Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3667/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zərərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin və mühərrikinin Cavabdeh vəsaiti hesabına tam təmir edilərək əvvəlki istismara tam yararlı vəziyyətə gətirilməsinin cavabdehin üzrərinə öhdəlik kimi qoyulması və ya arxa alın şüşəsinin və mühərrikin tam təmir olunaraq əvvəlki istismara tam yararlı vəziyyətə salınması üçün (1200 manatın) müəyyən olunan vəsait məbləğinin, təxliyyə xərci olan 80 manatın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19.08.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “VAZ 21074” markalı avtomobilin mühərrik işiğı yanmağa başladığından 04.04.2021-ci il tarixdə avtomobilinə xidmət edən, mühərrik ustası Cavabdeh işlədiyi servisə gətirmiş, baş verən nasazlıq haqqında ona ətraflı məlumat verərək mühərrikin səsinin bərk gəldiyini və yağın işığının yandığını bildirmişdir. Cavabdeh avtomobilin mühərrikinə baxış keçirmiş, sonra mühərrikin yağını və yağ fılterini yenisi ilə əvəz etmiş, yenə də mühərrik işiğı yanarsa heçbir narahatlığa səbəb olmadan problemin yağın göstəricisində ola biləcəyini bildirərək avtomobili yağın göstəricisi yandığı halda belə idarə edə biləcəyini bildirmişdir. Səhəri gün yəni 05.04.2021-ci il tarixində avtomobillə hərəkətdə olarkən yenidən mühərrik işiğı yanmağa başlamış və dəhal sonra mühərrik fəaliyyətini tamamilə dayandırmışdır. Avtomobili təxliyyə vasitəsi ilə cavabdehin yanına gətirmiş, o, mühərriki təkrarən müayinə etdikdən sonra yağ kəfkirinin və karterin tutulduğunu bildirmiş və bu səbəbdəndə mühərrik fəaliyyətini dayandırdığını qeyd etmişdir. Onun tərəfindən mühərrik təmamilə xırda detallaradək sökülmüşdür. Hazırkı qüsurun mühərrikin ilkin müayinəsi zamanı müəyyən etməməsinə isə cavabdeh aydınlıq gətirə bilməmişdir. Cavabdeh öz təqsiri üzündən avtomobilin sıradan çıxmış mühərrikini öz vəsaiti hesabına təmir edəcəyinə söz vermiş, təmirə görə avtomobil onun yanında saxlanılmışdır. O, maşının 500-600 manat xərci olacağını bildirmişdir. Bir müddət sonra avtomobili götürməyə gələrkən arxa şüşəsinin sındığını və mühərrikin isə təmir olunmadığını görmüş, baş verənlərin aradan qaldırılmasını tələb etsə də cavabdeh bundan imtina edərək vədinə əməl etməmişdir. Hazırda maşın profilaktik vəziyyətdədir. Bundan sonra, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmiş, müvafiq araşdırma aparılaraq cavabdehin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilmişdir. Cavabdeh təqsiri üzündən avtomobilin sıradan çıxmış arxa şüşəsini və mühərrikini təmir etmədiyindən avtomobilin şüşəsi və mühərriki onun vəsaiti hesabına təmir edilməli və ya vurulan ziyan məbləği müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 31.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, Cavabdeh sülh yolu ilə işi bağlamaq istəmədiyini və onunla danışığa gəlmədiyini bildirərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun yanına gələndə 1 saat əvvəl motorun təzyiqinin aşağı düşdüyünü və buna görə də maşının motoruna baxmasını istəmişdir. O, maşına baxıb təzyiqinin yerində olduğunu, həmin təzyiq məsələsinin datçikə görə yarandığını bildirmişdir. Onların arasında bu söhbət saat 11-12 arası olmuş, onun yanında başqa müştəri olduğu üçün ona yenidən axşam gəlməsini bildirmişdir. Lakin iddiaçı axşam onun yanına gəlmədən sabahı gün maşınla yola çıxmış və səhər saatlarında təxminən 8-9 arasında ona zəng edərək maşının yolda qaldığını və evakuatorla yanına gəldiyini bildirdi. İddiaçı maşını yanına gətirdikdə ilk əvvəl maşını birlikdə düzəltməyi təklif etmiş, lakin maşını sökdükdən sonra maşını bu vəziyyətə gəlməyinə səbəbin guya o olduğu üçün bütün təmirin onun hesabına olmalı olduğunu bildirdi. O, bu zaman maşını birlikdə düzəltməyi təklif etsə də, iddiaçı həmin vaxt onunla heç bir kompromisə gəlmədi və maşın artıq 4 ay olar ki, onun işlədiyi servisin həyətindədir. Bundan əlavə, maşın onun yanına gətiriləndə arxa şüşəsində çat var idi və maşın servisdə yerə qoyulan zaman arxa şüşə tamamilə çartladı. Lakin buna baxmayaraq hadisə onun servisində baş verdiyi üçün o, yeni şüşə alaraq Ağamirzəyə təhvil vermiş və o da şüşəni maşına yerləşdirmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdikləri şər və böhtandır. İddiaçıya məxsus maşın 2009-cu ilin maşınıdır. İddiaçı maşını ilə gələrək maşınında problem olduğunu bildirmiş, cavabdeh isə maşına baxaraq onun datçik, filtr və ya yağında problem ola biləcəyini, hazırda əlində işinin olduğunu maşına yalnız axşam baxa biləcəyini bildirmişdir. Cavabdeh maşında heç bir təmir işi etməmiş və bunun üçün də iddiaçıdan heç bir ödəniş almamışdır. Həmin axşam İddiaçı onun yanına gəlməmiş, sabahı gün isə Astaraya gedəndə maşınında nasazlıq yaranmışdır. Bu zaman o, zəng edərək Cavidə onun necə usta olduğunu, maşını təmir edə bilmədiyini demiş və Cavidə qulaq asmadan telefonu söndürmüşdür. Sonra iddiaçı bu məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə şikayət etmiş, polis bölməsinin təhqiqatçısı cavabdehi bölməyə dəvət edərək izahatını almış və onunla əlaqəli heç bir məsələ olmadığını bildirmişdir. Sonra iddiaçı maşını gətirib cavabdehin işlədiyi yerə qoymuş və onu təmir etmədən götürməyəcəyini bildirmişdir. İddiaçı İcra Baş İdarəsinin Astara şöbəsində icra məmurudur. Cavabdeh bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə ərizə ilə müraciət etmiş və onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun müraciətinə baxılması üçün Lənkəran Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Həmçinin onlara məlum oldu ki, iddiaçı ilə bağlı bu kimi bir çox şikayətlər də var. Cavabdeh polis bölməsindəki izahatında qeyd edib ki, maşının şüşəsi sınıb, bunu isə iddiaçı ilə öz aralarında həll ediblər. Həmçinin, onlarda olan məlumata görə iddiaçının sürücülük vəsiqəsi yoxdur, bu səbəbdən maşını gəlib götürə bilmir. Məsələ bu yerə kimi gəlibsə iddiaçı özü maşını düzəltdirməlidir. Onlar bu barədə Regional icra və probasiya şöbəsinə müraciət edərək, maşını aparmalarını bildirsələr də, müraciətə baxılmayıb. Bundan əlavə, maşın Cavidin yanına gətiriləndə arxa şüşəsində çat var imiş və maşın servisdə yerə qoyulan zaman arxa şüşə tamamilə çartlamışdır. Lakin buna baxmayaraq hadisə Cavidin servisində baş verdiyi üçün o, yeni şüşə alaraq Ağamirzəyə təhvil vermiş və Ağamirzə də şüşəni maşına yerləşdirmişdir. Bu məsələ ilə əlaqəli iş polisdə olmuş və inzibati qaydada 100 manat məbləğində cərimə təyin edilib. Onlar isə həmin qərardan şikayət veriblər. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 17.03.2009-cu il tarixdə verilmiş AB seriyalı 303137 №-li “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Vaz 21074” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. 27.02.2021-ci il tarixli ƏN- Vİİ seriyalı 626987 №-li baş etibarnamədən görünür ki, X3 “Vaz 21074” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə İddiaçı səlahiyyətlər vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Tərlan Mayılovun 03 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində AR.İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, 23.04.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş Talıbov X1 RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 03.04.2021ci il tarixdə baş etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı **-FB-*** D.N.N.-lı avtomobilin mühərrikinin yağının işığı yandığına görə həmişə yağ dəyişdirdiyi Zabrat qəsəbəsində işləyən Cavid adlı mühərrik ustasının servisinə getmiş və ona mühərrikin yağının işığının yandığını demiş, Cavid adlı usta mühərrikin yağını və filterini dəyişərək bundan sonra yenədə işıq yanarsa problemin yağın göstəricisində olduğunu və işıq yansa belə sürülməyində heç bir problemin olmadığını demiş, 05.04.2021-ci il tarixdə rayona gedərkən yolda yenidən mühərrikin yağının işığı yanmış və mühərrikin fəaliyyəti dayanmış, o, evakuatordan istifadə edərək avtomobili Bakı şəhərində Cavidin işlədiyi servisə gətirmiş və baş vermiş hadisədə onu günahlandırmışdır. Cavid mühərriki açdıqdan sonra mühərrikin kəfgirinin tutulduğunu demiş və o, avtomobili Cavidin yanında qoyaraq yenidən rayona getmişdir. Sonradan avtomobilin vəziyyəti ilə maraqlanmaq üçün Cavidin yanına gəldikdə avtomobilin arxa şüşəsinin Cavid tərəfindən sındırıldığını aşkar etmişdir. Bundan sonra dəfələrlə Caviddən ona dəymiş ziyanı ödəməsini xahiş etsə də Cavid bundan boyun qaçırmışdır. Ümumilikdə mühərrikin sıradan çıxması nəticəsində ona 1200 (bir min iki yüz) AZN, arxa şüşənin sındırılması nəticəsində isə 100 (bir yüz) AZN maddi ziyan dəymişdir. Material üzrə izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığında icarəyə götürdüyü avtoservisdə çilingər-mühərrikçi vəzifəsində çalışır. 2021-ci ilin aprel ayının əvvəllərində müştəri qismində tanıdığı İddiaçı servisə gələrək idarə etdiyi “Vaz 2107” markalı avtomobilin mühərrikinin yağının işığının yandığını demiş, o, mühərrikə baxan zaman işıq yanmamış, həmin vaxt yarım saat gözləmiş, işıq yenə də yanmamış, buna görə də diaqnoz qoya bilməmişdir. O, bu problemin müxtəlif səbəblərdən baş verə biləcəyini, yalnız işıq təkrar yandıqdan sonra nə səbəbdən baş verdiyini deyə biləcəyini izah etmiş, bundan sonra Ağamirzə hal-hazırda işinin olduğunu, avtomobili bir qədər sürdükdən sonra işıq yandığı halda onun yanına gələcəyini deyərək avtomobili sürüb oradan getmişdir. Gedərkən axşam saatlarında yanına gələcəyini bildirsədə, lakin, gəlməmişdir. Növbəti gün saat 08:30 radələrində Ağamirzə ona zəng edərək rayona gedərkən yolda avtomobilin mühərrikinin yağının işığının yenidən yandığını və mühərrikin sıradan çıxdığını demiş, o, sonuncuya bu məsələnin telefon söhbəti olmadığını deyərək avrtomobil ilə birlikdə servisə yaxınlaşmağı təklif etmiş etmiş, həmin gün saat təxminən 11-12 radələrində Ağamirzə evakuator vasitəsi ilə avtomobili onun yanına gətirmiş, o, avtomobilə baxdıqdan sonra mühərrikin sıradan çıxdığını müəyyən etmiş və bu barədə onun özünə məlumat vermişdir. Bundan sonra Ağamirzə baş vermiş hadisə də onu günahlandırmağa başlamış, lakin, Ağamirzə həmin gün axşam saatlarında onun yanına gəlsə maşına dəqiq baxıb müayinə edərək diaqnoz qoyacaqdı, çünki, Ağamirzə səhər saatlarında onun yanına gələrkən əlində başqa iş olmuşdur. Avtomobil servisdə olarkən arxa şüşəsi sınmış, lakin, həmin şüşəni o sındırmamışdır. Ağamirzənin onun barəsində dedikləri yalandır. Lakin, hadisə onun servisində baş verdiyinə görə bu problemi aradan qaldırmaq üçün həmin şüşənin yenisini alıb verməyə hazırdır. "xxxx" MMC tərəfindən 05.04.2021-ci il tarixdə verilmiş 780844 №-li mədaxil qəbzindən görünür ki, “Lada 07” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xərc 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsində deylir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə iddiaçı cavabdehlə onun avtomobilinə texniki qulluq göstərmək üçün şifahi razılıq əldə etdiyini, cavabdehin onun avtomobilinin mühərrik yağını və filtrini dəyişdiyini, lakin, həmin ustanın hərəkətsizliyinin, daha doğrusu vaxtında mühərrikə müdaxilə etməməsinin mühərrikin hazırkı vəziyyətə düşməsinə səbəb olduğunu iddia edir. Yuxarıda qeyd edilən normalar və hazırkı işin xüsusiyyətləri iddiaçıdan iki halı sübut etməyi tələb edir: 1. İddiaçı ilə cavabdeh arasında birinciyə məxsus avtomobilin mühərrikindəki nasazlığın aradan qaldırılması ilə bağlı hər hansı razılaşma olubmu və belə razılaşma cavabdeh üçün mühərrikə vaxtında müdaxilə etmək öhdəliyi yaradıbmı? 2. Qeyd edilən razılaşma olubsa, mühərrikin hazırkı vəziyyətə düşməsi ilə cavabdehin ona göstərmiş olduğu hansısa texniki qulluq və ya lazımı hansısa qulluğu vaxtında göstəməməsi arasında səbəb-nəticə əlaqəsi olubmu? İddiaçı qeyd edilən halları təsdiq etmək üçün heç bir sübut təqdim etməyib. Belə olan halda, məhkəmə iddianın rədd edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “zərərin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3667/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3667/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver