Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3693/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cı il tarixli 2(010)-5129/2014 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, uşaq yetkinlik yaşına çatana qədər cavabdeh X2 hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cı il tarixli 2(010)-5129/2014 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, uşaq yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlliləri Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(010)-227/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Təyin olunmuş alimentlə uşağın maddi ehtiyaclarını ödəmək mümkün deyildir. Maddi vəziyyəti qeyri-qənaətbəxşdir. X7 dilində nitq qürusu və nevroloji problemləri olduğu üçün həkim-mütəxəssis yanına aparılaraq xüsusi kurslar keçirilir. Uşaqla "Defektoloq", "Psixoloq" və "Əmək terapiyası" üzrə mütəxəssislər məşğul olur. Bütün bunlar isə ay ərzində ortalama 150-200 manata başa gəlir. Uşağın saxlanması üçün verilən məbləğ hazırda uşağın bugünki tələbatını ödəmir. Bütün bunları nəzərə alıb alimentin məbləğinin artırılması vacibdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2014-cü ilin avqust ayında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay üçün sabit pul məbləğində 250 manat müəyyən edilməlidir. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, oğlunun sağlamlıq imkanlarının məhdud olması ilə əlaqədar 280 manat məbləğində müavinət alır. Uşağının xüsusi kurslarda iştirakı ödənişsiz olsa da, uşağının davranışlarına görə ictimai nəqliyyatdan istifadə edə bilmir, hər dəfə uşağı kurs və müalicə yerlərinə aparmaq üçün taksidən istifadə etməli olur. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməz. Belə ki, özü yenidən ailə qurmuş və iki uşağı vardır. O, uşağının saxlanılması üçün yalnız qanunla müəyyən edilmiş miqdarda aliment ödəyə bilər. O, uşağı ilə görüşmür, müalicəsi ilə də məşğul olmamışdır. Uşağının müalicəsi üçün nə qədər vəsait tələb olunduğundan xəbərsizdi. Məhkəmənin mövqeyi: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-5129/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması barədə” iddiası qismən təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(010)- 227/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2014-cü il tarixindən başlayaraq, hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınması və iddiaçı X6 verilməsi qət edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2009-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə direktor müavini t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş və “uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu qoyulmuşdur. Mediator Ə.Adıgözəlovun “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, mediasiya işi ilə bağlı 08 iyul 2022-ci il tarixə, 14:00-14:30 saatlarına Bakı şəhəri, ünvan 1 ünvanında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin 2(010)-5129/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflərin övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda isə iddiaçı X10 məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən ayda 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı istəyinin mediasiya qaydasında həlli üçün addımlar atmış, lakin nəticə əldə edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zamanda tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil olunur. Uşağın saxlanılması üçün alimentin miqdarına dair məsələ aydınlaşdırılarkən nəzərə alınmalıdır ki, uşağın saxlanması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və iddiaçının uşağa qulluq etməsi alimentin təyin edilməsi üçün diqqətəlayiq haldır. Bu baxımdan, uşağın saxlanılması üçün cavabdehdən tutulacaq aliment miqdarının artırılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına tam uyğundur. Lakin işdən görünür ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. O, iddiasını bu cür əsaslandırır ki, uşağın xəstəliyi ilə əlaqədar yüksək məbləğdə xərc çəkilir və cavabdeh bu xərclərin çəkilməsində iştirak etmir. İddiaçı isə bu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əlavə xərclərə cəlb edilməsinə nail olmaq istəyir. Lakin o, bunun üçün cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbi ilə yox, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi “tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması” ilə şərtləndirilmişdir. Yəni, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı işdən isə tərəflərin ailə və ya maddi vəziyyətində alimentin miqdarının cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan bu qədər yuxarı məbləğdə artırılmasını zəruri edən hər hansı dəyişiklik müəyyən edilməmişdir. Uşağın xəstəliyi ilə əlaqədar çəkilən xərclərlə bağlı iddiaçının arqumentlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi kimi bu xəstəlik “alimentdən əlavə xərc tələb edir”. Yəni, iddiaçı məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də mahiyyət etibarilə o, cavabdehin uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməsini xahiş etmişdir. Bunun üçün isə məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət edilməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi alimentin miqdarının artırılması əsasları ilə valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi əsasları fərqlidir və bu səbəbdən əlavə xərclə bağlı məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Suraxanı rayon məhkəməsinin 2(010)-5129/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-5129/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3693/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3693/2022
03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver