Məhkəmə qərarları › İş №2(010)-3663/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3663/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3663/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdeh Əlı̇ yev Əsəd Elman oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əlı̇ yev Əsəd Elman oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı ilə Əlı̇ yev Əsəd Elman oğlu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Əlı̇ yev Əsəd Elman oğluna (borc alana) 8.000 (səkkiz min) manat məbləğində pul borc verir. Müqavilənin 3.2-ci bəndinə əsasən “borc alan” krediti 1 ay müddətinədək qaytarmağı öhdəsinə götürür.

2. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, cavabdeh Əlı̇ yev Əsəd Elman oğluna borcun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

3. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

4. Cavabdeh Əlı̇ yev Əsəd Elman oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etiraf ərizəsindən görünür ki, Əlı̇ yev Əsəd Elman oğlu İddiaçı 8000 manat borcu olduğunu etiraf etmiş və ödəməyə razı olduğunu bildirmişdir.

İşin faktiki halları

5. İddiaçı tərəfindən cavabdeh Əlı̇ yev Əsəd Elman oğluna 8.000 manat məbləğində borca pul verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı cavabdeh Əlı̇ yev Əsəd Elman oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 (səkkiz min) manat məbləğdə borcun və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun, cəmi 8.100 (səkkiz min yüz) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh Əlı̇ yev Əsəd Elman oğlu təqdim etdiyi etiraf ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun İddiaçı 8000 manat borcu var və həmin borcu ödəməyə razıdır. Hazırda 2000 manat maaş almasına baxmayaraq, maaşının 50%-dən çoxu kredit borcları üçün banklara tutulduğu üçün əlində az pul qalır. Belə ki, bu ay 700 manat, keçən ay isə 900 manat əmək haqqı almışdır. Bu səbəbdən borcundan heç bir ödəniş edə bilmir. Hazırda isə həmin borcun qətnamə əsasında hissə-hissə tutulmasına razıdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

13. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, həmçinin tərəfləri dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Qanunvericilikdə borc müqaviləsinin hazırki iş üzrə yazılı formada bağlanması nəzərdə tutulduğundan, tərəflər öz aralarında notarial yazılı formada müqavilə bağlamışlar. Hazırki borc müqaviləsinin predmeti isə pul məbləği olduğu üçün qanunvericiliyə əsasən kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

16. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı (iddiaçı) Əlı̇ yev Əsəd Elman oğluna (cavabdehə) 8.000 manat məbləğində pul borc vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Həmçinin, iddiaçının irəli sürdüyü Əlı̇ yev Əsəd Elman oğlundan 8000 manat borcun tutulması tələbi üzrə iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh Əlı̇ yev Əsəd Elman oğlundan İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Əlı̇ yev Əsəd Elman oğlundan 8.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Əlı̇ yev Əsəd Elman oğlundan 8.000 (səkkiz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh Əlı̇ yev Əsəd Elman oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar