Məhkəmə qərarları › İş №2(010)-3641/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3641/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3641/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3289,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3319,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində AK-2/8471 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02050 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 1502AZ**********803 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş - İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda i saldo üzrə ümum 3289.20 manat təşkil etməkdədir. Cavabdehə 3289,20 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə olan halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayon X4 – “Paylayıcı”, Cavabdeh Əsgərəli oğlu – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 584,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 810 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 126 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 36,50 manat; xx.xx.2020-ci il tarixli 005239 saylı akt əsasında 172,80 manat məbləğində dəymiş zərər hesablanmışdır. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə əlaqədar aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən yuxarıda qeyd olunan 2844,10 manat borcun hesablandığını iddia edir. Həmçinin abonent saldosu üzrə 445.10 manat təbii qazdan istifadəsi ilə əlaqədar borcun tutulması barədə tələb irəli sürülmüşdür. “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə xx xxxxxx 2016-cı ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin Aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin Aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh Əsgərəli oğlunun iştirak edib-etməməsi müəyyən olunmur. Təsvir edilənlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum Aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2844.10 manat məbləğində pulun” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə Mülki-Prosessual Qanunvrericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Beləliklə də, İddiaçı Cavabdeh Əsgərəli oğluna qarşı aktlar üzrə iddia tələbinin əsaslılığı, yəni Cavabdeh Əsgərəli oğlundan “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2844,10 manat məbləğində pulun” tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən **********02050 nömrəli abonent kodu ilə qeyri-qanuni istifadəyə görə hesablanmış 2844,10 manat məbləğində borcdan başqa təbii qazdan istifadə edilməsi nəticəsində 445,10 manat yaranmış borcu mövcüddur (32xx.xx-2884.10=445.10) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına əsaslanaraq və əldə edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, İddiaçı abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 2844,10 manat məbləğində borcun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, lakin cavabdehin adına olan abonent saldosundan Cavabdeh Əsgərəli oğlu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Baxça küçəsində yerləşən fərdi evində təbii qazdan istifadəyə görə 445.10 manat debitor borcunun yaranması və həmin debitor borcun ödənilməməsi faktı tam sübuta yetirildiyi üçün iddia bu hissədə edilməli və cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 445.10 manat məbləğində debitor borcu iddiaçı “İddiaçı İstehalat” Birliyinin xeyrinə tutulmalıdır. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manatı Cavabdeh, 10 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 445,10 (dörd yüz qırx beş manat on qəpik) manat məbləğində borc, eləcə də 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 465,10 (dörd yüz altmış beş manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar