Məhkəmə qərarları › İş №2(010)-3617/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3617/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3617/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97627 HUAWEİ Y6 markalı telefon üçün 18 manat ödənilməmiş məbləğ və 1 manat cərimə, 17 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********47679 X2 7 markalı telefon üçün 106 manat ödənilməmiş hissə, 10 manat cərimə, 15 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led markalı televizor üçün 547 manat ödənilməmiş hissə, 54 manat cərimə, 17 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********59964 X1 8 markalı telefon üçün 657.6 manat ödənilməmiş hissə, 65.4 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1489 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 24 iyun 2019-cu il, 17 avqust 2019-cu il, 15 dekabr 2019-cu il və 17 iyun 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********97627 HUAWEİ Y6 markalı telefon, İMEİ kodu **********47679 X2 7 markalı telefon, Samsung Led markalı televizor, İMEİ kodu **********59964 X1 8 markalı telefon almış və nəticədə 1459 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 406 manat (12 ay x 23 manat+130 manat ilkin ödəniş) olan İMEİ kodu **********97627 HUAWEİ Y6 markalı telefon üçün ümumilikdə, 19 manat olmaqla ondan, 18 manat ödənilməmiş hissə və 1 manat cərimə, 17 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 774 manat (18 ay x 43 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********47679 X2 7 markalı telefon üçün ümumilikdə, 116 manat olmaqla ondan, 106 manat ödənilməmiş hissə və 10 manat cərimə, 15 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1386 manat (18 ay x 77 manat+ 0 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor üçün ümumilikdə, 601 manat olmaqla ondan, 547 manat ödənilməmiş hissə və 54 manat cərimə, 17 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 657.6 manat (12 ay x 54.8 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59964 X1 8 markalı telefon üçün ümumilikdə, 723 manat olmaqla ondan, 657.6 manat ödənilməmiş hissə və 65.4 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləği 1895 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 iyun 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 406 manat olan İMEİ kodu **********97627 HUAWEİ Y6 markalı telefon hər ay 23 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17 avqust 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 774 manat olan İMEİ kodu **********47679 X2 7 markalı telefon hər ay 43 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 15 dekabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1386 manat olan Samsung Led markalı televizor üçün hər ay 77 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 657.6 manat olan İMEİ kodu **********59964 X1 8 markalı telefon üçün hər ay 54.8 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 24 iyun 2019-cu il tarixli Alqısatqı müqaviləsi üzrə 18 manat ödənilməmiş əsas məbləğ və 1 manat cərimə, 17 avqust 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 106 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə, 15 dekabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 547 manat ödənilməmiş əsas məbləğ və 54 manat cərimə, 17 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 657.6 manat ödənilməmiş əsas məbləğ və 65.4 manat cərimə olmaqla – cəmi 1459 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 24 iyun 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 18 manat ödənilməmiş əsas məbləğ və 1 manat cərimə, 17 avqust 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 106 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə, 15 dekabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 547 manat ödənilməmiş əsas məbləğ və 54 manat cərimə və 17 iyun 2020-ci il tarixli müqavilə üzrə 657.6 manat ödənilməmiş əsas məbləğ və 65.4 manat cərimə olmaqla, cəmi 1459 manat məbləğində borc "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 24 iyun 2019-cu il tarixli müqavilə üzrə 18 (on səkkiz) manat məbləğində əsas borc və 1 (bir) manat məbləğində cərimə, 17 avqust 2019-cu il tarixli müqavilə üzrə 106 (yüz altı) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə, 15 dekabr 2019-cu il tarixli müqavilə üzrə 547 (beş yüz qırx yeddi) manat məbləğində əsas borc, 54 (əlli dörd) manat məbləğində cərimə, 17 iyun 2020-ci il tarixli müqavilə üzrə 657.6 (altı yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində əsas borc, 65.4 (altmış beş manat 40 qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1489 (min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar