Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3635/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində dəymiş ziyanın, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 19.12.2019-cu il tarixli X3 baş etibarnamə əsasında Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomabili 10000 (on min) manata almışdır. İddiaçı bir müddət idarə edəndən sonra maddi durumu ilə bağlı olaraq 2020-ci ilin mart ayında satmaq qərarına gəlmiş və bu məqsədlə həmin avtomobili “Turbo.az” saytına 11000 (on bir min) manata satışa qoymuşdur. 25.03.2020-ci il tarixdə saat 12 radələrində iddiaçının istifadə etdiyi 055 ***-**-** saylı mobil telefonuna 050 ***-**-** saylı nömrədən zəng vuraraq özünü Elçin kimi təqdim edərək avtomobili almaq istədiyini bildirmişdir. Yasamal rayon ərazisində yerləşən “Ağ çiçəyim” şadlıq sarayının arxasında görüşmüş və maşın alverçisi olduğunu və Rusiya Fedarasiyasından dostu gəldiyini, dostu maşın aldığını və 12000 (on iki min) manata dostuna satacağını və 1500 (min beş yüz) manatı özünə götürəcəyini, 10500 (on min beş yüz) manat isə iddiaçıya verəcəyini bildirmişdir. Elçin Biləcəri qəsəbəsində yerləşən “Əhmədoğlu” avtomobil təmir sexinin yaxınlığına gələrək ordan mükli iş üzrə Cavabdeh gətirdi və Elçin cavabdehə bildirmişdir ki, avtomobildə oturan atası, o, isə bildirmişdir ki, yaxın dostudur, ona qiymət barədə söhbət etmə, belə ki, Elçin avtomobili RF-dan gələn dostuna, yəni cavabdehə baha qiymətə satıb öz qazancını götürmək istəyirdi. Elçin cavabdehi və iddiaçını BDYPİ-nin həyətində olan notariat kontoruna gətirmiş və sözügedən avtomobilini notariusda Cavabdeh adına alqı-satqı etdirmiş və imza edəndən sonra cavabdeh ilkin olaraq Elçinə 2900 (iki min doqquz yüz) manat pul verdiyini, qalan pulu isə ona evdən götürüb verəcəyini bildirmişdir. Cavabdehlə Elçin adlı şəxs birlikdə sözügedən avtomobillə cavabdehin evinə gəlmiş və cavabdeh həyətində Elçinə bildirmişdir ki, guya avtomobilin mühərrik nömrəsi ilə qeydiyyat şəhadətnaməsi üzərində olan nömrə uyğun gəlmədiyi üçün ona 1900 (min doqquz yüz) manat pul vermişdir. İddiaçı bir müddət cavabdehlə Elçini BDYPİ-nin həyətində olan notariat kontorunun qarşısında gözləsə də bir müddətdən sonra Elçinə zəng çatmamışdır. Dərhal DNK-nun rəhbərinə bildirmişdir ki, avtomobilini cavabdehlə Elçin adlı şəxs onu aldadaraq, ona pul vermədən avtomobilini aparmışdır. Natariusda olan işçilər ona bildirmişdir ki, artıq onlarlıq deyil, polisə müraciət etməsini ona tövsiyyə etmişlər. Çox çətinliklə notariusdan cavabdehin nömrəsini almış və zəng edib avtomabilin pulunu istəsə də, cavabdeh ona bildirmişdir ki, avtomobilin pulunu Elçinə vermişdir. Dərhal DİN-nin “102” xidmətinə zəng edib başına gələn məsələni polisə məruzə etmiş və cavabdehlə onu həmin gün 25.03.2020-ci il tarixdə saat 15 radələrində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Polis izahat və ifadələrini alandan sonra cavabdehə bildirmişdir ki, 10-12 min manatlıq avtomobili 4800 manata alanda bilmirdi ki, o, avtomobil mübahisəli ola bilər deyəndə cavabdeh isə həm polisin, həm də onun fikirlərini yayındırmışdır və bu mövzuda danışmaq istəmirdi. Təkrar polis cavabdehə bildirmişdir ki, mübahisəli məsələ olduğu üçün avtomobili müvəqqəti olaraq polisin dayanacağına yerləşdirilməlidir. Cavabdeh isə bildirmişdir ki, o, artıq avtomobilin ön hissəsini həyətdə usta gətirib söktürmüş və istədiyi vaxt avtomobil həyətindədir. Polisin sonuncu sözü cavabdehə o, olmuşdur ki, avtomobil başqa adamın adına alqı-satqı olunmasın. Cavabdeh isə ondan narahat olmasın, hətta 2-3 dəfə polisə və ona bildirmişdir ki, 4800 (dörd min səkkiz yüz) manatını gətirsin avtomobilini aparsın. İş materialları 6-cı X6 İstintaqına göndərildi, təkrar Polisin qərarı Prokurorluqda rədd edildi və yenidən araşdırma üçün Binəqədi rayon Polis idarəsinə göndərilmişdir. Ona Polis idarəsində bildirmişlər ki, cavabdeh avtomobili 26.03.2021-ci il tarixdə alqı-satqı yolu ilə, Suraxanı rayon qeydiyyatda olan X2 rəsmiləşdirmiş və avtomobilin qeydiyyat pasportu dəyişilərək ** MO *** qeydiyyat nömrə nişanı almışdır. Cavabdeh həm polis, həm də onların yanında bildirmişdir ki, 4800 (dörd min səkkiz yüz) manatını qaytarsın və avtomobilini gəlin aparın. Cavabdeh avtomobili alqısatqı etdikdən sonra, ondan gizlədir və bir həftə on gün müddətində demək olar ki, hər gün zəng edərək ona bildirmişdir ki, o da Elçini axtarır. Lakin cavabdeh özü bilirdi ki, həmin avtomobilin hal-hazırda bazar qiyməti 12000-14000 manat civarındadır. Cavabdehə təklif etmişdir ki, avtomobili birlikdə bazara çıxaraq və avtomobil bazarda satıldıqdan sonra o, özü 4800 (dörd min səkkiz yüz) manatını götür və qalan pulunu da ona qaytar. Cavabdeh özü yaxşı bilirdi ki, həqiqətən o, Elçin adlı şəxs tərəfindən aldanmış və özü də avtomobilin pulunu, 4800 manatı Elçin adlı şəxsə vermiş və polisdə də öz izahatında təsdiq etmişdir. Cavabdeh isə sözügedən avtomobili X2 alqı- satqı yolu ilə 13500 manata satmışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomabili 4800 manata almışdır. O, maşını aldığı üçün İddiaçı heç bir pul verməmişdir. O, avtomaşını alanda Elçini iddiaçının oğlu olduğunu bilmişdir. Həmin avtomaşın iddiaçının iddia tələbindəki qiymətləndirdiyi məbləğdə avtomaşın deyil. Avtomaşın alınarkən Elçin bildirmişdir ki, avtomaşın atasının adınadır, atası onun adına etibarnamə verəcəkdir. O, avtomaşınla bağlı mübahisə yaranan kimi Elçinin telefonuna zəng etmiş, lakin artıq həmin nömrə satılmışdır. O, iddiaçıya təklif etmişdi ki, onun maşın üçün ödədiyi 4800 manatı geri qaytardığı təqdirdə özü avtomaşını geri qaytarmağa hazırdı. İddiaçı isə onun bu təklifi ilə razılaşmır. O, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının DİN-yi Bakı şəhər Baş Polis İdarəsinin 03.11.2020-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən edilir ki, eyni məsələ ilə bağlı müraciət əsasında Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq 21 aprel 2020-ci ıl tarixdə toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması qənaətinə gəlinib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göstərdiyi xüsusatların və digər halların tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün Bakı Şəhər Prokurorluğu qarşısında vəsatət qaldırılmışdır. Müraciəti cinayət-prosessual qanunvericiliyinə əsasən baxılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Binəqədi rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi M.Əliyevin 30.11.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarından müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı Xanbuta oğlu 23.10.2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək, “Elçin” adlı şəxsin onu aldadaraq 25.03.2020-ci il tarixdə “Turba.az” saytı vasitəsilə satışa qoyduğu özünə məxsus Mersedes-benz markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Cüməli oğluna 5000 manata sataraq pulu ələ keçirməsi barədə məlumat vermişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 tərəfindən İddiaçı 14.01.2020-ci il tarixində həmin avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. İddiaçı 25.03.2020-ci il tarixli etibarnamə əsasında və 13.500 manat müqabilində həmin avtomobili cavabdehin istifadə və sahibliyinə verdiyini bildirir, cavabdeh isə məhkəmə iclasında, həm də istintaq orqanında verdiyi izahatında 25.03.2020-ci il tarixində iddiaçı tərəfindən ona etibarnamə verildiyini, verilmiş etibarnamə əsasında Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili sahibliyinə və istifadəsinə götürdüyünü və bunun müqabilində 4800 manat pul ödədiyini etiraf edir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh mübahisəli avtomobili 26.03.2020-ci il tarixində X1 adına özgəninkiləşdirmişdir. İddiaçı mübahisəli avtomobili 13500 manat müqabilində cavabdehin istifadəsinə və sahibliyinə verdiyini bildirsə də, buna dair hər hansı bir mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin mübahisəli avtomobili 4800 manat pul müqabilində əldə etməyə razılaşması etiraf olunduğundan iddiaçı faktı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mübahisəli avtomobili 4800 manat pul müqabilində istifadə və sahibliyinə keçirdiyini etiraf etsə də, sözügedən məbləği ödəməsi halı iş materialları ilə öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli avtomobili 13500 manat müqabilində cavabdehin istifadə və sahibliyinə verməsinin razılaşlaşdırılmasının iş materialları ilə müəyyən edilməməsi, cavabdehin Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili 4800 manat müqabilində öz sahibliyinə və istifadəsinə götürdüyünü etiraf etməsi, lakin həmin məbləği ödədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi, işin hallarının məcmusunda qiymətləndirildiyində cavabdehin hazırda iddiaçıya 4800 manat ödəməli olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının Mersedes-Benz markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3635/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3635/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver