Məhkəmə qərarları › İş №2(010)-3677/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3677/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3677/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşağa görə 235 manat ümumilikdə 470 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki; “Cavabdeh ilə xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmuşam. Bizim rəsmi nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009- cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yazıb bildirmək istəyirəm cavabdehin ödədiyi məbləğ bu günki yaşam tərzinə uyğun deyildir. Məsələ orasındadır ki, 2021-ci il tarixdən bəri istər ərzaq məhsulların, istər dərman vəsaitlərinin, istər uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. Mən özüm də uşağı yanında qoymağa adamımın olmaması üçün məcbur olaraq işləmirəm, özümü uşağa baxmağa, onun dünya görüşünün artırılmasına və s. həsr eləmişəm. Mən bu gün istər uşağın, istərsə də özümün tələbatlarımı ödəmək iqtidarında deyiləm. Mənə kəsilən aliment uşağın hər hansı bir tələbatını ödəmir. Bu gün həm mən özüm, həm də övladım atamın himayəsindədir, bu gün biz atamın evində yaşayır və önun çörəyini yeyirik. Lakin hesab edirəm ki, bu yolverilməzdir ki, uşağın atası sağ ikən, sağlam olmuş ikən uşağa nə üçün babası baxmalıdır. Cavabdehdən tutulan alimentin məbləği nəinki onun qida, dərman, geyim, heç məktəbə xərclənən dəftər kitab xərcləri və yol pulusu eləmir. Uşaq dəfələrlə məktəbə getmək üçün atasından yol pulu, məktəb üçün müəyyən xərclərin ödənilməsi üçün pul istəmiş, atası bir qara qəpik ödəməkdən belə imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-2980/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşağa görə 235 manat ümumilikdə 470 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılması zəruridir.”

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

4. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3643/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 678229 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1542 nömrə ilə qeyd edilmişdir.

7. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 678244 nömrəli doğum haqqında surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1548 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşaqların zəruri maddi təminat hüququ. Uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşaqların fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşaqların inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmənin mövqeyi.

19. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onun üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşağı yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

20. Məhkəmə hesab edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

22. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

23. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

24. Miqdarı artırılmış alimentin tutulmasına nə vaxtdan başlanması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş Ali Məhkəmənin Plenum qərarında da qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmə xərci.

25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilməmiş 46.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3284/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, ödənilməmiş 46.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dört yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3284/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 46.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar