Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3636/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8070 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2018-ci il mart ayında özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman təsadüfən Cavabdeh2 ilə tanış olmuşdur. Cavabdeh2 ona təmir-tikinti şirkətində işlədiyini və evlərin bərpası ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh2 onu rəsmi qaydada işlədiyi həmin şirkətə sürücü kimi işə götürməsini və ayda 400 manat məbləğində məvacib veriləcəyini təklif etmişdir. O, Könül xanımın təklifi ilə razılaşaraq ona taksi xidməti göstərərək hər ay 400 manat əmək haqqı almışdır. Bir müddət keçdikdən sonra Cavabdeh2 şirkətdəki işlərinə görə təcili pul lazım olduğundan həmin pulu tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. Nəhayət, Könül onun avtomobilini girov qoymağı təklif etmiş və nə qədər şirkət çox pul verərsə, lombardın pulunun şirkət tərəfindən ödəniləcəyini və ona əlavə əmək haqqı veriləcəyini bildirmişdir. O Könüllə bu barədə razılaşmış və Könül onu öz şəriki Heydərov Rüfət İbrahim oğlu ilə tanış etmişdir. Bununla əlaqədar olaraq o Könül və Rüfətlə birlikdə Sumqayıt şəhərinə getmişlər. Ziya adlı bir şəxslə söhbət etdikdən sonra 3500 manata avtomobili girov qoyaraq pul götürmüşlər. 24.07.2018-ci ildə ona məxsus avtomobil notariusda Mustafayev Emin Eldar oğlunun adına keçirilmişdir. Ona avtomobili idarə etmək üçün etibarnamə vermiş, sonra Ziya ona 3500 manat pul ödəmişdir. Sonra o Rüfətlə birlikdə yaşadığı ünvana gələrək 3500 manat puldan 100 manat şirkətin ona olan borcuna və 400 manat əmək haqqısından götürdükdən sonra qalan 2900 manatı Rüfətə vermişdir. Onlar notariusda olarkən Könül ona bildirmişdir ki, 15 gün müddətində tam borcu ödəyəcəyək və avtomobili girovdan çıxaracaq. Lakin bir ay keçdikdən sonra ona məlum olmuşdur ki, Könül və Rüfət tərəfindən avtomobilə dair pul ödənilməmişdir. Ona görə də o məcburiyyət qarşısında qalaraq 500 manat pulu öz şəxsi vəsaitindən ödəmişdir. O işin bu yerdə olduğunu görüb Sumqayıt şəhərinə getmiş və Rüfətlə Könülü çağırıb Ziya, Anar və Elşənlə onları görüşdürmüşdür. Bundan sonra Könül bir neçə ay avtomobilin pulunu ödədiyini ona bildirmişdir. Lakin hansı məbləğdə ödəməsi barəsində məlumatı olmamışdır. 2018-ci ilin sonunda Anar ona zəng edib verdiyi etibarnaməni ləğv edəcəyini bildirmiş və avtomobili ona təhvil verməyi tələb etmişdir. O yenidən Sumqayıt şəhərinə getmiş və məlum olmuşdur ki, avtomobilin cərimələrlə birlikdə 3000 manat borcu vardır. Onun hesablamalarına görə Könül və Rüfətin onu aldatdıqlarını və 4800 manat maddi ziyan vurduqlarını hesablamışdır. O məcburiyyət qarşısında qalıb Bakı şəhər Nizami rayon Polis idarəsinin 25-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Bakir Aslanov ərizəsinə əsasən işin araşdırılmasını aparmışdır. Lakin müstəntiq tərəfindən 01.03.2019-cu ildə həmin şikayəti ilə əlaqədar “cinayət işinin başlanmasının rədd edilməsinə” dair qərar qəbul etmişdir. İşlədiyi müddət ərzində şirkət tərəfindən ona ödənilməli olan əmək haqqını da ödəməmişlər. Ona görə də o məcburiyyət qarşısında qalaraq 5770 manat avtomobilə görə ödədiyi pulun, 300 manat banka ödədiyi pulun və 2000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, hadisə baş verəndən bu vaxta kimi xeyli müddət keçməsinə baxmayaraq cavabdehlərin təqsiri ucbatından onun qazanacağı pullar əlindən çıxmışdır. Bu müddət ərzində cavabdehlər ona yalan vədlər vermiş, hər dəfə zəng etdikdə ona ümidlər verərək beh aldığını, pulunu düzəldib verəcəyini, ya da ayın sonunda pulun yarısını verəcəyini deyərək onu əsəbləşdirmiş, psixi gərginlik yaradaraq mənəvi sarsıntı keçirtməyinə səbəb olmuşdur. Ona məxsus pulun cavabdehlərdə qalması onu çox narahat etmiş, hər dəfə yadına düşəndə stress keçirmişdir. Bu hal onu əsəbləşdirir və keçirtdiyi sarsıntını daha da dərinləşdirir. Yuxarıda qeyd edilən mənəvi zərərin vurulmasına səbəb cavabdehlərin qanunsuz hərəkəti və pulun qanunsuz olaraq qaytarılmamasıdır. Odur ki, o bu keçirtdiyi sarsıntıların və mənəvi ziyanın qarşılığı 2000 manat məbləğində qiymətləndirir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.11.2018-ci il tarixli etibarnamədən görünür ki, Mustafayev Emin Eldar oğlu X3 ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə Heydərov Rüfət İbrahim oğluna etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilib və 04.12.2018-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş 08.04.2021-ci il tarixli əsas alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin tərəfləri: birinci tərəf Mustafayev Emin Eldar oğlu, ikinci tərəf İddiaçıdur. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, tərəflər arasında 24.07.2018-ci tarixli müqaviləyə əsasən, Sumqayıt RQİ və TBŞ tərəfindən 24.07.2018-ci il tarixdə verilmiş AD №230962 saylı nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinə əsasən buraxılış 1998-ci il, ban nömrəsi W0L0JBF35W7081461 olan ** MB *** dövlət qeydiyyat nömrə nişanlı X3 markalı avtonəqliyyat vasitəsinə görə borc tam ödənilmişdir. Əsas alqı-satqı müqaviləsinin şərti ilə tərəflər razıdır. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, İddiaçı alıcı alqı-satqı müqaviləsinə əsasən avtomobili 5640.00 manatı alıb və pulu tam şəkildə ödəmişdir. İş materiallarına əlavə edilmiş 24.07.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin tərəfləri: birinci tərəf Mustafayev Emin Eldar oğlu, ikinci tərəf İddiaçıdur. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, Mustafayev Emin Eldar oğlu Sumqayıt RQİ və TBŞ tərəfindən 24.07.2018-ci il tarixdə verilmiş AD№ 230962 saylı nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinə əsasən buraxılış 1998-ci il, ban nömrəsi W0L0JBF35W7081461 olan ** MB *** dövlət qeydiyyat nömrə nişanlı X3 markalı nəqliyyat vasitəsini 5640.00 manata satmağı və alıcı İddiaçı müqavilədə göstərilən qaydada ödədikdən sonra əsas (alqı-satqı) müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, İddiaçı avtomobilin alıcıya alqı-satqı ilə əlaqədar razılaşdırılmış 5640.00 manat məbləği 12 ay müddətinə hər ay 470 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Yalnız qalıq pulu tam şəkildə ödədikdən sonra, satıcı ilə əsas alqı-satqı müqaviləsi bağlanması şərti ilə razıdır. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, satıcı müqavilə müddəti ərzində alıcıya nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verir. İş materiallarına əlavə olunmuş 01.03.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanılmış materiallarda Heydərov Rüfət İbrahim oğlu və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami RPİ-nin 25-ci PB-si № RM 399 vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış rədd materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş izahatdan müəyyən olunur ki, o Zaur onun üçün Cavabdeh1la birlikdə Sumqayıt şəhərinə gedərək avtomobili girov qoyaraq 3500 manat pul almış və həmin puldan 1000 manatı Rüfət vasitəsilə ona vermiş və yerdə qalan pulu isə öz aralarında bölmüşlər. Rüfət ona 1000 manat verdikdən sonra 6 ay müddətində Mustafayev Emin Eldar oğlunun adına 2300 manat pul ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən görünür ki, KL-2018” MMC ilə İddiaçı arasında 09.05.2018-ci il tarixdən 09.05.2019-cu il tarixədək 1 il müddətinə hər ay işçiyə 400 manat məbləğində əmək haqqı ödənilməsi şərti ilə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Kazımova X1 rayonu, Lənkəran şəhəri, S.Ə.Kazımbəyoğlu küçəsi, ev 8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Heydərov Rüfət İbrahim oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. İddiaçının mənəvi zərərin əvəzi kimi 2000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehlərin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Hazırda İddiaçı cavabdehlər Heydərov Rüfət İbrahim oğlundan və Cavabdeh2 8070 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə tərəfin verdiyi izahatdan və təqdim olunmuş sübutlardan məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Mustafayev Emin Eldar oğlu və İddiaçı arasında 24.07.2018-ci il tarixdə Opel Vectra markalı, ** MB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmış və İddiaçı avtomobilin alqısatqı ilə əlaqədar razılaşdırılmış 5640.00 manat məbləği 12 ay müddətinə hər ay 470 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından və iddiaçı ilə cavabdehlərin verdiyi izahatlardan müəyyən olunmuşdur ki, İddiaçı avtomobilə görə 3500 manat pul almış və həmin puldan 500 manat götürdükdən sonra 2900 manat pulu Cavabdeh2 çatdırmaq üçün Cavabdeh1 vermişdir. Cavabdehlər İddiaçı ərizəsi əsasında toplanmış rədd materiallarında İddiaçı pulu qismən olsa da almalarını etiraf etmişlər. Lakin həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, 2900 manat pul Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsində sübut təqdim olunmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün olduğundan ondan dövlət rüsumu tutulmamalıdır. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Heydərov Rüfət İbrahim oğlundan və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2900 (iki min doqquz yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə xərci- 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3636/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3636/2021
09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver