Məhkəmə qərarları › İş №2(010)-3665/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3665/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3665/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-7842/2014 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri-mümkün olmuşdur. Nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-7842/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun himayəsinə verilmiş və xx.xx.2014-cü il tarixdən başlayaraq cavabdehin hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə cavabdehin daimi iş yeri olmadığından kifayət etmir. Həmçinin respublikada bütün məhsullara (kommunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları) tətbiq edilmiş qiymət artımı övladının saxlanılmasını daha da çətinəşdirir. Belə olan halda o, övladı ilə çıxılmaz vəziyyətdə qalır və uşağının gündəlik tələbatını tam ödəyə bilmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Qeyd edilən səbəblərə görə alimentin tutulmasının dəyişdirilərək sabit pul məbləği ilə əvəz olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk olaraq 10 saylı Mediasiya Təşkilatına aliment tutulmasının dəyişdirilərək sabit pul məbləğində əvəz olunması ilə bağlı müraciət etmiş, nəticədə ilkin mediasiaya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixində arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etdi ki, o, bu ilin may ayınadək ayda 205 manat aliment alsa da, may ayından etibarən aliment ödənişi dayanmışdır. Aliment olmadan o, uşağın xərclərini təkbaşına qarşılaya bilməz. Ona görə ki, uşağın təhsili, yol pulu çox xərc tələb edir. Bu səbəbdən uşağın saxlanması üçün cavabdehdən qanunla müəyyən edilmiş miqdarda aliment tutulmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir. Aylıq gəliri 449.2 manat məbləğində pensiyadan ibarətdir. Üstəlik, onun iddiaçıdan başqa nikahından doğulmuş uşağa görə də məhkəmə qətnaməsi əsasında hər ay 200 manat aliment ödəməlidir. Bu vəziyyətdə ondan iddiaçının tələb etdiyi məbləğdə aliment tutularsa, onun özünə heç bir vəsait qalmır. Odur ki, iddianın qismən ən azından 200 manat aliment tutulması hissəsində təmin edilməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 183930 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 3484 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)- 7842/2014 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı Tayirovna arasında Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 1134 saylı nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 anası İddiaçı Tayirovnanın yanında və himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı Tayirovnaya ödənilməsi qət edilmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-832/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1862/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməsi, Cavabdeh 44 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 213311 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı Tayirovnanın nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Uşaq hazırda iddiaçının yanında qalır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı Tayirovnaya ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

20. Belə ki, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair qətnamənin qəbulundan 10 ilə yaxın vaxt keçmişdir. Aydındır ki, bu müddət ərzində uşağın yaşı artdıqca onun saxlanılma xərcləri də artmışdır ki, bu da özlüyündə iddiaçının maddi vəziyyətində dəyişiklik yaradır. Digər tərəfdən, müvafiq qətnamə ilə cavabdehdən hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulması qət edilsə də, məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Bu vəziyyətdə cavabdehdən tutulan alimentin miqdarının sabit pul məbləğində müəyyən edilərək artırılmasına zərurət yaranmışdır. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün də zəruridir.

21. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

23. Son olaraq, məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

24. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddia təmin edildiyindən iddianın qiymətinə (235x12=2820) mütənasib olan 48.2 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-7842/2014 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(010)-3665/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-7842/2014 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3665/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 48.2 manat (qırx səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar