Məhkəmə qərarları › İş №2(010)-373/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-373/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-373/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70.000 ABŞ dolları (milli valyuta ilə 119.000 manat) pulun ondan alınıb ödənilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı, qonşusu və tanışı olan Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında ona 2018-ci ilin may ayının 8-də bir dəfəyə 70.000 ABŞ dolları (milli valyuta ilə 119.000 manat) borc pul vermişdir. Cavabdeh iddiaçıdan həmin pulu borc adı ilə inamından və etibarından istifadə edərək istəyib almış və mənimsəmişdir. Cavabdeh iddiaçıdan pul aldığını öz əli ilə yazdığı və imzası ilə təsdiq etdiyi qəbzlə təsdiq etmişdir. O, girov adı ilə ona bir evinin kupça sənədinin surətini vermişdir. Lakin iddiaçı sonradan bilmişdir ki, cavabdeh həmin evi ondan borc alandan sonra satmışdır. İddiaçı, cavabdehin bu əməlləri barədə polis orqanlarına müraciət etmiş, toplanmış material üzrə 22.09.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək mülki qaydada məhkəməyə müraciət etməsi barədə hüquqları izah edilmişdir. İddiaçı, cavabdehin ondan borc adı ilə almış olduğu digər pulları ilə bağlı məhkəməyə müraciət etmiş və onun bununla bağlı iddiası təmin edilmişdir. Belə ki, o, Yasamal rayon məhkəməsində mülki idda qaldırmış və məhkəmə iclaslarına dəfələrlə dəvət edilməsinə baxmayaraq Cavabdeh gəlməmiş və qaçıb gizlənmişdir. Yasamal rayon məhkəməsinin 11.06.2020-ci il tarixli 2(004)-2203/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 11.02.2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 34.680 (otuz dörd min altı yüz səksən) manat pul tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 07.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat, 10.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 11.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat, 14.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 15.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 21.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 29.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 17.000 manat olmaqla, cəmi 238.000 (iki yüz otuz səkkiz min) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bu borc qəbzi ilə iddiaçı ayrıca şəkildə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh, borc müqavilələrini notariat qaydada yox, guya daha etibarlı olan “X1” MMC-nin möhürü ilə təsdiq edəcəyini, MMC-nin hesabında olan pul vəsaiti ilə borcunu tam təminatlı edib qaytaracağını söyləməklə onun inamından və etibarından sui-istifadə etməklə aldatmış və 2018-ci ilin may ayından başlayaraq 272.680 manat milli valyutada, 70.000 ABŞ dollarını isə xarici valyutada almışdır. Lakin Cavabdeh pullarını ələ keçirdikdən sonra müqavilələrdə göstərilən müddətlərə riayət etmədi və pullarını verməmişdir. O, cavabdehdən niyə pullarını qaytarmadığını soruşanda bildirmişdir ki, poliqrafiya materiallarını, yəni kağız, karton, rəng və avadanlıqlarını almaq üçün xarici şirkətlərə köçürmüş, mal-material gəlib sərhəddə gömrükdə ilişib qalmışdır. Onların gömrükdən rüsum ödənilməklə keçirilməsi üçün əlavə pul lazımdır ki, mallar gəlsin və “X1” MMC-nin fəaliyyətinə cəlb olunsun. O, yenə də cavabdehə inanıb bir qədər də ona pul vermişdir. Lakin mallar yenə də gəlib çıxmamışdır. Sonra o, tanışı olan Hüseynqulu Rzayevlə söhbət zamanı bilmişdir ki, Cavabdeh ondan da külli miqdarda borc adı ilə pul almış və qaytarmır. Artıq o, şübhələnmiş və öyrənmişdir ki, pullar “X1” MMC-nin hesabında yoxdur. Pullarını tələb edəndə isə Cavabdeh müxtəlif bəhanələr gətirərək borc adı ilə aldığı pulları qaytarmaqdan yayınmağa başlamışdır. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Cavabdeh bir dəfə də olsun məhkəməyə gəlmədi. Hətta məhkəmə qərarlarından vermiş olduğu şikayətlərində iddiaçıya olan borcundan güya 50.000 manatını ödəmiş olduğunu yazmışdır. Lakin son instansiya olan Azərbaycan Respublkası Ali Məhkəməsinin Mülki Kollegiyası da onun iddiasının təmini barədə əvvəlki instansiyaların çıxarmış olduğu qərarları qüvvəsində saxlanılmışdır. O, Cavabdeh borc 70000 ABŞ dollarını 07.05.2018-ci il tarixdə vermiş və qəbzdə də bu tarix qeyd olunmuşdur. Lakin manatla olan borc müqavilələrinin tarixinə diqqət yetirilsə görmək olar ki, 07 may 2018-ci ildə o, cavabdehə milli valyutada 44.200 manat pul vermişdir. 70000 ABŞ dolları həmin vaxtda qüvvədə olan məzənnə ilə 119.000 manat təşkil edirdi. Hətta həmin tarixdən sonra belə Cavabdeh ondan aldığı borc pullara dair müqavilələri nəzərdən keçirəndə görmək olur ki, 10.05.2018-ci il tarixdə 33150 manat, 11.05.2018-ci il tarixdə 44200 manat, 14.05.2018-ci il tarixdə 33150 manat, 15.05.2018-ci il tarixdə 33150 manat, 21.05.2018-ci il tarixdə 33125 manat, 29.05.2018-ci il tarixdə 17000 manat olmaqla “X1” MMC-nin direktoru Cavabdeh həmin dövrdə cəmi 238.000 manat milli valyutada borc pul vermişdir. 11.02.2019-cu il tarixdə isə ona son olaraq 34680 manat borc pul vermiş və ümumilikdə Cavabdeh onu aldadıb 272.680 manat pulunu ələ keçirmişdir. Həmin müqavilələrin heç birinin cəmi milli valyutada 119.000 manat təşkil etmir, yəni 07.05.2018-ci il tarixli müqavilənin məbləği cəmi 44.200 manat təşkil edir. Hətta həmin tarixə yaxın digər müqavilələrin məbləğlərini də toplasa 119.000 manat təşkil etmir. İstənilən 1,2,3 və s. müqavilələrin məbləğlərinin cəmi də 119.000 manata uyğun gəlmir. Nəsimi rayon Məhkəməsində onun Cavabdeh qarşı olan mülki iddiasına baxıldığı zaman iddianın təmini tədbiri kimi onun ünvan 1 ünvanda olan yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı izahatında bildirdi ki, 70000 ABŞ dolları məbləğində borcu əvvəllər tələb etməməsinin səbəbi qəbzi uzun müddət tapa bilməməsi ilə bağlıdır. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, iddiaçı Tofiq İsakoviçin Cavabdeh qarşı irəli sürdüyü tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı T.İsakoviçin iddia ərizəsində istinad etdiyi Yasamal Rayon Məhkəməsinin 2(005)-2203/2020 saylı 11.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, onunla cavabdeh “X2” MMC-nin baş direktoru Talıbov Həsən oğlu arasında bağlanmış 07.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 07.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat, 10.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 10.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat, 11.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 11.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat, 14.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 14.08.2018-ci il tarixədək qaytarmaq ilə 33.150 manat, 15.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 15.08.2018-ci ilədək qaytarmaq şərti ilə 33.150 manat, 21.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 21.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat, 29.05.2018-ci il tarixli borc aviləsinə əsasən 29.06.2018ci il tarixədək qaytarmaq şərti ilə 17.000 manat olmaqla, cəmi 7 ədəd borc müqaviləsi üzrə 07.05.2018-29.05.2018-ci il tarixədək olan müddətdə «Kövsər Nəşriyyat-Poliqrafiya” MMC-yə ümumilikdə 238.000 manat, Cavabdeh arasında bağlanmış 11.02.2019-cu il tarixli borc müqaviləsinə isə 28.02.2019-cu il tarixədək qaytarmaq ilə 34.680 manat borc vermişdir. T.İsakoviç Cavabdeh 07.05.2018-ci il tarixdən 29.05.2018-ci ilədək olan müddətdə cəmi 238.000 manat, 11.02.2019-cu il tarixdə isə 34.680 manat borc vermişdir. Həmin borcların verilməsi isə tərəflər arasında müqavilələr şəklində rəsmiləşdirilmiş və bu müqavilələri hər iki tərəf imzalamışdır. İddiaçının hazırki iddiasının əsasını təşkil edən 07.05.2018-ci il tarixli qəbzin məzmunundan görünür ki, Cavabdeh iddiaçı T.İsakoviçdən əvvəllər aldığı və müqavilə şəklində rəsmilləşdirdiyi borcun təminatı kimi hazırki qəbzlə özünə məxsus mənzilin sənədini iddiaçıya verir. Hazırki qəbz Cavabdeh tərəfindən alınmış və artıq məhkəmə qətnaməsi ilə tutulmuş borcun təminatı olaraq iddiaçının təklifi ilə verilmiş qəbzdr. İddiaçı T.İsakoviçin özü də Cavabdeh barəsində şikayət ərizəsi ilə polis orqanlarına müraciət edərkən nə şikayət ərizəsində, nə də ki, həmin şikayət əsasında aparılmış araşdırma zamanı verdiyi izahatlarda 07.05.2018-ci il tarixli qəbzə istinad etməmişdir. Borc tələbi barədə uzun müddət gedən məhkəmə mübahisələri zamanı da iddiaçı İsakoviç 07.05.2018-ci il tarixli qəbz barəsində nə yazılı, nə də şifahi izahatlarında bir kəlmə olsun söhbət açmamışdır. İddiaçının Cavabdeh 07.05.2018-ci il tarixdən 29.05.2018-ci il tarixədək olan müddətdə verdiyi cəmi 238.000 manat, 11.02.2019-cu il tarixdə isə 34.680 ınat borcla bağlı məhkəməyə müraciət etməsi və bu zaman eyni müddətə aid güya alınmış 70.000 ABŞ dolları borcu tələb etməməsi məntiqsizdir və inandırıcı deyil. İddiaçı T.İsakoviçin hazırki iddianı irəli sürməsi ilə iddiaçı T.İsakoviçin Cavabdeh əlavə pul “qopartmaq” niyyətində olması açıq-aşkardır. T.İsakoviçin hazırda tələb etdiyi 70.000 ABŞ dolları məbləğində pul 272.680 manatdan əlavə borc olsaydı, polis orqanına və ya məhkəməyə müraciət edərkən, 272.680 manatdan başqa, 70.000 ABŞ dolları məbləğində pulu da Cavabdeh tələb edərdi. Cavabdeh X3 iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə hazırki iddiasının əsassız olması barədə dəlilləri iddia ərizəsinə etirazda ətraflı yazılmışdır. Həmçinin hesab edir ki, İddiaçı cavabdehə qarşı pul tələbi barədə hazırki iddiası həm də iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Belə ki, iddiaçının istinad etdiyi 07.05.2018-ci il tarixli qəbz tərəflər arasında bağlanmış borc müqaviləsi deyil, bu qəbz Cavabdeh tərəfindən alınmış və artıq məhkəmə qətnaməsi ilə tutulmuş borcun təminatı olaraq iddiaçının təklifi ilə yazılmış qəbzdir. İddiaçı məhkəmələrə verdiyi izahatlarında da təsdiq etmişdir ki, onun tərəfindən cavabdehə borc 1 aydan artıq olmayan müddətə vermişdir. İddiaçı hazırki iddia ərizəsi ilə 05.11.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə vaxtında müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: Yasamal rayon məhkəməsinin 11.06.2020-ci il tarixli 2(004)-2203/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 11.02.2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 34.680 (otuz dörd min altı yüz səksən) manat pul tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 07.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat, 10.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat; 11.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat, 14.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 15.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 21.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat, 29.05.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 17.000 manat olmaqla, cəmi 238.000 (iki yüz otuz səkkiz min) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Nəsimi rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi Z.Əliyevin 22.09.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 251A, mənzil 246-da yaşayan İddiaçı Nəsimi RPİ-yə ərizə ilə müraciət edərək, qonşusu və tanışı olan Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına qədər olan müddət ərzində hissə-hissə ümumilikdə 273.680 manat borc pul verməsini, Cavabdeh həmin pulları direktoru olduğu "xxxx" MMC-nin kommersiya fəaliyyətini canlandırmaq və əlavə qazanc əldə etmək məqsədi güddüyünü bildirərək ondan borc adı ilə inam və etibarından istifadə edib alaraq mənimsəməsini, ondan aldığı pula görə yalançı borc müqavilələrini imzası ilə təsdiq etməsini, hazırda pulu qaytarmaqdan imtina etməsini və müxtəlif bəhanələr gətirərək gizlənməsini bildirərək, Cavabdeh barəsində qanuni tədbir görülərək, cinayət məsuliyətinə cəlb edilməsini və dəymiş ziyanın ödənilməsinə kömək olunmasını xahiş etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/1484 №-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh imzası və "xxxx" MMC-nin möhürü vurulmuş qəbzlə müəyyən olunur ki, Cavabdeh İddiaçı 70000 (yetmiş min dollar) məbləğində borc almışdır. Qarant olaraq müqavilə bağlamış və mənzlinin kupçasını ona vermişdir. Bakı Apellyasiya məhkəməsinin MK-nın 2(103)-872/2021 saylı 25.02.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Yasamal rayon məhkəməsinin hazırki iş üzrə 11.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.10.2021-ci il tarixli 2(102)- 4511/2021 saylı qərarından müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya məhkəməsi MK-nın 2(103)-872/2021 nömrəli iş üzrə 25.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 251a mənzil 11 Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1475 nömrəli reyestr kitabının 134696 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında dostluq münasibətləri olmuş və 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə və onun rəhbəri olduğu "xxxx" MMC-yə bir neçə dəfə borc pul verilmiş və həmin məbləğlər kredit müqaviləsi şəklində rəsmiləşdirilmişdir. İddiaçı qeyd edilən borc məbləğlərinin alınması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında iddiası təmin olunmuşdur. Hazırda iddiaçı 2018-ci ilin may ayında cavabdehə 70000 ABŞ dolları məbləğində borc pul verdiyini və həmin məbləği əvvəllər tələb etmədiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir və bunu cavabdeh tərəfindən 07.05.2018-ci il tarixdə imzalanmış "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbz vasitəsilə rəsmiləşdirmələri ilə əsaslandırır. Cavabdeh iddia tələbini qəbul etmir və bildirir ki, qeyd edilən qəbz vasitəsilə o, iddiaçıdan aldığı və məhkəmə qətnaməsi əsasında ondan tutulmuş borcun təminatı olaraq evinin sənədini iddiaçıya verməsini və bunun qəbzin məzmunundan aydın olması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış borc müqaviləsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin hazırkı iş üzrə tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının cavabdehə borc olaraq pul verməsi öz təsdiqini tapmır. Belə ki, iş tərəflər arasında daha əvvəl borc tələbinə dair məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli 2(004)- 2203/2020 saylı qətnaməsi ilə Cavabdeh və onun rəhbəri olduğu "xxxx" MMC-dən 11.02.2019-cu il tarixli, 07.05.2018-ci il tarixli, 10.05.2018-ci il tarixli, 11.05.2018-ci il tarixli, 14.05.2018-ci il tarixli, 15.05.2018-ci il tarixli kredit müqavilələri üzrə ümumilikdə cəmi 238000 manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iş materiallarına əlavə edilmiş 07.05.2018-ci il tarixli qəbzi tapa bilməməsi və bu səbəbdən nə polis orqanlarına, nə də məhkəməyə müraciət edərkən iddia etdiyi müqavilə üzrə 70000 ABŞ dolları məbləğində borcunu tələb etməməsi barədə dəlilləri inandırıcı deyildir və iddiaçı bunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi və iddiasının əsasını təşkil edən 07.05.2018-ci il tarixli qəbzin məzmunundan cavabdehin iddiaçıdan borc pul aldığı yox, aldığı borcun əvəzində evini girov qoyması müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında borc münasibətlərinin olmasını formal mülahizələrlə əsaslandırsa da, məhkəməyə bunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə müəyyən edir ki, cavabdeh X3 yazılı ərizə verərək hazırki tələbə iddia müddətinin tətbiq edilməsini istəmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi 07.05.2018-ci il tarixli qəbz tərəflər arasında bağlanmış borc müqaviləsi deyil, bu qəbz Cavabdeh tərəfindən alınmış və artıq məhkəmə qətnaməsi ilə tutulmuş borcun təminatı olaraq iddiaçının təklifi ilə yazılmış qəbzdir. İddiaçı məhkəmələrə verdiyi izahatlarında da təsdiq etmişdir ki, onun tərəfindən cavabdehə borc 1 aydan artıq olmayan müddətə vermişdir. İddiaçı hazırki iddia ərizəsi ilə 05.11.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 3 illik “iddia müddəti”nin tətbiqi prinsipi müqavilə münasibətlərinə aid olduğundan, tərəflər arasında isə 70000 ABŞ dollarına dair borc münasibətinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığından cavabdehin sözügedən vəsatəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar