Məhkəmə qərarları › İş №2(010)-3483/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3483/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3483/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 11160 manat borc pulun, 130 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilin hesabına ödədiyi 120 manat olmaqla, ümumilikdə 13350 məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh təqribən 2006-cı ildən tanıyıram. Cavabdeh həyat yoldaşımın uzaq qohumu ilə qonşuluqda yaşayır. Biz hərdən qohumumgilə qonaq gedəndə cavabdehi görürdük və onunla bəzi söhbətlər edirdik. Beləliklə, aramızda tanışlıq münasibəti yaranmışdı. Dediyinə görə, salonda “qadın dəlləyi” işləyir və kifayət qədər qazancı olur və eyni zamanda gözünə görə 560 (beş yüz altmış) manat “əlillik” pensiyası alır. Evinə getdiyimiz qohumumun oğlu ilə ailə qurmaq fikrində olması bizi daha da yaxınlaşdırmışdır. Eyni zamanda söhbət zamanı mən Amaliyaya demişdim ki, yaxın bir tanışım var, hərdən mənə təcili olaraq pul lazım olanda, həmin tanışımdan alıram və dediyim vaxt qaytarıram. Bu söhbətlərdən bir müddət sonra, təqribən 2009-cu ilin yay aylarında Amaliya dedi ki, ona 1-ci dəfə 800 (səkkiz yüz) manat pul lazımdı və pulu tez bir zamanda qaytaracaq. Mən ona inanaraq, kömək etmək məqsədilə tanışımdan 800 (səkkiz yüz) manat pul aldım və Amaliya gələrək həmin pulu bizim evdə məndən götürdü. Mən ona inandığım üçün həmin pulu Amaliyaya verdim. Amaliya həmin pulu dediyi vaxt qaytardı. Bundan sonra Amaliya ilə aramızda pulla bağlı söhbət olmayıb. Təqribən 2019-cu ildə pandemiya dövründə Amaliya məndən 600 (altı yüz) manat pul istəyib və mən həmin tanışımdan 2-ci dəfə 600 (altı yüz) manatı götürərək öz evimdə Amaliyaya verdim. Amaliya bu pulu da dediyi vaxt qaytardı. Bundan sonra 2021-ci ilin yay aylarında 800 (səkkiz yüz) manat pul istədi və mən həmin pulu tanışımdan alaraq öz evimdə Amaliyaya verdim. Amaliya həmin məbləği dediyim vaxtda üstündə şirinliyi ilə qaytardı. 2022-ci ilin dekabr ayının 13-də Amaliya bizə gələrək dedi ki, onun bir tanışının, hansı ki, ola bilsin ailə quracaq, evinin və maşınının ödənişləri var, həmin ödənişləri ödəyib evi, ya maşını satıb pulu qaytaracaq, şirinliyini də verəcək. Ona təcili olaraq 1500 (min beş yüz) manat lazımdı. Mən yenə həmin tanışımdan alaraq, öz evimdə 3-cü dəfə 1500 (min beş yüz) manat pulu Amaliyaya verdim. Amaliya pulu uzağı bir aya qaytarmağa söz vermişdi, lakin 2023-cü ilin yanvar ayının 13-də, 1860 manat, 15 yanvar 2023-də 1500 manat, 15 fevral 2023-cü ildə 300 manat aldıqdan sonra 2023-cü ilin fevral ayının 16-da dedi ki, götürdüyü pullar borcu ödəmədi, bu qədər pul lazım olduğunu bilmirdilər, təzədən 6000 (altı min) manat pul lazımdı. Bu pul olsa, onda evi və maşını sataraq borcları qaytararlar. Yox əgər bu pulu ödəməsələr, evi və maşını sata bilməyəcək, onda borcları ödəmək mümkün olmayacaqdı. Mən evi və maşını sataraq pulu qaytarsın deyə ona məcburən həmin tanışımdan 6000 (altı min) manat götürdüm və Amaliya bizə gəlib dedi ki, ona 3000 manat kifayətdir. Lakin 3000 (üç min) manatı alıb evdən çıxandan sonra, dərhal geri qayıdaraq dedi ki, qoy pulun hamısını götürüm, ola bilsin 3000 manat tam yetmədi, təzədən pul istəməyim. Mən Amaliyaya dedim ki, tanışım bu pulları vermək istəmirdi, çünki evini girov qoyub bankdan pul götürüb ki, biznesini inkişaf etdirsin. Onda Amaliya dedi ki, narahat olmasın, mən bu sonuncu dəfə götürdüyüm 6000 manata göra tanışına 1320 manat verəcəm. O birisi götürdüyü pullar üçün isə şirinlik verəcək. Bir aya bütün pulları qaytaracaq. Mən Amaliyaya dedim ki, tanışım pul verəndə dedi ki, “Sən pulu kim üçün götürürsən mənə maraqlı deyil. Pulu və aylıqları səndən alacam”. Amaliya da söz verdi ki, “Mən almışam, mən də dediyim formada qaytaracam”. Mən Amaliyanı uzun illər tanıdığım üçün ona yenə də etibar etdim. Mart, aprel, may aylarında Amaliya çoxsaylı zənglərimdən sonra, bu üç ayda hər ay bir neçə dəfəyə 1320 manat pul verdi, iyun ayında isə bir dəfə 400, bir dəfə də 300 manat pul verdi. Amaliya dediyi pulu vermədiyi üçün, mən məcbur qalaraq iyun ayı üçün 620 manat, iyul ayı üçün isə 1320 manat pul vermişəm. Utandığımdan tanışıma işimin məhkəmədə olduğunu deməmişəm. Çünki o, pulu verəndə demişdi ki, pulu məndən istəyəcəkdir. Onu da qeyd edim ki, Cavabdeh hər dəfə məndən pulu götürəndə bu barədə dəftərə imza edirdi. Onun 2011-ci ildə götürdüyü pullar qeyd olunduğu kimi qeydləri davam etdirirdik. Amaliya 2011-ci ildə pulu qaytardığı zaman həmin dəftərdə götürdüyü pulun (800 manat) üstündən özünün yanında xətt çəkmişəm ki, pulu qaytarıb. Bununla yanaşı, Amaliya hər dəfə pulu götürəndə, mən onu telefona çəkirdim. Lakin 2023-cü ilin aprel ayının sonunda telefonumun platası yandı. Mən Amaliyanın ev telefonuna zəng vuraraq, onun mobil telefonunun nömrəsini istədim. Amaliya başa düşdü ki, telefonda olan məlumatlar silinib, ancaq dəftər qalıb. Bunu biləndən sonra Amaliya özünü saymazyana və həyasızcasına aparmağa başladı. Pul götürmək barədə indiki yazılarında belə bir xətt çəkmə yoxdur. Lakin özü səsli mesajlarda pulu qaytarmadığını deyir və həmişəki kimi pulu bir saata qaytaracağına söz verir. Mən tək ailə başçısıyam, həyat yoldaşım 2008-ci ildə vəfat edib, himayəmdə bir qızım var, qızım ali məktəbi təzə bitirdiyi üçün hələ işlə təmin olunmayıb. Mənimsə öz bank kreditlərim var. Artıq məzuniyyət pulumu Amaliyaya görə tanışıma vermişəm. Artıq mənim dolanmağıma və Amaliya üçün aldığım pulu ödəməyə imkanım yoxdur. Amaliya mənə maddi və mənəvi zərbə vurub. O özü mənə iyul ayının 4-də səs ataraq (mesaj) dedi ki, “Bilirəm, səni “pad udar” qoymuşam, amma milyon dəfə də yazsan pulum yoxdu. Məsələ bu gün, sabah həll olacaq, “votvot”dur. Onda sənin borclarını və üstündə söz verdiyim məbləği verəcəm”. Amma mən başa düşürəm ki, Amaliya mənim tək olmağımdan, həyat yoldaşımın, oğlumun və ümumiyyətlə ətrafımda kişi olmamasından istifadə edərək, məni aldadıb və indi də mənə gah hədə-qorxu gəlir, gah da “tələsmə, verəcəyəm” deyir. 2023-cü ilin iyun ayının 21-də, gecə saat 10-da mənə zəng edərək təhqir elədi, hədə-qorxu gələrək dedi ki, mənə pul qaytarmayacaq, məni polisə verməklə, işimdən eləməklə hədələdi və dedi ki, artıq mənim tanışımdan alıb ona verdiyim pulla ödənişlərini ödədiyi adamla nişanlanıb və ona mənim evimi göstərib, evinə borcu istəməyə gəlsəm, anası saçlarımı yolacaq (səsləri var). Bu zəngdən sonra mənim evimin çöl qapısında asılan “bra”nı vurub əziblər, “pinqvin klok”unda nəcis qoyublar və tanımadığım üç nəfər – iki kişi, bir qadın məni hədələyərək tapşırıblar ki, Amaliyanı narahat etməyim. Artıq beş aydır, mənim və ailəmin rahatlığı yoxdur. Bütün pul imkanımızı Amaliyayanın borcuna görə ödəmişik, hazırda qızım yaranmış vəziyyətlə əlaqədar olaraq çox böyük mənəvi sıxıntı keçirir, səhhətində ciddi problemlər yaranıb, özümün və qızımın müalicəyə ehtiyacımız var. Son səsindən, iyulun 4dən bu günə qədər bir dəfə də zəng vuraraq borcu ödəməklə bağlı heç bir söz deməyib və hesab edirəm ki, borcu ödəmək fikri də yoxdur. Bildirim ki, hazırda mən Cavabdeh verdiyim pul məbləğinə görə pulu götürdüyüm tanışıma hər ay əlavə pul ödəyirəm. Yəni Amaliyanın sonuncu dəfə götürdüyü 6000 manata görə təklif etdiyi pul məbləğini (ayda 1320 manat) mən ödəyirəm. Əlavə olaraq, həmin ödədiyim pul məbləği 1940 manat təşkil edir. Həmin pul məbləğini də ödənilməsini istəyirəm”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh ona 6000 manat müqabilində 1320 manat faiz ödəmişdir. Bu, həmin məbləğin 22 faizini təşkil edərək mart, aprel və may aylarını əhatə etmişdir. İyun ayında isə cavabdeh ona ümumilikdə 700 manat (bir dəfə 400 manat, bir dəfə 300 manat) pul qaytarmışdır. İyun ayından sonra isə 1320 manatı o, pulu götürdüyü şəxsə cavabdehin əvəzinə ödəyir. Pulu başqa şəxsdən “boyun olub” götürdüyü üçün cavabdeh onu zərbə altında qoymuşdur. Cavabdeh tərəfindən ona belə vəd olunmuşdu ki, bir aya 6000 manat pulu 1320 manat faizi ilə birlikdə qaytarmalı idi. Cavabdehin ümumilikdə ona 11160 borcu var. Bu borcun 6000 manatı 1320 manat faizlə verilmiş pul olsa da, qalan 5160 manat faizsiz verilmişdir. 5160 manata görə sadəcə “şirinlik” (hər 1000 manata görə 100 manat) barədə razılığa gəlmişlər. Bir aya ödənilməli olan pulu cavabdeh artıq bir ilə yaxındır ki, qaytarmır. O özü 1000 manat maaş alır, lakin iyun ayından etibarən borcu artıq özü ödədiyi üçün maddi vəziyyəti ağırlaşmışdır. O, borc içindədir və hər ay 1320 manat ödəməyə gücü çatmır. Cavabdehlə aralarında olan razılıq üzrə kağızda müvafiq məbləğin üzərini ona görə qaralamışdır ki, cavabdeh ona bunun müqabilində “şirinlik” verəcəyini vəd etmişdir. Cavabdeh ona gecə saatlarında zəng edərək geri qalan məbləği ödəməyəcəyini, ödədiyi məbləğin kifayət qədər olduğunu qeyd etmişdir. Axırıncı telefon zəngində isə onunla yüksək səs tonu ilə danışaraq hədə-qorxu gəlmişdir. Sanki borclu tərəf cavabdeh yox, odur. Cavabdehlə aralarında olan razılaşma üzrə faktlar məhkəməyə təqdim etdiyi iki ədəd diskdə (audio və video olmaqla) öz təsdiqini tapmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya yalnız 6600 manat məbləğində borcu var və həmin borcu imkanı olmadığı üçün qaytara bilməmişdir. Bu pulun 6000 manatı əsas borc, qalanı - 600 manatı isə faizlərdən qalan borcdur. O, iddiaçıya üç dəfəyə (iki ay 600 manat, bir ay 360 manat) 1560 manat faiz ödəmişdir. Ümumiyyətlə, iddiaçı yalan danışır, o elə faizə pul verməklə məşğuldur. İddiaçının ona hissə-hissə verdiyi borc pul cəmi 6000 manat təşkil edir. Onun təqdim etdiyi yazılı sübutdan da görünür ki, iki dəfə qeyd olunmuş 3000 manat borcdan birinin alınmasına dair onun imzası yoxdur. Çünki həmin məbləğ ora sonradan yazılmışdır. Orada qeyd edilmiş borclardan qaytardıqları barədə imza etmişdir. Faiz ödəmələr ilə bağlı da uzağı on gün gecikmə olmuşdur. İddiaçı ona zəng edərək pulu verməyini tələb etdikdə ona imkanının olmadığını bildirmişdir. Bundan sonra iddiaçı onun barəsində polisə müraciət edəndə o, polis şöbəsində borcunun 6600 manat olması barədə izahat vermişdir. İddiaçının ondan yalnız borclu olduğu 6600 manatı yox, iddia ərizəsində qeyd olunan daha böyük məbləğdə pul istəməsinin səbəbini bilmir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi yazılı sənəddə yalnız xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 3000 manatı qəbul edir. xx.xx.2023-cü il tarixdə qeyd olunan 360 manat da faiz borcudur. Ola bilsin ki, faiz kimi ödədiyi məbləğləri dəqiq xatırlamır. Lakin onu dəqiq bilir ki, ayda üç dəfə faiz ödəmişdir. Borcun qeyd edildiyi yazılı sübutda (vərəqdə) xx.xx.2023-cü il tarixdə 1500 manat borca dair və xx.xx.2023-cü il tarixdə 300 manat borca dair qeydin qaralanmasından xəbəri yoxdur. O, aldığı borca görə yüksək məbləğdə faizlər ödəyib. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iddianın qismən – 6600 manat hissədə qəbul etməsinə dair ərizə təqdim etmişdir.

İş materialları.

6. İki ədəd vərəq üzərində əl yazısı yazılmış qeydlərdən görünür ki, kağızlardan birinin üzərində “Amalya 800 manat. xx.xx.2021” yazılmış, altında rus dilində “qaytardı” sözü və yanında imza çəkilərək “xx.xx.2021” yazılmışdır. Yenə həmin kağızda “xx.xx.2022. 1500 manat” yazılmış, altına kiril əlifbası ilə “aldım Amalya” yazılaraq imza çəkilmişdir. Kağızın digər üzündə “xx.xx.2023. Amalya. 300 manat (üç yüz manat)+60. Cəmi 13-də 1860 manat qaytarır” yazılmış, altına imza çəkilmişdir. Daha sonra “xx.xx.2023. 1500 manat (min beş yüz manat). 15.02-300 manat” yazılmış, yazının altında bir sətir qaralanmış, altına imza çəkilmiş, “xx.xx.2023. 3000 (üç min manat)” yazılmış, heç bir imza çəkilməmişdir. İkinci vərəqdə “xx.xx.2023. Amalya. 3000 (üç min manat)” yazılmış, altına kiril əlifbası ilə “aldım” yazılaraq imza çəkilmişdir.

7. İki ədəd CD-dən görünür ki, bu CD-lərdə “Whatsapp” proqramı vasitəsilə qeydə alınmış səs yazıları qeyd olunmuşdur.

İşin faktiki halları.

8. İddiaçı iddia etmişdir ki, cavabdeh Amalya Əliyevaya hissə-hissə olmaqla, cəmi 11160 manat məbləğində borc pul vermiş, lakin cavabdeh borcunu ödəməmişdir.

9. Cavabdeh Amalya Əliyeva iddia etmişdir ki, o, iddiaçıdan faizə 6000 manat borc almış, həmin borc və bu borca görə 600 manat faizi ödəməmişdir. Cavabdeh iddianı qismən – ondan 6600 manat pul tutulması hissəsində qəbul etmişdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında borc münasibətləri olmuşdur. İddiaçı iddiasına görə o, Cavabdeh hissə-hissə olmaqla, cəmi 11160 manat məbləğində borc vermişdir. Cavabdeh isə iddiaçıya yalnız 6600 manat məbləğində borcu olduğunu, bu borcun 6000 manatının iddiaçıdan hissə-hissə (3000 manatdan kiçik hissələrlə) iddiaçıdan aldığı əsas borc, 600 manatının isə götürdüyü borca görə faiz olduğunu bildirmişdir. Öz növbəsində İddiaçı da cavabdehə verdiyi 6000 manat borcu 22 %-lə verdiyini, lakin cavabdehin bir neçə aydan sonra faiz ödənişlərini dayandırdığını, bu səbəbdən həmin faizləri aybaay özünün ödəməli olduğunu iddia etmişdir (İddiaçının dediyinə görə o, cavabdehə verdiyi borcu başqasından faizlə götürüb verdiyindən cavabdehin ödəmədiyi faizləri özü qaytarmalı olmuşdur).

14. Cavabdeh iddianı 6000 manat borc və 600 manat faiz olmaqla, cəmi 6600 manat pul tələbi hissəsində qəbul etsə də, ondan borc kimi tələb edilən 5160 manat pulla bağlı hissədə iddianı qəbul etmədiyini, iddiaçıya bu məbləğdə borcu olmadığını bildirmişdir. İddiaçı Sürəyya Həsənova isə həmin 5160 manat məbləğində pulu cavabdehə hissə-hissə faizsiz verdiyini, aralarında olan razılığa əsasən cavabdehin bu pula görə ona sadəcə “şirinlik” verməli olduğunu, lakin cavabdehin aldığı borcu qaytarmadığını iddia etmişdir.

15. Cavabdeh iddianı qismən – 6600 manat hissədə etiraf etdiyindən, məhkəmə, ilk növbədə bu etirafa münasibət bildirməyi zəruri hesab edir.

16. Yuxarıda (§ 11) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

17. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından Cavabdeh etirafı qismən – yalnız 6000 manat borcun ödənilməsi hissəsində qəbul edilməlidir. Belə ki, həm iddiaçı, həm də cavabdeh mübahisələndirmədən qəbul edir ki, iddiaçı Sürəyya Həsənova Cavabdeh hissə-hissə verdiyi 6000 manat məbləğində borcu faizlə vermişdir. Elə cavabdeh də iddianı etiraf edərkən, iddiaçıya ödəməyə etiraz etmədiyi 6600 manat məbləğində borcun 6000 manatının əsas, 600 manatının isə həmin borca görə faiz olduğunu bildirmişdir.

18. Məhkəmə qeyd edir ki, faizlə borc pul (kredit) vermək xüsusi səlahiyyət (lisenziya) əsasında həyata keçirilən fəaliyyətdir. Bu cür səlahiyyət olmadan vətəndaşların bir-birinə faizlə borc pul verməsi (sələmçilik) qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Belə ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir.

19. Bu baxımdan qanunsuz olaraq başqasına faizlə borc verənlərin həmin qanunsuz “faizlər” lazımınca ödənilmədiyi halda, bu “faizlər”i borc alanlardan tələb etməsi də qanunsuzdur. Odur ki, cavabdeh iddianı 6600 manat pulla bağlı hissədə etiraf etsə də, bu etirafın 600 manat hissəsi qanunsuz tələbin etirafı ilə bağlı olduğundan təmin edilə bilməz.

20. Bunun əksinə, 6000 manat borcun ödənilməsi ilə bağlı hissədə etiraf qanuna zidd deyil. Belə ki, tərəflər arasında müxtəlif tarixlərdə şifahi borc müqavilələri bağlanmış, bu müqavilələrə əsasən iddiaçı cavabdehə hissə-hissə (3000 manatdan az hissələrlə) 6000 manat məbləğində borc vermiş, lakin cavabdeh bu borcu qaytarmamışdır. Məhkəmə, tərəflər arasında bağlanmış şifahi borc müqavilələrinin yalnız tərəflər üçün hüquq və vəzifələr yaratdığını, hazırkı mübahisənin məhz həmin müqavilələrdən qaynaqlandığını, dolayısı ilə cavabdeh tərəfindən edilmiş etirafın (6000 manat hissədə) yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı həmin hissədə qəbul edir və cavabdehdən iddiaçının xeyrinə 6000 manat məbləğində pul tutulmalı olduğu nəticəsinə gəlir.

21. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddianı bu hissədə qəbul etmədiyindən tələbin bu hissədə əsaslılığını sübut etmək iddiaçının üzərinə düşmüşdür. Bu məqsədlə iddiaçı Sürəyya Həsənova tərəfindən məhkəməyə müxtəlif əlyazmaların olduğu iki vərəq və müxtəlif audioyazıların olduğu iki CD təqdim edilmişdir. Lakin bu sübutların heç biri əsasında iddiaçının cavabdehə, cavabdehin etiraf etdiyi məbləğdən artıq (6000 manat) məbləğdə borc pul verdiyi sübuta yetirilmir.

22. Belə ki, əlyazmalardan görünür ki, xx.xx.2022-ci ildə alınmış 1500 manat borc xx.xx.2023-cü ildə artıqlaması ilə (belə görünür, faizilə) qaytarılmışdır. xx.xx.2023-cü ildə verilən 1500 manat borcun altından edilmiş qeyd isə qaralanmışdır. Məhkəmə iclasında İddiaçı bu qaralamanı cavabdehin həmin borca görə ona “şirinlik” vəd etməsi, lakin şirinliyi verməməsi ilə izah etmişdir. xx.xx.2023-cü ildə 3000 manat verildiyi qeyd edilsə də, həmin borcla bağlı hissədə cavabdehin imzası yoxdur. Beləliklə, bu əlyazmalar əsasında iddiaçı Sürəyya Həsənova tərəfindən Cavabdehin etiraf etdiyindən daha artıq məbləğdə borc verildiyi nəticəsinə gəlmək mümkün deyil.

23. Təqdim edilən CD-lərdəki audio materiallara münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, CD-dəki səs yazıları tərəflər arasındakı qarşılıqlı danışığı əks etdirmədiyindən, yalnız tərəflərdən birinin digərinə, belə görünür, “Whatsapp” mesajlaşma proqramı vasitəsilə göndərdiyi səs yazıları olduğundan qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilmir. Belə ki, bu səsyazmalar səsi yazılan şəxsin məlumatı olmadan, gizlin qeydə alınmış səsyazmalar deyil. Bu səbəbdən bu materiallar iş üzrə sübut kimi qiymətləndirilərək tədqiq edilmişdir. Lakin tədqiq edilmiş səsyazılarından heç birində Cavabdeh İddiaçı borclu olduğu pulun məbləğini konkret deməmiş, elə iddiaçı Sürəyya Həsənova özü də hazırkı iddia ilə cavabdehdən tələb etdiyi pul məbləğinin adını çəkməmişdir. Bu yazılar əsasında tərəflər arasında borc münasibətləri olduğu müəyyən olunur ki, bu da işin mübahisəsiz halıdır. Tərəflər arasındakı əsas mübahisə borcun məbləği ilə bağlı olduğundan və bu səs yazıları əsasında borcun məbləği ilə bağlı heç bir hal müəyyən olunmadığından məhkəmə, təqdim edilən CD-dəki səs yazıları əsasında da iddiaçının cavabdehə, cavabdehin etiraf etdiyi məbləğdən artıq məbləğdə borc pul verdiyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia yalnız cavabdeh tərəfindən edilən etirafın qanuni olan hissəsində - 6000 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, tələb edilən borcla bağlı qalan hissədə iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 130 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə vəkilin hesabına 120 manat məbləğində xidmət haqqı ödənilmişdir.

26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 80 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə 120 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məcəllənin 107-ci maddəsinə görə isə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 120 manat və 80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 120 (yüz iyirmi) manat və 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar