Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3686/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “ borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh1 qarşı “ borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə 09 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7368,41 manat əsas borc, 808,24 manat faiz borcu və 429,62 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8606,27 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 12 ay müddətinə 8000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09 oktyabr 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 25 may 2021-ci dək Cavabdeh1 banka 09 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7368,41 manat əsas borc, 808,24 manat faiz borcu və 429,62 manat cərimə borcu olmaqla, cəmi 8606,27 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, ona faiz borcu artıq hesablanmışdır. O, müəyyən ödənişlər etsə də, bank tərəfindən bu ödənişlər tam nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə, MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə, gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.10.2020-ci il tarixli 20-MZ-1-0-268-20 nömrəli kredit müqaviləsindən görünür ki İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24% olmaqla 12 ay müddətinə 8000 manat məbləğində istehlak krediti verilmişdir. İşdə olan 09.10.2020-ci il tarixli 20-MZ-1-0-268-20 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 İddiaçı ASC-yə 09.10.2020-ci il tarixli 20-MZ-1- 0-268-20 nömrəli kredit müqaviləsi üzrə borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 09.10.2020-ci il tarixli 20-MZ-1-0-268-20 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və Cavabdeh1 8000 manat məbləği illik 24 %-lə, 12 ay müddətinə aylıq 756,48 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə borclu, yekun olaraq Banka 8000 manat əsas borc, 1077.71 manat faiz borcu olmaqla, ümumilikdə 9077.71 manat pul ödəməli idi. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 5299,62 manat əsas borc, 561,22 manat faiz borcu, 51.7 manat cərimə borcu olmaqla, cəmi 5912,54 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Cavabdehlərdən tutulacaq məbləğlərlə bağlı isə, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddia tələbində əsas borc məbləği 7368,41 manat göstərilsə də, iddiaçı tərəfindən təqdim edilən sonuncu maliyə arayışında əsas borc məbləği 5299,62 manat göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc məbləği 5299,62 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin faiz borcu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən maliyyə arayışında faiz borcu 561,22 manat göstərilmiş, iddia tələbində 808,24 manat məbləğində faiz borcunun tutulması xahiş etdilmişdir. 09.10.2020-ci il tarixli 20-MZ-1-0- 268-20 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, müqavilə üzrə borclu Cavabdeh1 götürdüyü məbləğ üzrə ümumilikdə 1077,71 manat faiz ödəməli idi. İşin hallarından müəyyən olunduğu kimi, ödənişlər nəzərdə tutulduğu qaydada edilmədiyinə görə Bank məhkəməyə müraciət etmişdir. Bununla belə, tərəflər arasında bağlanan müqavilədə ödənişin gecikdiriləcəyi və ya ödəniş edilməyəcəyi hallara görə daha böyük faiz məbləğinin hesablanmasını nəzərdə tutan razılaşma yoxdur. 1 saylı əlavədən həmçinin o da müəyyən olunur ki, cavabdeh ümumilikdə 757.09 manat faiz üzrə ödənişlər etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 faiz üzrə cəmi ödəməli olduğu məbləğ kimi 1077,71 manat əsas götürülməli, onun bu məbləğdən artıq ödədiyi 757,09 manat çıxılmalı, yerdə qalan faiz məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, faiz məbləği 320.62 manat (1077,71-757,09=320,62) həddində əsaslıdır. Tələbin cərimə borcu hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb edilən cərimə borcu ümumi borca adekvatdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 09.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5299,62 manat məbləğində əsas borc, 320,62 manat faiz, 51,7 manat cərimə borcu olmaqla, cəmi 5671,94 (beş min altı yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 09.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5299,62 manat məbləğində əsas borc, 320,62 manat faiz, 51,7 manat cərimə borcu olmaqla, cəmi 5671,94 (beş min altı yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3686/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3686/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver