Məhkəmə qərarları › İş №2(010)-3716/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3716/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3716/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 oktyabr 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş ziyanın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə vurulmuş 1176 (bir min yüz yetmiş altı) manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsinin onunla əsaslandırmışdır ki, 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanında yerin üst münbit qatı qazılaraq 84 m3 həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 1176 (min yüz yetmiş altı) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X1 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Beləliklə, 13.10.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh tərəfindən 1176 (min yüz yetmiş altı) manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. 19 oktyabr 202-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməlidir. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 oktyabr 2020-ci il tarixli, 26/3014 saylı məktubuna əsasən Cavabdeh barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi 18.09.2020-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və 14.10.2020-ci il MN № ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi əsasında inzibati qaydada 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmiş və 84 kv m həcmində qumun götürülməsinə görə 1176 (min yüz yetmiş altı) manat məbləğində təbiətə ziyan hesablanmışdır. 14.10.2020-ci il MN № ******* nömrəli qərarın təsdiq olunmuş surəti icra üçün göndərilmiş və cərimənin qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə hesaba köçürülməsi vəzifəsi izah edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericiliklə müəyyən olunmüş qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim edilməsi barədə xəbərdar edilmişdir. 18 sentyabr 2020-ci il tarixli 63697 saylı akta əsasən Cavabdeh tərəfindən Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanında yerin üst münbit qatı qazılaraq 84 m3 həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə ziyan vurulmuşdur. 18 sentyabr 2020-ci il tarixli 63697 saylı akta əsasən ziyanın hesablanması cədvəlinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 saylı qərarına əsasən 84 kub m həcmində olan qumun qanunsuz işlədilməsi nəticəsində dəymiş ziyan 1176 manat təşkil edilməsi müəyyən edilmişdir. 14.10.2020-ci il MN № ******* nömrəli qərarı Cavabdeh 12 sentyabr 2020-ci il tarixində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 84 kub m həcmində qanunsuz olaraq qum daşınması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, əsasında inzibati qaydada 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmiş və 84 kub m həcmində qumun götürülməsinə görə 1176 (min yüz yetmiş altı) manat məbləğində təbiətə ziyan hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 78-ci maddəsində və “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu, hər bir kəsin vəzifəsi hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında" qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. “Yerin təki haqqında” Azərbaycan Respublikası qanununun 46-cı maddəsinə əsasən Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər bu hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və X1 üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Həmin Qanunun 47-ci madəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir.Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşdən olan materiallarında və həmçinin tərəfərin izahatlarında, təqdim edilmiş sənədlərinə əsasən də hər 3 əsasın mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanında yerin üst münbit qatı qazılaraq 84 m3 həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 1176 (min yüz yetmiş altı) manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə" əsasən qumun qanunsuz götürülməsi zamanı hər 1 kub m üçün təbiətə dəymiş ziyanın məbləği 20 manat təşkil edir. Bu qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı tətbiq edilir. Beləliklə, vurulmuş ziyan 84 kub m x0,7x20=1176 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdedən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş ziyanın tutulmasına dair iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 1176 (bir min bir yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar