Məhkəmə qərarları › İş №2(010)-3553/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3553/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3553/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X10 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2510 manat məbləğində pul vəsaitinin, bundan əlavə avtomobil cavabdehin təqsiri cbatından yararsız halda olduğundan əldən çıxmış fayda olaraq günü 60 manat olmaqla 20 gün müddətinə, 60 x 20 olmaqla 1200 manat pul vəsaitinin, ümumilikdə 3710 manat vəsaitin və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili üzərində idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq və digər hərəkətlər etmək üçün 24.11.2020-ci il tarixdə X2 etibarnamə vermişdir.Rəşad Musayev də həmin avtomobili 24.11.2020-ci il tarixdə "xxxx" MMC-yə arendaya vermişdir. "xxxx" MMC öz növbəsində 25.03.2021-ci ildə Nəqliyyat vasitəsinin İcarə müqaviləsi bağlamaqla təhfil-təslim aktı əsasında sözügenən avtomobili yol vərəqəsi əsasında idarə etmək üçün X3 vermişdir. X8 25.03.2021-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində sözügedən avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol nəqliyat hadisəsi törətmişdir və həmin avtoqəza nəticəsində avtomobilə 4010 manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı cavabdehin barəsində DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Eyni zamanda təqsirkar sürücü kimi cavabdehin izahatı alınmışdır. Sözügedən avtomobilə dəymiş zərər 4010 manatdır və bu barədə 01.04.2021-ci il tarixdə Gəncə şəhər Avtoservis müəssisəsinin mühəndis-məsləhətçisi tərəfindən ziyana dair rəy tərtib edilmişdir. O, təqsirkarın ona dəymiş zərəri könüllü ödəməsini gözləsə də, cavabdeh həmin məbləğdən 1500 manat ödəmiş, yerdə qalan hissəni ödəməkdən boyun qaçırmışdır. Bundan əlavə, cavabdehin avtomobilə vurduğu ziyanı ödəməməklə avtomobilin hazırkı günə kimi işləməməsinə səbəb olmuşdur. Buna görə də o, cavabdeh tərəfindən avtomobilinə vurduğu ziyandan əlavə olaraq hər gün üçün 60 manat olmaqla, 60x20 cəmi 1200 manat pul vəsaitini tələb edir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi maddi ziyanın vurulması hissəsində qismən təmin edilməli, əldən çıxmış faydanın tələbi hissəsində təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə edilən: AD 309887 nömrəli nəqliyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C180 minik markalı avtomobil İddiaçı məxsusdur. ƏN-Vİİ 485378 № li, 24 noyabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı mülkiyyətində olan Mercedes Benz C180 minik markalı **- CP-*** dövlət qeydiyat nişanlı avtomobilinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər,qeydiyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 il müddətinə olmaqla, 24.11.2021ci il tarixinədək X2 vermişdir. ƏN-V 382844 № li, 24 noyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Mercedes Benz C180 minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək hüququnu 1 il müddətinə olmaqla, 24.11.2021-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından X4 vermişdir. İddiaçı adından nümayəndə kimi Rəşad Musayev çıxış etmişdir. 25 mart 2021-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, bir tərəfdən icarəçi qismində Hənifəyev Əziz, digər tərəfdən icarəyəverən adlandırılan "xxxx" MMC-nin rəhbəri X1 Benz C180 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışlar. -İnzibati tənbeh vermə haqqında 26.03.2021-ci il tarixli, TP ******* № li qərarın surətindən görünür ki, X8 25.03.2021-ci il tarixində idarə etdiyi Mercedes Benz C180 markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş və nəticədə 40 manat məbləğində cərimə edilmişdir. - Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli rəyə əsasən Mercedes Benz C-180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4010 manat məbləğində ziyan dəymişdir. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində iddiaçının əmlakına ziyan vurulmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi etirazında vurulan ziyan məbləği ilə razılaşmayaraq məbləğin şişirdildiyini, əslində ziyanın daha az miqdarda vurulduğunu, onun iddiaçıya 1500 manat ödədiyini, iddiaçının ona qarşı hazırkı iddianı qaldırmasına ümumiyətlə subyektiv hüququnun olmadığını bildirir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmlakı zədələnmiş və ona real zərər vurulmuşdur. Deməli, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Hər iki tərəfin izahatı ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya 1500 manat ödəmişdir. İşə əlavə edilən sənədə əsasən avtomobilə dəyən ziyanın məbləği 4010 manat məbləğində olmuşdur. Cavabdeh tərəfindən işin bu halını təqzib edəcək hər hansı əks sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yerdə qalan ziyan məbləği, yəni 2510 manat tutulmalıdır. İddia tələbinin əldən çıxmış fayda kimi cavabdehdən 1200 manatın tutulması hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı tələbinin bu hissəsində ona əsaslanır ki, avtomobili o günü 60 manata icarəyə verirmiş, qəza nəticəsində avtomobil 20 gün müddətində nazas vəziyyətdə qalmış və beləliklə tələb edilən məbləğdə fayda əldən çıxmışdır. İş materiallarına əlavə edilən Hənifəyev Əziz ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin icarə müqaviləsində avtomobilin icarə qiyməti qeyd edilmədiyinə görə avtomobilin günlük hansı məblədə icarəyə verilməsi müəyyən edilmir. Bundan başqa, işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan avtomobilə dair hər hansı icarə müqaviləsi bağlamamış, yalnız avtomobilə dair hüquqları digər şəxsə ötürmüşdür. Həmin şəxs də öz növbəsində sonradan cavabdehlə bağlanılan müqavilənin icarəyəverən tərəfi kimi çıxış etmişdir. Başqa sözlə, iddiaçının gəlir əldə etmək məqsədilə avtomobilə dair hər hansı anlaşma bağladığı işin halları ilə müəyyən olunmur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hənifəyev Əzı̇ z Rəfaı̇ l oğlundan iddiaçı Əhmədov Emı̇ l Zakı̇ r oğlunun xeyrinə 2510 (iki min beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar