Məhkəmə qərarları › İş №2(010)-357/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-357/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-357/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4544,95 manat əsas borc, 580,87 manat faiz borcu və 78,82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5204,64 manat borcun və 72,05 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 26 avqust 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh3 26.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 26 avqust 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.10.2021-ci ilədək Cavabdeh3 banka 26.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4544,95 manat əsas borc, 580,87 manat faiz borcu və 157,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5283,45 manat borcu vardır. Cavabdeh3 26.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 157,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %- miqdarında olmaqla, yəni 78,82 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 11-MZ2-1-0—2195-20 saylı 26.08.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh3 öz üzərinə götürmüşdür. 11-MZ2-1-0—2195-20 saylı 26.08.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə 08.10.2021-ci il tarixədək 4544,95 manat əsas borc, 580,87 manat faiz borcu və 157,63 manat cərimə borcu olmaqla, ümumilikdə 5283,45 manat məbləğində borcu vardır. "xxxx" ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabeh illik 25% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh3 iddiaçıya 4544,95 manat əsas borc, 580,87 manat faiz borcu vardır. Cavabdeh3 26.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 157,63 manat təşkil etməsinə baxmayaraq, iddiaçı 78,82 manat ödənilməsini tələb etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 digər Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 78,82 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 20 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Tərəflər arasında bağlanmış müqavilə 24 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər iki cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi mövcud olduğundan və müqavilə hazırda qüvvədə olduğundan həmin cavabdeh iddiaçı qarşısında digər Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşımalıdırlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4544,95 (dörd min beş yüz qırx dörd manat doxsan beş qəpik) manat, faiz borcuna görə 580,87 (beş yüz səksən manat səksən yeddi qəpik) manat və cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, ümumilikdə 5145,82 (beş min yüz qırx beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 72,05 (yetmiş iki manat beş qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4544,95 (dörd min beş yüz qırx dörd manat doxsan beş qəpik) manat, faiz borcuna görə 580,87 (beş yüz səksən manat səksən yeddi qəpik) manat və cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, ümumilikdə 5145,82 (beş min yüz qırx beş manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 72,05 (yetmiş iki manat beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar