Məhkəmə qərarları › İş №2(010)-356/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-356/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-356/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Сavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dаir (X2 üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Toyota Prius” markalı, qara rəngli, 2008-ci il buraxılışlı, JTDKB20U193499405 ban nömrəli, XETÇBEK **-SH-*** dövlət nömrə nişanlı avtomobilinin, o olmadığı təqdirdə 13500 manat məbləğində pul vəsaitinin, cavabdehin kartına göndərilmiş 430 manatın, dövlət rüsumu kimi ödənilmiş 133 manatın və vəkil xidmət haqqı kimi ödənilmiş məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı, qara rəngli, 2008-ci il buraxılışlı, JTDKB20U193499405 ban nömrəli, XETÇBEK **-SH-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhərindən 13500 manata almışdır. Müvafiq olaraq xx.xx.2023-cü ildə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də almışdır. Avtomobil “Atəşgah Sığorta” firmasından kasko sığortalı və texniki baxışlı olmuşdur. Sonradan xahişi əsasında maşının icarəsi ilə bağlı oğlu Kamran Qənbərovun köməkliyi ilə sosial şəbəkələrdə elan yerləşdirmişdir ki, “Toyota Prius” markalı, qara rəngli, 2008-ci il buraxılışlı, JTDKB20U193499405 ban nömrəli, XETÇBEK **-SH-*** dövlət nömrə nişanlı avtomobili həmin avtomaşını istəyən şəxslərə gündəlik icarəyə istifadəçiyə qalmamaq şərti ilə versin. xx.xx.2023-cü ildə elanı görmüş cavabdeh zəng əsasında bildirmişdir ki, maşından xoşu gəlmişdir. Cavabdeh oğlu Kamran Qənbərovla görüşmüş, cavabdehlə razılığa əsasən, ona avtomobilin sonda qalmamaq şərti ilə idarə olunması ilə bağlı Baklı şəhəri, Nəsimi rayonu, 32-ci notariat kontorunda verdiyi 7-E-24364 reyestr nömrəli etibarnamə vermişdir. Əvvəlcə oğlu Kamran Qənbərovla aparılmış danışıq və razılığına əsasən, razılıq ondan ibarət olmuşdur ki, avtomobil 36 ay müddətinə günü 25 manat, həftəlik isə 175 manat olmaqla icarəyə verilir, sonda icarəçidə qalmamaq şərti ilə əgər icarə ödənişləri vaxtında ödəsə, maşına texniki qulluğu və digər dövlətin müəyyənləşdirdiyi prosedur qaydalara riayət edərsə (radara düşməmə, sığorta ödənişi, texniki baxış, qəza olmaması, avtomobilə normal qulluq və s.) maşının icarəçinin mülkiyyətinə verilməsinə razılıq verilə bilər. Cavabdeh 1400 manat pul göndərdi, hansı ki, bu məbləğin 400 manatı depozit, 1000 manatı isə icarəçinin öz istəyi ilə yanında “Atəşgah Sığorta” əməkdaşları gəldilər və maşın kasko sığorta olundu və 1000 manat kasko sığorta üçün ödənildi, hansı ki, maşının icbari sığortası var idi. Cavabdeh maşını bir müddət, haradasa 2 ay normal idarə etdi. 2024-cü ildə idarə etdikdən sonra xəbər tutmuşdur ki, avtomobili ilə qəza törədərək nasaz vəziyyətə salmış, 250 manat məbləğində EQ inzibati xəta haqqında protokol yazdırıb, yəni ona əsaslı ziyan vurub. Bu zaman o, cavabdehdən avtomobilini geri tələb etmişdir. Sığorta şirkətindən cavabdehin törətdiyi qəzaya əsasən “Paşa Sığorta” şirkətindən aldığı icbari sığorta məbləğini, yəni 430 manat pulu xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus **********971841 nömrəli “Kapital Bank”a məxsus plastik kartına göndərmişdir ki, maşını təmir etdirsin. Cavabdeh göndərilmiş məbləği maşın üçün xərcləməmiş və aralarındakı mübahisə daha da gərginləşmişdir. Bir müddət 2024-cü ilin fevral ayına qədər gözləmişdir ki, cavabdeh pulu geri qaytarsın. Cavabdeh təmir üçün ona göndərilən 430 manatı mənimsəmiş və sonra 400 manat pul atmışdır. Hansı ki, həmin pul onların qəza üçün hesaba köçürülən 430 manat olmuşdur. Nəticə etibarı ilə mülkiyyətində olan maşın qəzalı vəziyyətdə qalmışdır. 2024-cü ildə respublika ərazisində dövlət əhəmiyyətli qərar qəbul edildi ki, köhnə ili olan “Toyota Prius” markalı və digər avtomaşınlar taksi xidmətindən çıxarılsınlar. Cavabdeh dedi ki, “Toyota Prius” markalı avtomobillər tədavüldən qaldırıldığı üçün onların taksi fəaliyyətinə respublika ərazisində qadağa qoyulur. Oğlu Kamran cavabdehə bildirmişdir ki, o zaman maşını satar “Toyota Prius” markalı avtomobil alar və yenidən icarəyə verər. Hansı ki, cavabdehlə belə bir razılıq olmamışdır ki, əgər belə bir hal olarsa, avtomobili başqası ilə əvəz olunması ilə bağlı danışarlar. Əgər cavabdeh bunu istəmirsə, 3 ay maşını sürdükdən sonra geri qaytara bilər. Cavabdeh razılaşmışdır ki, avtomobili sürəcəkdir. 2024-cü ilin iyun ayının 24-də cavabdeh sonuncu ödənişi etmiş və bundan sonra maşını sürməmişdir. 2024-cü ilin iyul ayının 3-dən maşını gizlətmişdir. Cavabdeh avtomobilini tələb edən zaman verməkdən imtina etdiyi üçün bununla bağlı Bakı şəhəri Xəzər rayon 3-cü Polis Bölməsinə müraciət etmişdir. Cavabdehin deməsinə görə maşın xx.xx.2024-cü ildən idarə olunmamışdır. Müraciəti əsasında “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobildə olan GPS izləmə aparatı vasitəsilə maşının yerini müəyyən etmişlər. Müraciətinin araşdırılması ilə bağlı ona kömək üçün təyin olunmuş sahə müvəkkili polis kapitanı Zaur adlı zabitlə birlikdə maşınını Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində adsız küçədə cavabdehin özünə məxsus olmayan bir şəxsin həyətində gizlətməsini müəyyən etmişlər. Həmin vaxt həyətdə cavabdehin ailə üzvləri hesab etdiyi şəxslər, yəni 2 nəfər qadın onlara hücum etmiş və maşını oradan çıxarmağa imkan verməmişlər. Sahə müvəkkili polis kapitanı Zaur müəllimlə birlikdə Bakı şəhəri Xəzər rayon 3-cü Polis Bölməsinə qayıtmışlar. Cavabdehi Bakı şəhəri Xəzər rayon 3-cü Polis Bölməsinə dəvət etmiş, maşını ondan tələb etmişlər. Cavabdeh isə maşını verməkdən imtina edərək bildirmişdir ki, “maşını vermirəm, get dərdini kimə deyirsən de”. Cavabdeh maşınını vermədiyi və dəymiş ziyanın dəqiqləşdirilməsi üçün şərait yaratmadığı üçün o, dəqiq ziyanını müəyyən edə bilmir. Şikayətinin araşdırılması məqsədi ilə ərizəsi Bakı şəhəri Xəzər rayon 3-cü Polis Bölməsində qalmış və o, Hacıqabul şəhərinə qayıtmışdır. Daha sonra, “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması üçün Bakı şəhəri, Nəsimi rayonu, 32-ci Notariat Kontorunda verdiyi 7-E-24364 reyestr nömrəli etibarnaməyə əsasən araşdırma müvafiq olaraq Bakı şəhəri Nəsimi RPŞ-nin 19-cu PB-yə göndərilmişdir. Daha sonra o, “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması üçün cavabdehə verdiyi 7-E-24364 reyestr nömrəli etibarnaməni xx.xx.2024-cü ildə 8-İ-5077 reyestr nömrəli **********077 qeydiyyatlı ərizə ilə ləğv etdirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomobilin texniki baxış və sığorta müddətləri bitmiş, avtomobil qəzalı vəziyyətdə qalmış və məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobildə nasazlıqlar yaranmış və davam etmişdir. Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri Nəsimi RPŞ-nin 19-cu PB tərəfindən ona bildirilmişdir ki, məsələ mülki xarakterlidir və bunun üçün məhkəməyə müraciət edə bilər. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onu da qeyd edir ki, “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi də cavabdehdədir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, onunla iddiaçının oğlu olan üçüncü şəxs arasında maşının alğı-satqısına dair şifahi razılıq olub. Onlar razılığa gəlmişdilər ki, o, avtomobilin pulunu hissə-hissə ödəyəcək və sonda avtomobil onun mülkiyyətinə keçəcək. Lakin iddiaçı öz sözünə əməl etmədi. Maşını taksi kimi işlətmiş və bunun nəticəsində qazanc əldə etmişdir. Hazırda da saz vəziyyətdə onun sahibliyindədir, lakin sürmür. O, avtomobilə görə 7750 manat pul ödəmişdir. Qalan pulu ödəməyə hazırdır. Lakin avtomobili qaytarmağa razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. Şirvan RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-ci il olan “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

8. İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehnə reyestrdə 7E-24264 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Həmin etibarnamənin qüvvəsinə xitam verilməsi xahiş edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, “Toyota Prius” markalı avtomaşının İddiaçı razılığı əsasında 32 saylı Notariat Kontorunda vətəndaş Cavabdeh icarəyə verilməsi və aralarında yaranmış mübahisəli məsələnin mülki xarakterli olması nəzərə alınaraq, vurulmuş maddi və mənəvi ziyanla bağlı şəxsi iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, ƏN-Vİ seriyalı, 763287 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan 2008-ci il buraxılışlı, “Toyota Prius” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh xx.xx.2026-cı il tarixinədək etibar edilmişdir.

11. Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Toyota Prius” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və duracağı yerləşdirilməsi ilə bağlı zəruri inzibati təsir tədbirlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat vasitəsinin aşkar edilməsi istiqamətində DYPŞ-nin yol patrul xidməti inspektorlarına tapşırıqlar verilmiş, şəxsi heyətin qüvvə və vasitələrindən lazımi qaydada istifadə edilmiş, rayonun inzibati ərazisində quraşdırılmış xüsusi texniki vasitələrin və videomüşahidə kameralarının imkanların istifadə edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Həmçinin uzun müddətdir ki, həmin nəqliyyat vasitəsinin Xəzər rayonu ərazisində idarə edilməsi öz təsdiqini tapmamış, nəqliyyat vasitəsinin Xəzər rayonu ərazisində qanunsuz idarə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bu barədə tabeçilikdə olan şəxsi heyətin təlimatlandırılması, sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi üçün, həmçinin inzibati təsir tədbirlərinin həyata keçirilməsi üçün “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmasına müvafiq göstəriş verilməsi üçün aiddiyəti üzrə Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət olunmuşdur.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 433/E nömrəli yazılı mütəxəssis rəyindən görünür ki, “Toyota Prius” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı bazar qiyməti 11500 manat müəyyən edilmişdir.

13. İçində səs yazıları və ekran fotoları olan iki ədəd CD və iki ədəd fləş-kart təqdim edilmişdir.

İşin faktiki halları.

14. “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır.

15. Avtomobilin mülkiyyətçisi İddiaçı adından onun nümayəndəsi Kamran Qənbərov nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2026-cı il tarixədək Cavabdeh etibar etmişdir. xx.xx.2024-cü il tarixli ərizə ilə etibarnamənin qüvvəsinə xitam verilmişdir.

16. “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh sahibliyindədir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqi. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından göründüyü kimi, “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (hazırkı iş üzrə üçüncü şəxs) Kamran Qənbərov tərəfindən xx.xx.2023-cü il tarixli etibarnamə ilə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh etibar edilmiş, lakin sonradan bu etibarnamənin qüvvəsinə iddiaçının müraciəti əsasında xitam verilmişdir. Buna baxmayaraq, avtomobil hazırda da cavabdehin sahibliyindədir. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirmir. Tərəflər arasındakı əsas mübahisəli məsələ sözügedən avtomobilin iddiaçı tərəfindən cavabdehə hansı əsasla verilmiş olması ilə bağlıdır. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, cavabdehlə aralarında icarə müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilə öhdəliklərini pozmuş, buna baxmayaraq, avtomobili qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında icarə müqaviləsi yox, mahiyyət etibarilə alğı-satqı müqaviləsi bağlandığını iddia etmişdir. Cavabdehin bildirdiyinə görə, iddiaçı tərəflə razılıqları belə olmuşdur ki, o, avtomobili etibarnamə ilə üç il müddətində idarə etsin, bunun müqabilində ilkin ödəniş kimi 1400 manat, daha sonra isə həftəlik “icarə haqqı” kimi 175 manat ödəsin, müddətin sonunda da avtomobil onun özünə qalsın. Yəni cavabdehin iddiasına görə, iddiaçı ilə aralarında mahiyyət etibarilə əşyanın hissə-hissə ödənilməklə nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır.

21. Aralarındakı münasibətlərin mahiyyəti ilə bağlı hər iki tərəf sübutlarını məhkəməyə təqdim etmişdir. Sübutların məhkəmə tərəfindən tədqiqi zamanı müəyyən edilmişdir ki, həm iddiaçı, həm də cavabdeh mübahisəli avtomobilin icarəsi (cavabdehə görə satışı) ilə bağlı internet saytında yerləşdirilmiş elanın ekran görüntüsünü təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ekran görüntüsündə elanın başlığı “Avtomobil icarəyə verilir. Qalmamaq şərti ilə” şəklində göstərilmiş, bunun əksinə, cavabdehin təqdim etdiyi ekran görüntüsündə isə eyni elanın “Avtomobil icarəyə qalmaq şərtilə verilir” başlığı ilə sayta yerləşdirildiyi, həmçinin sözügedən ekran görüntüsünün xx.xx.2023-cü il, saat 18:15, bazar ertəsi günü qeydə alındığı göstərilmişdir. Bundan əlavə, tərəflərin təqdim etdikləri elanlarda yerləşdirilmiş icarə/satış şərtləri də bir-birindən fərqlidir. Belə ki, iddiaçının təqdim etdiyi elanda 500 manat depozit (kasko sığortası ilə birlikdə 1500 manat) ödənilməsi, avtomobilin altı aydan tez qaytarılacağı halda depozitin geri qaytarılmayacağı ilə bağlı şərtlər olsa da, cavabdehin təqdim etdiyi elanda depozitsiz, 1500 manat ilkin ödəniş, 36 ay üçün gündəlik 25 manat kimi şərtlər yer almışdır. Göründüyü kimi, tərəflərin təqdim etdiyi hər iki elanın eyni avtomobilin eyni tarixdə icarəsi/satışı ilə bağlı olduğu iddia olunsa da elanların məzmunu bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlidir. Bununla belə tərəflər mübahisəsiz qəbul edir ki, aralarındakı mübahisəli avtomobillə bağlı münasibətlərin başlanğıcı məhz həmin elanla bağlı olmuşdur.

22. Belə olan halda məhkəmə hər iki tərəfin ekran görüntüsü şəklində təqdim etdiyi bu elanların tədqiqinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, ilk növbədə qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi ekran görüntüsündə göstərilən tarix tərəflər arasındakı münasibətlərin yaranma tarixinə uyğundur. Belə ki, görüntünün alınma tarixi kimi göstərilmiş xx.xx.2023-cü il tarixindən iki gün sonra – xx.xx.2023-cü il tarixində cavabdehə həmin avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. İddiaçının təqdim etdiyi görüntüdə də elanın yaradılma tarixi kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir ki, bu tarix də cavabdehin təqdim etdiyi görüntüdəki tarixə uyğundur. Lakin iddiaçının təqdim etdiyi görüntüdə elanın yaradılma tarixinin altında əlavə olaraq, “yenilənmə tarixi: xx.xx.2025” qeydi edilmiş, görüntünün üzərinə əlavə olunmuş audio yazıda bu vəziyyət “...bu günə yenilənib elan ki, bu “screen”i sizə göndərə bilim” şəklində izah edilmişdir. Həmçinin həmin audio yazıda elanın cavabdehin təqdim etdiyi elanla fərqlənən ilkin şərtləri səsləndirilməzdən öncə “Sən dediyin kimi qeydiyyat aparılıb burada ki, demişdin, qalmamaq şərtilə olsun, avtomobil icarəyə verilir, qalmamaq şərtilə” ifadələrindən istifadə edilmişdir. O da qeyd edilməlidir ki, səsləndirmə “...salam, axşamın xeyir olsun. Deməli, bu dediyin video “screen”i sənə göndərirəm, həmin elanın” sözləri ilə başlamışdır.

23. Beləliklə, məhkəmə, hər iki sübutu qarşılıqlı şəkildə tədqiq edərək, iddiaçının təqdim etdiyi sübutu qeyri-mötəbər hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən, xüsusən, nəzərə alır ki, iddiaçı tərəf işin mübahisəsiz halı kimi həm də elanı yerləşdirən (sübutu yaradan) tərəf olduğundan onun həmin sübuta müdaxilə imkanı təbii olaraq qarşı tərəfdən daha çoxdur. Bu baxımdan yuxarıda qeyd edilənlər iddiaçının bu imkandan istifadə etmiş olması ilə bağlı məhkəmədə inam yaratmış, sübutun etibarlılığını əsaslı şübhə altına almışdır. Cavabdehin təqdim etdiyi sübutun mötəbərliyi məsələsinə münasibətdə isə məhkəmə yalnız sübutun özünün tədqiqini kifayət hesab etməyərək, onun digər sübutlarla əlaqəli şəkildə tədqiqini zəruri hesab etmişdir.

24. Hansı ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə aralarındakı münasibətlərin mahiyyəti ilə bağlı səs yazıları təqdim edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi səs yazıları tərəflərin mobil tətbiq vasitəsilə qarşılıqlı olaraq bir-birlərinə göndərdiyi, özlüyündə heç bir dialoq əks etdirməyən, yalnız səsi göndərən tərəfin özünün qeydə alıb qarşı tərəfə göndərdiyi audio yazı olması etibarilə gizli qeydə alınmış sübut sayılmasa da cavabdehin təqdim etdiyi səs yazılarından bəziləri tərəflər arasındakı telefon danışıqlarını əks etdirdiyindən bu sübutların tədqiqindən əvvəl məhkəmə həmin yazıların sübut kimi qəbuledilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Ona görə ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

25. Bununla belə məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

26. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş CD-də olan telefon danışıqları iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, eyni zamanda iş üzrə iddiaçının oğlu olan, iddiaçının adından etibarnamə ilə avtomobili idarə etmək hüququnu cavabdehə etibar etmiş Kamran Qənbərov arasında baş tutmuşdur (Tərəflərin heç biri bunu mübahisələndirməmiş, danışıq gedişində tərəflər bir-birinə “Kamran” və “Elsevər” adları ilə müraciət etmişdir). Beləliklə, məhkəmə telefon danışığı şəklində təqdim edilmiş səs yazılarını iş üzrə sübut kimi qəbuledilən hesab edir.

27. Hər iki tərəfin təqdim etdiyi yazıların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş yazılarda əsasən, iş üzrə cavabdehin icarə haqqı (“arenda pulu”) ödənişləri üzrə məsələlərdən bəhs edilmiş, cavabdehdən pulu ödəməsi tələb edilmiş, cavabdeh pulu ödəyəcəyi vaxtı bildirmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdehin idarə etdiyi avtomobilə görə “icarə haqqı” təyinatı ilə iddiaçı tərəfə həftəlik pul ödəməsi, bu pulun məbləği, bəzi hallarda cavabdehin bu pulu gecikdirmiş olması ilə bağlı məsələlər tərəflər arasında onsuz da mübahisəsizdir. Tərəflər arasındakı əsas mübahisəli məsələ bu avtomobilin cavabdehə “qalmaq”, yoxsa “qalmamaq” şərtilə verilməsi ilə bağlıdır ki, iddiaçı tərəfin təqdim etdiyi yazılar əsasında bu məsələ ilə bağlı konkret bir nəticəyə gəlmək mümkün deyil. İddiaçının təqdim etdiyi yazılardan bəziləri cavabdehin yox, yalnız üçüncü şəxs Kamran Qənbərovun danışığını əks etdirdiyindən və bu yazıların hansı tarixdə qeydə alınmış olmasının qeyri-müəyyən olduğu vəziyyətdə tərəfin yalnız öz səsinin yazısı onun öz mənafeyinə uyğun izahatından fərqlənmədiyindən məhkəmə bu yazılar əsasında da iş üçün əhəmiyyətli olan heç bir nəticəyə gələ bilməmişdir.

28. Bunun əksinə, cavabdehin təqdim etdiyi səs yazılarından bəziləri qarşı tərəflə aralarındakı qarşılıqlı telefon danışığını əks etdirdiyindən məhkəmə bu yazıların tədqiqinə xüsusi əhəmiyyət verərək müəyyən etmişdir ki, danışıqlar gedişində cavabdeh üçüncü şəxsə 1400 manat ilkin ödəniş etməsindən, doqquz ay boyunca hər həftə 175 manat pul ödəməsindən bəhs etmiş, qarşı tərəf bunu təsdiq etmiş, deyilənlərə etirazı yalnız ödənişin doqquz ay yox, səkkiz ay boyunca edilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, danışıqların gedişində cavabdeh dəfələrlə bildirmişdir ki, avtomobilə görə ödədiyi pulun qaytarılması şərtilə avtomobili iddiaçı tərəfə qaytarmağa razıdır. Buna qarşılıq olaraq, üçüncü şəxs isə iddiaçının pulunu qaytarmağa etirazı olmadığını, lakin bunun üçün avtomobilin əvvəlcə satılmalı olduğunu, yalnız satışdan sonra pulun qaytarıla biləcəyini bildirmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş Kamran Qənbərova məxsus səs yazılarından birində sonuncu “İnşallah ki, o gün gəlib çatsın ki, qardaşım, gedək “ASAN xidmət”ə, notariusa. Mən deyim ki, oradan ** SH ***-ya bir dənə “generalnaya davernost”. İmzamızı ataq, orada halallaşaq, bir dənə də qəşəng bir şəkil, dalınca da bir dənə qəşəng qonaqlıq. Verirəm təhvil sənə, Allah ikimizin də canını sağ eləsin, rahatlaşaq ikimiz də qardaş, çox sağ ol, minnətdaram” ifadələrindən istifadə etmişdir.

29. Beləliklə, məhkəmə yuxarıda tədqiq edilmiş səs yazılarını iş üzrə tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, tərəflər arasındakı münasibətlər icarə yox, daha çox cavabdehin iddia etdiyi kimi hissə-hissə ödənilməklə nisyə alğı-satqı müqaviləsindən qaynaqlanan münasibətlərə uyğun gəlir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin münasibətlərə daxil olarkən ifadə etdikləri iradəni təfsir edərkən həqiqi məzmunu yalnız hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə əsasən müəyyən edir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri).

30. Bu baxımdan tərəflərin müqaviləni necə (“qalmaq şərti ilə icarə”/“qalmamaq şərti ilə icarə”) adlandırması, hətta cavabdehin özünün belə iddiaçıya həftəlik ödədiyi vəsaiti “icarə pulu/arenda pulu” kimi ifadə etməsi yuxarıda tədqiq edilmiş sübutların fonunda tərəflər arasındakı münasibətlərin mahiyyəti, onların bu münasibətlərə daxil olarkən ifadə etdikləri iradənin həqiqi məzmununu müəyyən etmək baxımından məhkəmə üçün əhəmiyyət daşımır. Belə ki, tədqiq edilmiş sübutların qiymətləndirilməsi nəticəsində məhkəmə tərəflər arasında məhz hissə-hissə ödənilməklə avtomobilin alğı-satqısı haqqında müqavilə bağlandığı nəticəsinə gəlmişdir.

31. Lakin nəzərə alınmalıdır ki, qanunvericilikdə bir sıra əqdlər üçün notariat qaydasında yazılı müqavilə bağlanması etibarlılıq şərti kimi müəyyən edilmişdir. Hansı ki, bu, həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” xx.xx.2025-ci il tarixli qərardadı).

32. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış avtomobilin alğısatqısına dair müqavilə də həmin kateqoriya müqavilələrə daxildir. Belə ki, avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və bu cür əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Hansı ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllə 144.1 və 650-ci maddələr).

33. Hazırkı iş üzrə tərəflər arasında isə nəinki notariat qaydasında təsdiqlənmiş müqavilə, sadə yazılı müqavilə belə bağlanmamış, onlar avtomobilin 36 ay müddətinə hissə-hissə ödənilməklə nisyə alğı-satqısı haqqında şifahi müqavilə bağlamışlar. Belə olan halda qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş fərdi müəyyən əşya (avtomobil) üzərində əldə edən tərəfin (cavabdehin) heç bir hüququ yarana bilməz. Bu vəziyyətdə iddiaçı mübahisəli avtomobili cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

34. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı).

35. Odur ki, iddia tələbinin hüquqi əsası hər nə qədər icarə müqaviləsi üzrə istifadədə olan əşyanın öhdəlik pozulduqdan sonra icarəyə verənə geri qaytarılması ilə bağlı olsa da məhkəmə tərəflər arasında avtomobilin hissə-hissə ödənilməklə nisyə alğı-satqısı haqqında müqavilə bağlandığı, lakin bu müqavilənin qanunla müəyyən edilmiş imperativ forma tələbinə uyğun gəlməyən əhəmiyyətsiz əqd olduğu, dolayısı ilə əhəmiyyətsiz əqd üzrə cavabdehin əldə etdiyi əşyanın ondan alınaraq iddiaçıya qaytarılmalı olduğu nəticəsinə gəlmişdir.

36. Lakin o da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsi və Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə uyğun olaraq, avtomobilin qaytarılması mümkün olmadıqda onun dəyəri olan vəsait cavabdehdən tutulmalıdır. Hansı ki, iş materiallarında olan mütəxəssis rəyində tərəflər arasındakı mübahisəli avtomobilin bazar qiyməti 11500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş səs yazılarında da avtomobilin satışı məsələsi müzakirə olunarkən mümkün satış qiyməti kimi mütəxəssis rəyində müəyyən edilmiş məbləğə yaxın məbləğlərə istinad edilmişdir. Həmçinin tərəflər mütəxəssis rəyində müəyyən edilmiş məbləğə alternativ başqa bir qiymətləndirici rəyi məhkəməyə təqdim etməmiş, belə bir rəyin əldə edilməsi ilə bağlı heç bir təşəbbüsləri olmamışdır. Bu vəziyyətdə məhkəmə müvafiq avtomobilin dəyərinin mütəxəssis rəyində müəyyən edilən məbləğə uyğun olaraq, 11500 manat məbləğində qiymətləndirilməsi, beləliklə, bu qətnamə əsasında mübahisə predmeti olan avtomobilin iddiaçıya qaytarılması mümkün olmadıqda, onun dəyəri olan həmin məbləğdə vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.

37. İddia tələbinin “cavabdehin kartına göndərilən 430 manat pul” tələbi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, elə iddia ərizəsində bu tələb əsaslandırılarkən bu pulun cavabdeh tərəfindən sonradan qaytarılmasına istinad edilmişdir. Həmin vəsaitlə bağlı əlavə heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə həmin hissədə iddianın rədd edilməsi nəticəsinə gəlir.

38. Son olaraq, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəflər arasında əhəmiyyətsiz əqd bağlandığı nəticəsinə gəldiyindən və bu cür əqdin hər iki tərəfi əqd üzrə əldə etdiklərini digər tərəfə qaytarmalı olduğundan cavabdeh avtomobilə görə ödədiyi vəsaiti ayrıca iddia ilə iddiaçıdan tələb etmək hüququnu özündə saxlayır.

Məhkəmə xərcləri.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

41. Belə olan halda, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 124.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Bundan əlavə, iş üzrə mütəxəssis rəyinin alınması üçün 300 manat məbləğində xərc iddiaçı tərəfindən ödənilmişdir. İddianın təmin edilmiş hissəsini nəzərə alaraq, həmin 300 manat məbləğində xərc də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

43. İddia tələbində hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən məbləğin də cavabdehdən tutulması tələb edilsə də bu barədə mötəbər sübutlar (hüquqi yardım haqqında müqavilə, bu yardımın göstərilməsi üçün razılaşdırılmış qiymət, müqavilə qiymətinin vəkilə ödənilməsini təsdiq edən mədaxil qəbzi, köçürmə sənədi və s.) məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehdən bu təyinatla hansısa xərc tutula bilməz.

Məhkəmənin gəldiyi nəticə.

44. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, bu nəqliyyat vasitəsi qətnamə icra edilən vaxt mövcud olmazsa, həmin nəqliyyat vasitəsinin dəyəri olan 11500 manat məbləğində pul vəsaiti, 124.5 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiа qismən təmin edilsin. “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı verilsin. “Toyota Prius” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qətnamə icra edilən vaxt mövcud olmazsa, həmin nəqliyyat vasitəsinin dəyəri olan 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 124.5 manat (yüz iyirmi dörd manat əlli qəpik) məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində mütəxəssis rəyi xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar