Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3724/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 8090 manat məbləğində pul vəsaitinin, 1000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 137.18 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 2023-cü ilin yaz aylarında borca pul istəmiş, o da cavabdehi tanıdığı və inandığı üçün xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 8090 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh pulu xx.xx.2023-cü il tarixindən başlayaraq 30 mart 2024-cü il tarixinədək hər ayın 30-u tarixində aylıq 462.72 manat, yalnız 30 sentyabr 2023cü il tarixində 3000.8 manat ona notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürsə də, indiyə kimi borcunu qaytarmır. Dəfələrlə cavabdehə pulun alınması ilə bağlı müraciətləri olsa da, ondan pulunu ala bilmir. Ona görə də, məhkəmədə iddia qaldırır. Bundan başqa, o, cavabdehdən 1000 manat əldən çıxmış faydanı tələb edir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun oğlu ilə birlikdə Türkiyə Respublikasında təhsil almış, cavabdehlə tanışlığı həmin dövrə təsadüf etmişdir. Cavabdeh ondan borc pul aldıqdan sonra pulu qaytarmayaq onu aldatmış və 3 il müddətində hər hansı ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. İddiaçı (Borcverən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsindən (reyestrdə 3M-122 nömrə ilə qeyd edilmişdir) görünür ki, “Borcverən” “Borcalan”a 8090 manat məbləğində pul borc verir, “Borcalan” krediti xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək hər ayın 30-u tarixində aylıq 462 manat 72 qəpik, yalnız xx.xx.2023-cü il tarixində 3000 manat 08 qəpik “Borcverən”ə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 8090 manat məbləğində pul vəsaiti “572 №-li ALQİ SATQİ MÜQAVİLƏSİNƏ ƏSASƏN ƏSAS MƏBLƏĞ” təyinatı ilə notariusun depozit hesabına mədaxil edilmişdir.
7. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği (8090 manat) barədə məlumat verilmiş, həmin borc məbləğinin və 1000 manat məbləğində əldən çıxmış faydanın 10 (on) gün müddətində geri qaytarılması tələb edilmiş, əks halda inzibati orqanlara şikayətlə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları.
8. İddiaçı (Borcverən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit müqaviləsi (reyestrdə 3M-122 nömrə ilə qeyd edilmişdir) bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, “Borcverən” “Borcalan”a 8090 manat məbləğində pul borc vermiş, “Borcalan” krediti xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək hər ayın 30-u tarixində aylıq 462 manat 72 qəpik, yalnız xx.xx.2023-cü il tarixində 3000 manat 08 qəpik “Borcverən”ə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür.
9. İddiaçı xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh müraciət etmiş, yaranmış borc məbləği və ona uyğun olaraq hesablanmış əldən çıxmış faydanın məbləği barədə məlumat vermiş və həmin andan kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.
Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi 2 hissədən – 1) kredit müqaviləsi üzrə verilmiş əsas borc məbləğinin geri qaytarılması və 2) əldən çıxmış faydanın ödənilməsindən ibarətdir.
16. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit müqaviləsi (reyestrdə 3M-122 nömrə ilə qeyd edilmişdir) bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı 8090 manat məbləğində pulu Cavabdeh borc vermiş, borcalan krediti xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək hər ayın 30-u tarixində aylıq 462 manat 72 qəpik, yalnız xx.xx.2023-cü il tarixində 3000 manat 08 qəpik borcverənə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan müvafiq kredit müqaviləsi üzrə iddiaçı kredit məbləğini cavabdehə verməkdən ibarət vəzifəsini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini dövri olaraq iddiaçıya qaytarmaqla şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş və borcunu qaytarmamışdır. Odur ki, öz üzərinə müəyyən olunmuş öhdəlikləri lazımınca yerinə yetirməyən cavabdeh iddiaçıya vurulmuş zərərə görə mülki məsuliyyət daşıyır. O da qeyd edilməlidir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarından xəbərdar olan cavabdeh iddia tələbinə dair mülahizə və ya etirazını, eləcə də qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
17. İddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Lakin, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin vaxtında və lazımı qaydada geri qaytarılmamasından irəli gələn əldən çıxmış faydanın hansı zərurətdən irəli gəlməsini və tələb edilən məbləğdə pulun hansı qaydada hesablanması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə həmin məbləği cavabdehən tələb etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mötəbərlik və mümkünlük nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
20. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (8090 manat) mütənasib olan hissəsi (100.9 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8090 manat məbləğində borc və 100.9 manat dövlət rüsumu tutulmalıdır.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8090 (səkkiz min doxsan) manat məbləğində borc və 100.9 (yüz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.