdehlərdən xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 25901,01 manat əsas, 2113,81 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28068,84 manat borcun tutulması barədə tələb əsaslıdır. İddiaçı ASC ərizə təqdim edərək, maliyyə arayışının tarixində və məbləğlərdə texniki olaraq səhvə yol verildiyini, iş materiallarına uyğun olaraq maliyyə arayışının tarixi xx.xx.2022-ci il və həmin maliyyə arayışında göstərilən əsas borc üzrə 25901.01 manat, faiz borcu üzrə 2126.99 manat, cərimə borcu üzrə borc məbləği 216.07 manat qeyd olunmalı olduğunu bildirsə də, yenidən 25901,01 manat əsas, 2126,99 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28082,02 manatın tutulmasını xahiş etdiyi üçün məhkəmə iddia tələbindən kənara çıxmayaraq həmin tələb üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1,10 manat hissəsi iddiaçıya aid edilməlidir.

25. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 25901,01 manat əsas, 2113,81 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28068,84 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit razılaşmasına əsasən 25901,01 manat əsas, 2113,81 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28068,84 (iyirmi səkkiz min altmış səkkiz manat səksən dörd qəpik) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 (bir yüz yetmiş dörd manat altmış beş qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1,10 (bir manat on qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar