Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3482/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə nikahı Suraxanı rayon məhkəməsinin 2(010)-2929/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra həmin qətnaməyə əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008ci il təvəllüdlü X4 iddiaçının himayəsində qalıb və onların saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin həmin alimentin məbləği Suraxanı rayon məhkəməsinin 2(010)- 3145/2022 nömrəli xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən dəyişdirilərək cavabdehdən xeyrimə uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması təyin edilib. Cavabdeh uşaqların saxlanmasında və onların təminatlarının ödənilməsində çətinlik çəkməsinə baxmayaraq ona heç bir köməklik göstərmir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)- 3145/2022 saylı xx.xx.2022-ci qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 193 manat sabit pul məbləğində aliment uşaqların saxlanmasına üçün kifayət etmir. Belə ki, övladlarının yaşı artdıqca onların tələbatı da artır. Həmçinin xx.xx.2005-ci il təvəllüdlü X5 hazırda 2-ci kursda oxuyur. Cavabdeh onun təhsili ilə bağlı maddi çətinlik çəkməsinə baxmayaraq iddiaçıya heç bir köməklik göstərmir. Ona görə aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı problemin həlli ilə bagli Mediasiya Şurasına müraciət etmiş, lakin bu məsələ ilə bağlı onlara məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun maddi vəziyyəti ağırdır. O, heç yerdə işləmir, himayəsində xəstə anası və oğlu əsgərlikdə olan bacısı var, bütün ailə üzvləri onun himayəsindədir. Maddi vəziyyəti çox ağırdı. Əvvəl iki uşağının saxlanılması üçün aliment ödəyirdi, hazırda bir oğlunun saxlanılması üçün aliment ödəyir. İş materialları Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-2929/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00593 saylı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh ilə İddiaçı alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 14:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulur. Hazırda iddiaçı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Tərəflərin digər övladı Əli artıq yetkinlik yaşına çatmışdır. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, tərəflərin övladı Mehdinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x12= 2640manat) mütənasib olan 46,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3482/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3482/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova