Məhkəmə qərarları › İş №2(010)-3735/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3735/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3735/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı (bundan sonrakı mətndə İddiaçı MMC) borclu Cavabdeh qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyrinə 229 ABŞ dolları əsas, 350 ABŞ dolları cərimə borcu, cəmi 649 ABŞ dolları borcun və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-2562/2010 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. Borclu Cavabdeh ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2010-cu il tarixli, 2(010)-2562/2010 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 2(010)-2562/2010 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, borclu Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə bağlanmış MON 4351 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 348 USD olan “Nokia” “2 sim kart Vertu” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 49 USD ödəmiş, ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, “nokia” markalı telefon götürməmiş, həmçinin telefonun məbləği 348 dollar olmamışdır. Çünki 2009cu il tarixdə “star gsm” mağazasında ümumiyyətlə həmin qiymətə telefonun olması mümkün deyil. Belə ki, o, telefonu aldıqdan sonra dəfələrlə problemlər yaranmış və təmir üçün geri vermişdir. Ondan sonra isə həbsə düşdüyü üçün telefonu və ya onun pulunu geri ala bilməmişdir. Bütün bunlara baxmayaraq o qeyd etdi ki, borc məbləği dollarla olduğu üçün əvvəlki kursla olsa daha yaxşı olardı. Çünki o, 300 manat maaş alır və həmçinin gözdən əlil anasına baxır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli MON 4351 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 348 USD olan “2 sim kart Vertu” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “2 sim kart Vertu” markalı 1 ədəd mobil telefonu təhvil almışdır. Ödəniş cədvəlinə Cavabdeh 49 ABŞ dolları ilkin ödəniş etmiş və 299 ABŞ dolları borcu qalmışdır. xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 299 ABŞ dolları əsas borcun tutulması barədə tələblər əsaslıdır, lakin müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 350 ABŞ dolları dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq hər üç müqavilə üzrə 5 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 299 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 304 ABŞ dolları məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi İddiaçı özünə aid edilməli və Cavabdeh dövlət nəfinə 20 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 299 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 304 (üç yüz dörd) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə)məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi İddiaçı özünə aid edilsin. Cavabdeh dövlət nəfinə 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar