Məhkəmə qərarları › İş №2(010)-358/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-358/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-358/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2268,87 manat əsas, 4,52 manat faiz borcu və 1,49 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2274,88 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 42,75 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6324/2021 nömrəli iş üzrə qəbul etdiyi 10 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2531,90 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.15 oktyabr 2021-ci ilədək Cavabdeh1 banka 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2268,87 manat əsas borc, 4,52 manat faiz borcu və 2,97 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2276,36 manat borcu vardır. Cavabdeh1 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2,97 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 1,49 manat məbləğində tələb olunur. Hazırda cavabdeh tərəfindən ödənişlər edilib və əsas məbləğdə azalmalar olub. 10.01.2022-ci il tarixə olan maliyyə arayışına əsasən cavabdehin 1923,87 manat məbləğinə əsas borcu, 3,78 manat faiz borcu və 0,53 manat cərimə borcu olmaqla ümumilikdə 1928,18 manat məbləğində borcu vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Hilal bankdan pul götürmüş və o da qohum kimi zamin durmuşdur. Sonradan gecikmələri olduğu üçün Hilalın borcu Prezidentin Fərmanının təsir dairəsinə düşmüş və Hilal da yanvar ayına kimi hər ay borcundan ödənişlərini etmişdir. Yanvar ayından sonra isə bank məhkəməyə müraciət etdiyi üçün Hilal ödəniş etməyi dayandırmışdır. X3 və ödənişləri atası edir. Özünün maddi durumu yaxşıdır və borcu birdəfəyə ödəniş etməklə bağlaya bilər, sadəcə olaraq əsas borclu Hilal olduğu üçün borcunu özü ödəməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh1 ilə “Yelo Bank" ASC arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2531,90 manat məbləğində kredit vermişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. 24.09.2021-ci il tarixli son xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 15.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən onun İddiaçı ASC-yə 2268,87 manat əsas borcu, 4,52 manat faiz, 2,97 manat cərimə borcu olmaqla, cəmi 2276,36 manat borcu vardır. 10.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən onun İddiaçı ASC-yə 1923,87 manat məbləğində əsas borc, 3,78 manat məbləğində faiz borcu və 0,53 manat cərimə borcu olmaqla, cəmi 1928,18 manat borcu vardır. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 1923,87 manat məbləğində əsas borc, 3,78 manat məbləğində faiz borcu və 0,53 manat cərimə borcu olmaqla, cəmi 1928,18 manat borcun tutulması barədə tələb əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2019-cu il tarixli kredit borcuna görə 1923,87 manat məbləğində əsas borc, 3,78 manat məbləğində faiz borcu və 0,53 manat cərimə borcu olmaqla, cəmi 1928,18 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 42,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,23 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 6,52 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2019-cu il tarixli kredit borcuna görə 1923,87 manat məbləğində əsas borc, 3,78 manat məbləğində faiz borcu və 0,53 manat cərimə borcu olmaqla, cəmi 1928,18 (bir min doqquz yüz iyirmi səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,23 (otuz altı manat iyirmi üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 6,52 (altı manat əlli iki qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar