Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-365/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi Kərimov Eminin iştirakı ilə, İddiaçı Bakı Probasiya İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Probasiya İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı Probasiya İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Səbail Rayon Məhkəməsinin 1(009)-56/20 saylı, 14.10.2020-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin 04.11.2020-ci il tarixli göstərişi 25.11.2020-ci il tarixdə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən, məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra 04.02.2021-ci il tarixdə məhkumun öz iştrakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və onun üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokola müvafiq olaraq bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü və bir ədəd enerji toplayıcı quraşdırılaraq cavabdehə (məhkuma) təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları təkrarən ona izah edilmiş və həmin avadanlıqlar üərində gəzdirdiyi və istifadə müddətində maddi məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Cavabdeh 29.09.2021-ci il tarixli izahatında mobil qurğunun velosipeddən oğurlandığını bildirmişdir. Ədliyyə Nazirliyinin Maddi Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması barədə sorğu edilmiş və həmin vasitənin dəyəri 1346.03 manat müəyyən edilmişdir. Cavabdeh dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin o, maddi vəziyyətinin yaxşı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı Bakı Probasiya İdarəsinin nümayəndəsi Kərimov Emin iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazıma qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Səbail Rayon Məhkəməsinin 1(009)-56/20 saylı, 14.10.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 02.11.2018-ci il tarixli, 21/-3-1717 nömrəli məktubdan görünür ki, elektron nəzarət qurğusunun qiyməti 1346.03 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 29.09.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 1346.03 manat dəymiş maddi ziyanın ödənilməsi tələb edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, Cavabdeh AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Qeyd olunan cəzanın icrası ilə əlaqədar olaraq məhkumun üzərinə elektron nəzarət vasitəsini daşımaq vəzifəsi qoyulmuşdur. Cavabdeh 29.09.2021-ci il tarixli izahatında mobil qurğunun velosipeddən oğurlandığını bildirmişdir. Hal-hazırda iddiaçı dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanın əvəzi kimi 1346.03 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 (min üç yüz qırx altı manat, üç qəpik) manat pul tutularaq iddiaçı Bakı şəhəri Probasiya İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-365/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-365/2022
06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver