Məhkəmə qərarları › İş №2(010)-3566/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3566/2020

16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3566/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinədair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli podrat müqaviləsinə xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməyən 5580 manat və müqavilədən kənar görülmüş işlərə görə 1500 manat olmaqla, cəmi 7080 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Cavabdeh1 məxsus 0,016 ha torpaq sahəsi üzərində 36 kv.m sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin yaşayış evinin tikintisini xx.xx.2018-ci il tarixdə başa çatdırıb Cavabdeh1 təhvil verməli idi. Qeyd edilən müqavilə ilə əlaqədar tərəflər arasında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh1 ilkin olaraq 5400 manat ödəməklə, sonradan isə xx.xx.2020-ci il tarixədək hər ay 265 manat olmaqla müqavilə ilə qalan məbləği iddiaçıya ödəyib qurtarmalı olmuşdur. İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirərək, xx.xx.2018-ci il tarixdə yaşayış sahəsini hazır etmiş, yaşayış üçün yararlı hala gətirmiş, lakin sonradan sifarişçi evin daxili və fasad suvağının vurulmasını iddiaçıya sifariş etmiş, bu işlərin görülməsi üçün əlavə iki ay vaxt lazım olmuşdur. Bundan əlavə isə divarın hörülməsində qonşu ilə olan mübahisə üzündən divarı cəmi 5 daş hündürlüyündə inşa etmiş, divarı tamamlaya bilmədiklərinə görə Cavabdeh1 evi təhvil almamışdır. Buna baxmayaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixədək ödəməli olduğu pul vəsaitini mütəmadi olaraq ödəmişdir, xx.xx.2019-cu il tarixdən isə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 Cavabdeh1 evin tikintisi üçün ödəməli olduğu məbləği iddiaçıya ödəməyi yazılı surətdə öz öhdəsinə götürmüş, bu barədə xx.xx.2019-cu il tarixdə yeni ərizə verərək, Cavabdeh1 öhdəliyinə zamin olmasını bildirmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçı bu barədə cavabdehə bildiriş göndərmiş, ona qarşı məhkəmədə iddia qaldıracağını bildirmiş, bununla əlaqədar zamin Cavabdeh3 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 zamin durmuş, ödənilməyən məbləğlərin ödəniləcəyinə zəmanət vermiş və zaminliyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq Cavabdeh1 müqavilə üzrə heç bir məbləğdə pul ödəməmiş, zaminlər də öz öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı cavabdehlərdən ödənişləri tələb etdikdə isə Cavabdeh2 ona yazılı məlumat göndərərək, fərdi yaşayış evinin tikintisini başa çatdırmağı tələb etmidir. Halbuki, həmin evin tikintisi artıq çoxdan başa çatdırılmış, evin müqavilədə nəzərdə tutulan bütün tikinti işləri yerinə yetirilmişdir. Yəni iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq xx.xx.2020-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin iddiaçıya 5580 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 podrat müqaviləsində nəzərdə tutulmayan tikinti işlərini – daxili və fasad suvağının vurulmasını sifariş etməsi və bu işlərin də onlar tərəfindən yerinə yetirilməsi nəticəsində müqavilənin dəyəri 1500 manat da artmışdır ki, bu məbləği də Cavabdeh1 iddiaçıya ödəməlidir. İddiaçı cavabdehə bu barədə yazılı xəbərdarlıq da vermiş, xx.xx.2017-ci il tarixli Podrat müqaviləsi üzrə ödənilməyən 5580 manat və müqavilədən kənar edilmiş sifarişə görə 1500 manat olmaqla, cəmi 7080 manat məbləğin ödənilməsini tələb etdikdə isə cavabdeh ödəniş etməkdən imtina etmiş, iddiaçıya ödəməli olduğu məbləği ödəməmişdir. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə iddiaçı dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti artıq keçmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəməbaxışıiclasındaiştirak edəniddiaçının vəkili X1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəməiclasındaiştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçının müqavilə üzrə layihədə nəzərdə tutulmuş qaydada evi hazırlamadığı və müqavilə öhdəliyini pozduğunu bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəməiclasındaiştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçının müqavilə üzrə layihədə nəzərdə tutulmuş qaydada evi hazırlamadığı və müqavilə öhdəliyini pozduğunu bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, çıxışını, dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Podratçı İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Podrat müqaviləsinə əsasən “podratçı” “sifarişçi” yə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.1.6 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. ”Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi” nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Tikinti xx.xx.2018-ci il tarixdə başa çatdırılır. - Həmin Müqavilənin hesablaşma qaydası, ödənişlər başlıqlı 3-cü bəndinə əsasən Abşeron rayonu, Abşeron quşçuluq Sovxozu ərazisində sifarişçiyə aid olan 0.1.6 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tikintisinə görə “sifarişçi” tərəfindən “podratçı” ya 14940 AZN nağd və kredit yolu ilə ödəniləcəkdir. 1-ci mərhələdə 5400 manat ödənilir, qalan məbləğ kredit cədvəlində qeyd olunan ödənişlərlə 36 ay müddətinə ödənilməlidir. - Seriya RX ******* № li, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0.016 ha hissəsi icarə hüququnun alqı-satqısı müqaviləsi əsasında Cavabdeh1 icarə şəklində istifadəsinə verilmişdir. Yüklü edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüffatı təyinatlı torpaqlardır. - Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli “zaminlik ərizəsi”ndən görünür ki, o, Cavabdeh1 podrat müqaviləsi üzrə borcunun ödənilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - Cavabdeh3 tərəfindən imzalanmış aktdan görünür ki, o, Cavabdeh1 ilə bağlanmış podrat müqaviləsi üzrə Cavabdeh2 borc məbləğini ödəyəcəyinə zəmanət vermiş və zaminliyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə görə:

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin Maddə 13-cü maddəsinə görə:

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Hazırkı işdən görünür ki, yaşayış evinin tikildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Torpaq qanunvericiliyinin tələblərinə əsasən kənd təsərrüffatı təyinatlı torpaqlar yalnız təyinatına uyğun istifadə edilməlidir və torpağın təyinatının dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Bu yanaşmadan irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər arasında yaşayış evinin tikintisi ilə bağlı bağlanmış Podrat müqaviləsi mülki qanunvericiliyin tələbləri baxımından etibarlı hesab edilə bilməz. Belə ki, həmin müqavilə yaşayış sahəsinin tikintisi üçün nəzərdə tutulmayan torpaq sahəsində yaşayış evinin tikintisi sifarişinin verilməsindən ibarətdir. Yani, müqavilənin predmeti özü özlüyündə qanunvericiliyin imperativ tələblərinə uyğun olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə sifarişçinin öhdəliklərinə zamin durmaqları ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar