Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-362/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat borc pulun və ödənilmiş 36,40 manat məbləğində dövlət rüsumu və bank xidməti pulunub alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
Tərəflərin izahatları:
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, cavabdehi şəxsən tanımırdı. Onların hərbiçi tanışları var idi, həmin şəxs cavabdehin uşağı olduğunu və pula ehtiyacı olduğunu bildirmiş, o da pulu vermişdir. Həmin pulları hissə-hissə cavabdehin ona verdiyi karta köçürmüşdür. O, ilk olaraq 900 manat pul vermiş, qalan 700 manatı isə sonradan göndərmişdir ki, bunlara dair qəbzlər də var. Cavabdehə ümumilikdə 1600 manat pul vermişdir. Cavabdeh isə bunun əvəzində ona hər ay borcunu çıxması üçün özünün maaş kartı adlandırdığı kartı vermiş, lakin o, sonradan həmin kartın maaş kartı olmadığını bilmişdir. O, dəfələrlə pulu istəmiş, hərbi hissəyə getmiş, lakin cavabdeh pulu qaytaracağını bildirsə də, heç bir ödəniş eləməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh elektron ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının ona diyircəkli qələmlə yazdırdığı mətni saxtalaşdıraraq məbləğin qarşısına (900 AZN məbləği 1900 AZN dəyişilib) əlavə rəqəm artıraraq onda bu məbləği tələb edir. 900 AZN məbləğdə məktubu ona yazdirandan sonra pulun axşam olacağını bildirərək, yalnız məbləği öz şikayət ərizəsində göstərdiyi kimi hissələrlə göndərmiş və indi ona 1600 AZN verdiyini iddia edir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddiaçının verdiyi ərizənin xətt ekspertizasına gönderilməsini xahiş etmişdir.
İş materialları.
6. Cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətə qaytarmaq şərtilə 900 manat götürmüşdür.
7. xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh hesabına müvafiq olaraq 300, 200, 200 manat olmaqla, ümumilikdə 700 manat pul köçürülmüşdür.
İşin faktiki halları.
8. İddiaçı ilə Cavabdeh arasında borc öhdəliyinin yaranması və iddiaçı tərəfindən 1600 manat pulun cavabdehə verilməsi işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
12. Belə ki, hazırkı işdə iddiaçının cavabdehə 1600 manat məbləğində borca pul verməsi iş materialları ilə təsdiq olunur. İş materiallarında olan cavdebeh tərəfindən yazılmış əlyazmadan da görünür ki, cavabdeh həmin pulu borca götürməsini və 3 ay müddətinə qaytaracağına söz vermişdir. Cavabdeh 1600 manat məbləğində borcunu iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında borc öhdəliyi yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi (borcun şərtləşdirilmiş vaxtda geri qaytarılması) lazımınca yerinə yetirməmişdir. Həmin vaxtdan 2 ildən çox müddət keçmiş və cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
13. Cavabdeh öz etiraz ərizəsində hissə-hissə pulun göndərilməsi, yəni 700 manat məbləğində pulun göndərilməsi hissəsində iddianı etiraf etmiş, 900 manat hissəsində isə iddianı qəbul etməyərək, 900 manatın qarşısına 1 rəqəmini əlavə edərək 1900 manat məbləğində pulun istənildiyini və bu səbəbdən ekspertiza keçirilməsini xahiş etmişdir.
14. Halbuki, əlyazmadan görünür ki, iddiaçı sadəcə olaraq əlyazmadakı 900 manat pulu istəmiş və cavabdehin bildirdiyi kimi saxtakarlığa yol verərək 1900 manat pul tələb etməmişdir. Həmçinin, cavabdehin etirazından görünür ki, o, 900 manat hissəsində də iddianı qəbul etmiş, lakin pulun axşam olacağını bildirərək əlyazma yazıldıqdan sonra iddiaçının pulu ona vermədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı bir sübut varsa, həmin sübutun etibarsızlığını tələb edən tərəf onun qüvvədən salınması üçün mötəbər sübutlar gətirməlidir. Cavabdeh 900 manat pulun ona verilməməsini bildirsə də, etirazını sübut edə bilməmişdir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 36 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 36,40 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 36,40 (otuz altı manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.