Məhkəmə qərarları › İş №2(010)-3692/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3692/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3692/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1991ci il təvəllüdlü Cavabdeh 23 oktyabr 2019-cu il tarixli, MPK5803313 saylı kredit müqaviləsinə əsasən 772 manat əsas borc və müqavilə üzrə hesablanmış 400 manat cərimə borcu və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1204 manat pulun alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 12 ay müddətinə 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1368 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödəniş etmiş və 772 manat borcu qalmışdır. Müqaviləyə əsasən borcalan müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün hər gün 1 faiz ödəməlidir. Cavabdehin iddiaçıya hazırki əsas borcdan əlavə 4400 manat faiz borcu yaranmışdır. Lakin buna baxmayaraq cavabdehdən bu məbləğin 400 manatı tələb edilir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək hazırki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, MPK5803313 saylı borc müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, aylıq 114 manat ödəmək şərtilə 1368 manat dəyərində məişət məhsulu satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 23 oktyabr 2019-cu il tarixli, MPK5803313 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 772 manat qalıq borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə ilə cavabdeh tərəfindən məişət avadanlıqları əldə edilmişdir. İddiaçı tərəfində tələb edilən məbləğin 772 manatı əsas borc şəklində, qalan 400 manatı isə faiz şəklində tələb edilir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, onun iddia edilən qədər borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Hazırkı müqavilədə əldə edilən avadanlıqlara görə faiz ödənilməsi şərti nəzərdə tutulmamışdır. İddiaçı tələbinin faiz məbləği hissəsində müqavilədə nəzərdə tutulmuş qeydə əsaslanır. Müqavilədə nəzərdə tutulmuş qeydə görə borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Məhkəmə hesab edir ki, həmin qeyd mahiyyətinə görə faiz yox, dəbbə (penya) ödənişini nəzərdə tutur. Ona görə də, cavabdehdən tələb edilən 400 manat dəbbə borcu kimi qəbul edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə hesablanmış 400 manat dəbbə puluna münasibətdə qismən əsaslıdır. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan 400 manat cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından onun miqdarı azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sadıkov Nı̇ cat Meydan oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 23 oktyabr 2019-cu il tarixli, MPK5803313 saylı kredit müqaviləsinə əsasən 772 manat əsas borc və 50 manat dəbbə (penya) borcu tutularaq ödənilsin. İş üzrə ödənilmiş 32 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar